Sürücülər yeni ödənişə etiraza çıxıb
Rusiyada iritonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası təşkil ediblər. Bütün ölkə ərazisində keçən tətil aksiyasına demək olar ki, 20 şəhər qoşulub. Düz bir saat ərzində iritonnajlı yük maşınları yolların qırağına düzülərək minimal sürətlə hərəkət ediblər.
Novosibirsk yaxınlığında federal yolda 300-dən çox yük maşını yolun hər iki kənarı boyu bir kilometrə qədər məsafəni tutub.
Sürücülər yolun hər kilometrinə görə 1,53 rubl ödəniş qaydasına etiraz edirlər.
MTN-nin Əks Kəşfiyyat idarəsinin keçmiş şöbə rəisi həbs olundu
MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
M. Əsgərovun qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.
M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.
Ekspert: "bahalanma davam edəcək"
Dövlət Statistika Komitəsi oktyabrda kənd təsərrüfatı məhsullarının 1,8 faiz bahalaşdığını bildirir.
Statistikaya görə, birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin qiymətləri də bahalaşıb. Göy lobyanın qiyməti isə ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun araşdırmasına görə, rəsmi statistika artan faizi “bir az yumşaldıb”. Onun sözlərinə görə, bazarlarda mütəmadi apardıqları monitorinqlərə görə, kənd təsərrüfatı məhsullarında 5 faizə qədər artım var. O, artımın bir səbəbini mövsümlə bağlayırsa, digər səbəbini də maliyyə vəziyyəti və aqrar sektordakı problemlərlə izah edir: “Artım idxal məhsullarında da müşahidə olunur. Bilirsiz ki, manatın dəyərinin düşəcəyi ehtimalları var. Sahibkarlar da ehtimal edilən zərəri qarşılamaq üçün işlərini ehtiyatlı tuturlar”.
Bu günki AzadlıqLive-da:
Kənd təsərrüfatı məhsulları keçən ay, rəsmi statistikaya görə, 1,8 faiz bahalanıb, ekspert deyir ki, bahalanma daha çoxdur və davam edəcək
Manat "üzə" bilirmi?
İranda televiziya verilişinə etiraza çıxmaq istəyəndə 20-yə yaxın adam tutuldu