Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:47

Səməndər Viktor Hüqo olası deyil ki, baş onun nəyinə lazımdı?!


Ülviyyə Tahir
Ülviyyə Tahir

- "Ay qardaş, biz aranlıyıq. Biz balıqdan qanmarıq. Bizə lobya, kartof, yumurta, çolpa olsun, söyünək. Kəndçiyə balıq söyüşdü. Ha evə balıq apardın, ha qurbağa, elə hörməti olur insanın arvad uşağın yanında.”

"İntiligent, kitab oxumaq yaxşı şeydi, amma oxuduğun kitabın səhifələrinin arasında qalmaq milçəklərə xas haldı. Qurtul o kitablardan, buralara dön."

Ülviyyə Tahir

Səməndərin başı

(hekayə)

Bu əhvalat baş verənə qədər kəndə çoxlu yağış yağdı. O qədər yağış yağdı ki, intiligent Qiyaz bunu Q.Markesin "Yüz illik tənhalıq” əsərinə aparıb bağladı.

O, Markes dedikcə, kənddəki sonuncu kommunist olan Mürsəl onun Karl Marksdan danışdığını zənn edərək sevinirdi. Sevinirdi ki, axır bu İntiligent haqqın komunizmdən keçdiyini anlayıb.

O, hələ də Leninin şərəfinə qoyduğu o didilmiş kepkasını başından götürərək əlində sıxar, sonra ürəklə çırpar və başına qoyaraq həvəslə komunizmdən danışmağa başlayardı.

İntiligent Qiyaz isə onun qəfil həvəsə düşməyini anlamadan gözlərini buludlardan çəkməz və deyərdi ki, bir gün polkovnikin ümidləri boşa çıxmayacaq.

Yenə həmin o boz günlərdən biri idi. İntiligent Qiyaz əlindəki çubuğu oynada-oynada səmadakı qara buludları süzürdü. Komunist Mürsəl də kolxozlaşma prosessinin necə həyata keçirilməsindən həvəslə danışırdı.

Qiyazın xəyalı uçub getmişdi yeni oxuduğu romanın yanına. Elə bu zaman kəndin ortasında vay-şüvən qopdu.

Qalxan səs-küyə etnasızca qulaq asaraq yenə əlindəki çubuğu oynatmağa başladı. Az sonra insanlar səs gələn tərəfə axın etməyə başladılar.

İntiligent Qiyaz kiminsə öldüyünü zənn edərək tənbəl-tənbəl həmin istiqamətə boylanıb başını buladı.

Axşam düşürdü. Yağış damlaları irilənib göz yaşı damlası kimi Qiyazın yanaqlarında süzüləndə Xəbər Qədir onun yanından yel kimi ötərək qışqırdı: “Ay camaat, xəbəriniz var?... Balıq Səməndərin başı yoxa çıxıb”.

İntiligent Qiyaz bir anlıq xəbəri anlamağa çalışdı. "Necə yəni yoxa çıxıb?! Adamı öldürüblər, yoxsa ölübmüş başı yoxa çıxıb, yoxsa kəsiblər?” özünə min sual yönəldən Qiyaz ora getməyə qərar verdi.

Əlindəki çubuğu kolluğa vızıldadıb Səməndərgilin küçəsinə yollandı. Mürsəl də onun getdiyini görüb ardınca yüyürdü.

Səməndər balıq satırdı. Daimi köhnə Moskiviç markalı maşını uğuldadaraq kəndlərdə balıq satar, eləcə balalarını dolandırardı.

Bəzən sata bilmədiyi balıqları evinə götürüb aparanda arvadının saatlarla danışdığını, balıq yeməkdən birtəhər olduğunu deyərdi.

Həmişə deyərdi: "Ay qardaş, biz aranlıyıq. Biz balıqdan qanmarıq. Bizə lobya, kartof, yumurta, çolpa olsun, söyünək. Kəndçiyə balıq söyüşdü. Ha evə balıq apardın, ha qurbağa, elə hörməti olur insanın arvad uşağın yanında.”

Peşəsindənmi, ya elə Allah yaradan quruluşumu eləydi, Səməndər nərə balığının ağzına bənzəyən ağzını açıb danışanda adamın yadına balıqdan başqa bir şey düşməzdi. İndi Qiyas onlara tərəf getdikcə bu balıqağız Səməndərin başını düşünürdü. Adamın başı yoxa çıxar?

Taxta qapını aralayıb həyətə keçdilər. Yağış torpağı o qədər sulamışdı ki, palçıq az qala insanı sovurub udmaq istəyirdi.

Gələnlərdən, ya da ev sahiblərindən kimsə insafa gəlib evə gedən cığıra bir iki daş atmışdı. Qiyaz ayaqlarını daşların üstünə qoyaraq birtəhər tullana-tullana evə doğru irəlilədi.

Budur insanlar qapının ağzına toplaşmışdılar. Yəqin içəridə adam çox idi ki, onlar qapının ağzında qalmışdılar. Qiyaz onlardan birinin qoluna toxunaraq əli ilə “nə olub?” işarəsi verdi. Adam elə buna bənd imiş kimi başladı sürətlə izahat verməyə:

- Əə, İntiligent, deyirlər bu sabah tezdən Tükəzban yuxudan qalxanda görüb Səməndər çarpayının qırağında oturub. Buna fikir vermədən gedib inəkləri sağmağa. Qayıdanda görüb ki, Səməndər hələ də oturduğu yerdədi. Dönüb gəlib qarşısına baxıb görüb nə?

