Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Salinger'in "Boulinq toplarıyla dolu okean" hekayəsi


J.D.Salinger
J.D.Salinger

- Bu hekayə Kenneth Caulfield'in ölümü haqdadr, Kenneth sonradan "Çovdarlıqda uçurumdan qoruyan" romanında Allie oldu.

J.D. Salinger

Boulinq toplarıyla dolu okean

Tərcümə: Kamran Su

Ayaqqablarının ucları həmişə yuxarı qatlanmış vəziyyətdə olurdu. Anam tez-tez atama Kennetə aldığı ayaqqabıların onun ayaqlarına böyük olduğunu deyər, ya da bəzən tanıdığı adamlardan xahiş edərdi ki, Kennetdən soruşsunlar görək təsadüfən onun ayaqları əyridir, yoxsa necə?

Mənə gəldikdə isə, belə fikirləşirdim ki, Kennetin ayaqları qaydasındadır, sadəcə o, həmişə otların üzərində dayanıb nəyəsə baxmaq üçün qabağa əyildiyinə görə ayaqqabılarının ucları həmişə əzik olur.

Eynilə anam kimi sol tərəfdən ayırdığı və islatmadan daradığı, düz və qızılı saçları var idi. Heç vaxt başına papaq, ya da onun kimi bir şey geyinmədiyi üçün onu lap uzaqdan tanıya bilərdiniz. Bir gün günortadan sonra biz qolf meydançasında Helen Baberzlə ilk oyunumuzu oynayırdıq və mən öz zərbəmi vurmağa hazırlaşırdım.

Bu vaxt hiss etdim ki, əgər elə indicə başımı yuxarı qaldırıb baxsam, Kenneti görəcəm. Əminliklə başımı qaldırdığımda Kennetin bizdən təxminən əlli metr məsafədəki işıq dirəyinin yanında velosipedə söykənərək dayandığını gördüm. Qızılı saçları küləkdən dalğalanırdı…

Solaxaylar üçün nəzərdə tutulmuş beyzbol əlcəyi var idi. Əlcəyinin barmaq uclarından yuxarısına qədər olan hər yerə mürəkkəblə çoxlu şeir yazıb doldurmuşdu.

Meydançada oyun zamanı baş qatmağa bir şey olmayanda, ya da darıxanda bu şeirləri oxumaq adəti idi. On bir yaşı tamam olanda evdəki bütün şeir kitablarını oxuyub bitirmişdi. Ən çox xoşuna gələnlər isə Bleyk və Kitz idi. Kolricə isə əməlli-başlı vurulmuşdu.

J.D. Salinger
J.D. Salinger

Amma bunlar bir il əvvələ qədər olan siyahı idi, çünki bir il əvvələ qədər onun əlcəyinə yazdığı şeirləri ardıcıl olaraq oxuyurdum.

Hələ Fort Diksdə olduğum vaxtlarda kiçik qardaşım Holden qarajda eşələnərkən Kennetin əlcəyini tapmış və mənə göndərdiyi növbəti məktublarında bu barədə yazmışdı.

Holdenin dediklərinə inansaq, o daha öncə bu misralarla heç yerdə rastlaşmamışdı. Brouninqin misraları idi:

“Nifrət edərdim ölümün gözlərimi bağlamasına və gizlənməsinə

Və mənə gizlincə xatirələri əmr etməsinə”.

Nəzərə alsaq ki, bu şeirlər ağır ürək xəstəliyi olan bir uşaq tərəfindən seçilib və bura yazılıb, onları oxumaq həqiqətən kədərli olur.

Beyzbol üçün ürəyi gedirdi. Beyzbol oynamayanda, ya da mən ona vurmaq üçün top atmadığım vaxtlarda, saatlarca beyzbol topunu qarajın əyri damına tərəf vurar və dəyib qayıdan topu tutmağa çalışardı.

Əsas liqadakı bütün oyunçuları adbaad tanıyırdı. Amma heç vaxt mənimlə heç bir beyzbol oyununa getməzdi və axıra qədər də getmədi.

Sadəcə bir dəfə, səkkiz yaşında olarkən birlikdə bir oyuna getmişdik və o da Lu Qehriqin bir oyun ərzində dalbadal iki dəfə vuruş etdiyinə təsadüf etmişdi. Elə o vaxtdan da bir daha heç kimin vuruş etməyini görmək istəmədiyini demişdi.

Yenidən ədəbiyyata qayıdıram və buna heç vəchlə mane ola bilmirəm.

Mətnləri də ən azı şeirlər qədər bəyənərdi, əsas da elmi-fantastikanı. Günün istənilən saatında otağıma gələr və rəfdəki kitablarımın birini götürüb öz otağına gedər və ya balkonda oturub oxuyardı.

Onun nə oxuduğu ilə nadir halda maraqlanardım. O günlərdə yazmağa çalışırdım və ətrafda baş verən şeylərlə daha az maraqlanırdım.

Çox çətin və əzablı məşğuliyyətdir. Bir dəfə rəfdən F.Skott Fitsceraldın “Nəvazişli Gecə” romanını götürdüyünü görmüşdüm.

Bir dəfə də məndən Riçard Hyuzun “Məsum Səyahət” romanı haqqında soruşmuşdu. Ona roman haqqında danışdım, o da oxudu, amma sonralar həmin romanın onun xoşuna gəlib-gəlmədiyini soruşanda təkcə zəlzələnin gözəl bir şey olduğunu və başlanğıcdakı qaradərilidən xoşu gəldiyini dedi.

