Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Oqtay Gülalıyevin oğulları xuliqanlıqda ittiham oluna bilər


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

-

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Birliyinin koordinatoru Oqtay Gülalıyev və iki oğlu noyabrın 28-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

O, AzadlıqRadiosuna deyib ki, bu haqda ona bir gün öncə gecə saatlarında bildiriş veriblər və saat 11-də BŞBPİ-nin ağır cinayətlər şöbəsində olmasını istəyiblər.

- Səhər saatlarında polislər gəldi və onların müşayiəti ilə şöbəyə getdik. Müstəntiq bizi qəbul etdi. Bizdən başqa ora dörd nəfər gətirilmişdi. Onların ikisi ana və oğul idi. Digər iki nəfər bizim NZS qəsəbəsində yaşayan cavan uşaqlar idi. Tanıdığım, qonşuluqda yaşayan insanlardır. Müstəntiqin dediyinə görə, guya 2013-cü ildə prezident seçkisi ərəfəsində kimisə döyüblər, bizim uşaqlar da orda iştirak ediblər və kiməsə xəsarət yetiriblər. Amma onların dördü də dedi ki, bizim uşaqlar dalaşmayıblar, heç kimə xəsarət yetirməyiblər. Hiss olundu ki, qurama işdir. Şikayətçilər də dedi ki, bizi bu insanlarla niyə üz-üzə qoyursunuz. Müstəntiqsə onlara təzyiq edirdi ki, şikayətçi olsunlar. Mən də ona bunun qanunsuz olduğunu bildirdim. Həmin insanlar şikayətçi olmadılar, münasibətlərimizin normal olduğunu bildirdilər. Bunu izahatlarında da, üzləşmə, istintaq hərəkətində də qeyd etdilər.

- Nə qədər oldunuz şöbədə?

- Üç saata yaxın orda olduq, izahat verdik. Uşaqlar azyaşlı olduqları üçün mən də qanuni nümayəndə kimi orda iştirak etdim. Bizə xəbərdarlıq edildi ki, şəhəri tərk etməyək, yenidən çağıracaqlar. Belə başa düşdüm ki, bizim uşaqlara qarşı cinayət işi açmaq istəyirlər. Hətta konkret maddənin adını da dedilər, 221.2 – xuliqanlıq maddəsi ilə. Baxmayaraq ki, ortada fakt, sübut yoxdur, şikayətçi yoxdur. Açıq-aşkar qərəz, qondarma işdir. İnsanlara nahaq əziyyət verirlər.

- Sizin dediyiniz kimi, ortada fakt-sübut, şikayətçi yoxdursa, niyə dəvət ediblər, məqsəd nədir? İctimai fəaliyyətinizlə bağlıdır?

- Mən geniş ictimai-siyasi fəaliyyətlə məşğul deyiləm. Ancaq görünür, artıq bəzi insanların mövcudluğu belə arzuolunmazdır. Mənə görə uşaqlarımı incidirlər, qonşularımı incidirlər, mənə qarşı şikayətçi etmək istəyirlər. Sözün bitdiyi yerdir, nə demək olar? Arzuolunmaz vəziyyətdir.

- Hansı addımları atacaqsınız?

- Vəkillərimlə məsləhətləşəcəyəm. Nəticəsinə inanmasam belə, dövlət qurumlarına müraciət etməyi düşünürəm.

Bu, Oqtay Gülalıyevin oğulları ilə bağlı ilk insident deyil. Ötən il sentyabrın 24-də onun 17 yaşlı oğlu Əli Gülalıyevi təhsil aldığı orta məktəbdə 3-4 nəfər döymüş və daha sonra bıçaqlamışdı.

Oqtay Gülalıyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Ancaq sonradan məlum olmuşdu ki, orta məktəbin şagirdlərindən biri Əli Gülalıyevin onu döyməsi ilə bağlı şikayət edib. Bu şikayət əsasında 2014-cü il oktyabrın 30-da Xətai rayon Məhkəməsi Əli Gülalıyev haqqında 6 aylıq şərti cəza qərarı çıxarmışdı.

Oqtay Gülalıyev oğluna qarşı qaldırılan iddianı özünün siyasi fəaliyyəti ilə əlaqələndirmişdi.

Daxili İşlər Nazirliyi isə baş verənləri xuliqanlıq adlandırmış və məsələni siyasiləşdirməməyə çağırmışdı.

Oqtay Gülalıyev özü isə 2012-ci ilin aprelində Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların ədalətli bölünməsi tələbilə keçən etirazlardan sonra həbs edilmişdi. Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülmüşdü. Ancaq bir neçə aydan sonra o, məhkəmə zalında sərbəst buraxılmışdı.

XS
SM
MD
LG