- Nə? - səbri daralmış Qiyaz onun sözünü kəsdi.

- Deyrəm də dana, səbrin olsun. Hə görüb ki, Səməndərin başı üstündə deyil.

- Əəə, nətəhər oturub? Başını kəsiblər?

- Yox adam budur ey oturub içəridə. Başı yoxdu.Yoxdu qardaşın üstündə başı yoxdur. Yazır camaata bildirir ki, başı elə çiyinlərinin üstündən qopub getdi. İndi ağsaqqal, qarasaqqal oturub müzakirə edirlər ki, bu adamın baş məsələsini nə təhər həll etsinlər.

Qiyaz gülərək:

- Mənim saqqalım yoxdur,amma gedim baxım bəlkə bir əlac tapdıq. Adamın başı qaçar? Nə işdi bu başımıza gəlir - pıçıldadı və adamları aralayıb irəli getdi.

Otaqda bələdiyyə rəisi, kəndin sahə müvəkkili və mollası başda oturmuşdular. Səməndər isə dizlərini qucaqlayıb köhnə sovet dövründən qalma nikel çarpayıda oturmuşdu.

Hər kəs sirkə gətirilmiş ayıya tamaşa edən kimi Səməndərə baxırdı. Qiyaz uzun-uzadı bu səfeh və qorxulu mənzərəni süzüb rütubətdən quzulayıb tökülmüş divara söykəndi.

Səməndərin arvadı Tükəzban sərbəst şəkildə vay şüvən edə bilirdi, çünki ərinin ona hər gözlərini ağardıb tənbeh edəcək başı üstündə yox idi. Tükəzban həyatında ilk dəfə olaraq ərinin başının əhəmiyyətini dərk edirdi.

İllüstrasiya. Balıqçı
İllüstrasiya. Balıqçı

Heç indiyə kimi düşünməmişdi ki, insanın başı nə dərəcədə qoiymətlidi, ya ayağı nə qədər əhəmiyyətlidi.

Allahın göndərdiyi bu nemətləri ayaq-baş edib ömrü yola verirdi.

Səməndər isə başına gələn bu işdən heç baş açmırdı. Gərək dünyanın harda nə əndrəbadi işi var onu tapa. Heç olmasa bu baş yoxa çıxmamış ona bildirəydi. Bildirəydi ki, ay sahibim, gedirəm.

Səməndər qollarını heç harda yer tapmadı qoymağa, nəhayət, dizlərinin üstünə qoyub sakitcə oturdu. Bələdiyyə rəisi boğazını arıtlayaraq seçkilərdən öncə platforma elan edəcəkmiş kimi sözə başladı:

- Bu hadisəni şişirtməyə dəyməz. Səməndər kişi də zamanla alışar başsız yaşamağa. - az qaldı deyə ki, "Əşşi, neynirsən o başı onsuz da balıq tutmaqdan başqa bir şeyə yaramırdı” - birtəhər cümləni dilinin altında əzib - sözlərinə davam etdi - Lazımı orqanlara bildirərik, elə uçaskovı da burdadı. O da lazımi təlimatlar verər. Bu başı axtararıq.

- Xoşqədəmin verlişinə verək bəlkə? - camaatın içində kimsə qışqırdı. Elə o an cavab gəldi həmin kütlənin içindən:

- O verlişdə adam axtarırlar, ancaq baş axtarmırlar.

Bələdiyyə rəisi bu sözləri eşitməyibmiş kimi sözlərinə davam etdi

- Dövlətimiz daim vətəndaşlarının halına qalıb. Biz vətəndaşlarımızın başının da halına qalmayıq. Qalxın gedək bu məsələri idarədə həll edək.

Bələdiyyə rəisi ayağa qalxanda kəndin mollası:

- Son zamanlar belə işlər artır. Ya kiminsə başı qaçır, ya kimsə başını götürüb qaçır. Baxır hansı cəsarətlidi. Bunlar hamısı Allahın cəzasıdı. Özünüzü insan kimi aparmırsınız.

İntiligent Qiyaz daha dözə bilməyib:

- Səməndər Viktor Hüqo olası deyil ki, baş onun nəyinə lazımdı?! Getsin balığını tutub balasını saxlasın. Allahın bura marağı olsaydı, Afrika acından ölməzdi. Başdı da gedib. Bir başla Səməndərə nə olacaq?

Molla:

- İntiligent, kitab oxumaq yaxşı şeydi, amma oxuduğun kitabın səhifələrinin arasında qalmaq milçəklərə xas haldı. Qurtul o kitablardan, buralara dön. Səməndərin başını tapmaq lazımdı. Bu gün onun başı qaçacaq,sabah o birisinin. Məsələlər adiləşəcək, məsələr adiləşəndə isə onlara insanların reaksiyası da adiləşir. Ona görə neynirik, insanın başının halına qalırıq. Onu Viktor Hüqo hesab etmədən yalnız insan olduğu üçün onun qayğısına qalmalıyıq.

İntiligent Qiyaz nifrətlə Mollanı süzərək:

- Başdan hər kəs təyinatı üzrə istifadə etmir. Ona görə də bir çox başlardansa elə olmamağı yaxşıdı - dedi. cümləsini bitirən kimi evdən çıxdı.

Yağış daha da şiddətlənmişdi. İntiligent Qiyaz evlərinə doğru getdikcə əli ilə başını tez-tez yoxlayırdı. Səməndər isə başının hara gedəcəyini düşünürdü.

Hara?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG