27 yaşlı britaniyalı Troy Harrod birinin canavar rəsmli cemperdə çəkdirib sosial şəbəkədə paylaşdığı fotonu “layk” edəndən sonra işdən çıxarılacağını gözləmirmiş.
Bəlkə də rəhbərlik hesab edib ki, kitab ticarətində çalışan Harrod da Facebook-dakı canavar rəsmli cemper geyinənlərə gülən qrupdandır.
Müxtəlif ölkələrdə sosial şəbəkələrdə “layk”, şərh, başqasının statusunu yaymaq ağır nəticələrə gətirib çıxara bilər.
Rusiya
Ekaterinburq şəhərinin 46 yaşlı sakini Yekatirina Voloqjeninovanı ona görə mühakimə ediblər ki, o, “V kontakte” sosial şəbəkəsində Ukraynanın şərqindəki münaqişə ilə bağlı qadağan olunmuş materialı bəyənib və paylaşıb. Prokuror onu xalqlararası münaqişəni qızışdırmaqda ittiham edir. İndi qadını 4 ilə qədər həbs gözləyir.
Bu, Rusiyada ilk hadisə deyil, əvvəllər də adamları yaydıqları materiallara görə cərimə ediblər, saxlayıblar, hətta qiyabi həbs veriblər.
Çeboksar məhkəməsi bir ictimai fəalı baş nazir Medvedyevin fotosunu kollaj etdiyi və altdan “Rus həşəratının ölümü” yazdığı üçün cərimə edilib.
Rusiyada işlər məhkəməyə qədər gedib çıxmasa da, sosial şəbəkə layk ucbatından işini itirənlər olur.
Azərbaycan
Azərbaycan diplomatları arasında Facebookda hakimiyyəti tənqid edən statusu bəyəndiyi üçün işindən qovulan, buna görə ölkəyə qayltmayanlar oldu.
Bundan başqa, Azərbaycanın Ukraynadakı səfiri geri çağrıldı. O, XİN əməkdaşının “xoşagəlməyən” statusunu bəyənənlərdən biri idi. Ancaq məlum deyil ki, bu geri çağrılma onun oğlu ilə bağlı idi, ya yox?
Qırğızıstan
20 yaşlı Abdullo Nurmatov Odnoklassnik sosial şəbəkəsində dini motivli məlumatı bəyənib və bu onu 5 illik həbs cəzası olan ekstremizm ittihamı ilə üzləşdirib.
Vəkili bildirib ki, istintaq onu ekstremist materiallarını saxlamaqla bağlı cinayət işi açıb: "“Layk “ saxlamağa, qorumağa bərabər tutulub”, - vəkil yerli sayta bildirib.
Belarus
Homel şəhərinin ali məktəb məzunlarından biri Vkontakte-də yerləşdirilmiş porno-rolikin altından “Tfu, necə iyrəncdir” şərhini yazıb. Onun barəsində pornomaterialların hazırlanması və yerləşdirilməsi ittihamı ilə cinayət işi açılıb.
Onu 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi, ancaq qız radioaktiv zona təhlükəsi altında yaşamaqla bağlı verilən amnistiyaya düşüb.
Türkiyə
Jurnalist Yaşar Alma ölkə prezidenti Rəcəb Teyyub Ərdoğanı tənqid edən şərhi bəyəndiyi üçün 23 aylıq həbslə üzləşib.
Yaşar Alma yerli mətbuata bildirib ki, yarım saatdan sonra o, “laykı” silib, “amma artıq evimə polis gəlmişdi”, - o deyib.
Türkiyədə təhqirə görə 3 aya qədər həbsdə yatmaq olar. Ancaq hökumət adamlarını təhqir etmək və mətbuatda kimisə təhqir etmək cəza müddətini artıra bilər.
ABŞ
Amerikada “layk” Konstitusiya ilə qorunan ifadə azadlığı sayılır, məsələn, məhkəmə 6 polis əməkdaşı ilə bağlı belə qərar qəbul edib. Onlar şerif seçkilərində öz şeriflərinin rəqibini “layk” ediblər. Şerif qələbəsindən sonra əməkdaşları işdən çıxarmışdı.
Amma heç də “layk” hər zaman ifadə azadlığı sayılmır. “Boston” basketbolçuları oyun zamanı İnstagramda “layk” etdikləri üçün cərimə olunmuşdular. Bu, komandanın qaydalarına ziddir.
Bir radioaparıcı isə keçmiş rəfiqəsinin videosunu bəyəndiyi üçün həbs olunmuşdu. Qadının “müdafiə orderi” vardı, yəni kişinin ona yaxınlaşmaq və ünsiyyət saxlaması qadağan olunmuşdu.