Başqa bir günsə yenə də kitab rəfimdən Henri Ceymsin “Boltu Fırlatmaq” kitabını götürüb oxuduqdan sonra düz bir həftə evdə heç kimlə danışmadı.

***

Mənim vəziyyətim o qədər də pis deyil.

Amma iyul ayında baş verən o kədərli şənbə gününü bütün detalları ilə xatırlayıram.

Anamla atam istirahətə getdiyim bağ evində özlərinin yaratdığı teatrda “Özünlə apara bilməzsən” pyesinin premyerasında mahnı oxuyurdular. Yay teatrı qrupu iki nəfər əsəbi və tərləyən aktyordan ibarət idi, – anam və atam, mən və məndən kiçik bacı-qardaşlarım çox nadir hallarda onların tamaşalarına maraq göstərərdik.

Anam qrupun ikinci dərəcəli oyunçusu idi və hətta sərin yay axşamlarında belə, Kennet anama tamaşa edərkən az qala bədəni sürüşüb döşəməyə dəyənə qədər kresloya yayxanardı.

O şənbə günü səhərdən axşamadək otağımda yazı-pozu ilə məşğul oldum, hətta günorta yeməyimi də öz otağımda yedim və günortadan sonraya qədər bu belə davam elədi. Günortadan sonra saat 15:30-da ayağa qalxıb eyvana çıxdım və üzümə dəyən təmiz hava bir qədər başımı gicəlləndirdi.

Bir neçə dəqiqədən sonra isə özümü daha yaxşı hiss eləməyə başladım. Göydən od tökülürdü. Kennetin harda olduğunu bilmək üçün o tərəf-bu tərəfə boylanmağa başladım.

Həyətin yan tərəfindəki böyük ağacdan asılmış, köhnə həsir kresloda oturub kitab oxuyurdu. Ağzı açıq qalmışdı və çox güman ki, özündən xəbəri yox idi, çünki eyvandan aşağı düşərək gəlib yanında oturduğumu belə hiss etmədi.

Bir az gözləyib sonra ona “Bəsdi oxudun, Kennet” – dedim, “qoy o kitabı bir qırağa, ondansa bir az söhbət edək”.

Heminqueyin “Günəş də qalxır” romanını oxuyurdu. Səsimi eşidib mənə tərəf çevirildi və ardınca gülümsədi. Əsl centlmen idi; on iki yaşlı centlmen; həyatının sonuna qədər centlmen.

“Təkbaşına qalmışdım” – dedim. “Yaman zəhlətökən bir peşə seçmişəm deyəsən. Əgər nə vaxtsa bir roman yazmağa başlasam...”

Bu anlarda arzu edirdim ki, məndən yeni yazdığım hekayə haqqında soruşsun və Kennet sanki ürəyimi oxuyubmuş kimi dilləndi:

“Vinsent, yeni hekayən nə haqqındadır?”

“Qulaq as Kennet, ciddiyəm. Məncə çox möhtəşəm hekayədir” – dedim, eyni zamanda özümü də inandırmağa çalışaraq. – “Adı “Boulinqçi”dir. Gecələr radiodan boks və xokkey oyunlarını dinləməyinə arvadı tərəfindən izn verilməyən bir adamın hekayəsidir. Oyunları izləmək qadağandır, guya səs-küy onun başına düşürmüş. Belə arvadla yaşamaq lap cəhənnəm kimidir. Ərinin kovboy hekayələri oxumağını da qadağan edibmiş. Daha ciddi işlərlə məşğul olmalıymış, ona görə də evdəki bütün kovboy jurnallarını zibilliyə atırmış.

Kennetin üz ifadələrini təcrübəli bir yazıçı kimi izləyib davam etdim.

Kişi hər çərşənbə axşamı boulinq oynamağa gedirmiş. Hər çərşənbə axşamı şam yeməyindən sonra, şkafdan boulinq şarını götürüb çantasına qoyurmuş və arvadına öpüb evdən çıxırmış.

Beləcə, səkkiz il keçir və bir gün kişi ölür. Ərinin ölümündən sonra qadın hər həftənin bazar ertəsi günü məzarlığa gedib onun məzarının üstünə süsən gülü düzərmiş.

Bir dəfə isə adətinə xilaf çıxaraq, bazar ertəsi əvəzinə çərşənbə günü gedir məzarlığa və ərinin məzarının üstündə təzə-tər bənövşələr görür. Nə qədər fikirləşirsə, bu bənövşələrin bura kim tərəfindən qoyulduğunu təxmin edə bilmir.

Nəhayət, məzarlığın qoca qarovulçusundan soruşur, qoca qarovulçu da başını qaşıyaraq deyir: “Hə, səhv eləmirəmsə, hər çərşənbə günü gələn bir qadın qoyub o gülləri, deyəsən rəhmətliyin arvadıdır”.

“Necə yəni arvadı?” – deyə fəryad qoparır qadın. “Onun arvadı mənəm!” Amma təəssüf ki, qoca qarovulçunun qulaqları ağır eşidirmiş, ona görə də onu orda o vəziyyətdə qoyub uzaqlaşır.

Qadın da əlindən heç nə gəlmədiyini görüb evinə qayıdır, həyatının geri qalan hissəsini isə boulinq və xokkey oynayanlarla mübarizəyə sərf edir. Necədir, bəyəndin?”

Hekayəni ona danışdığım müddətdə bir dəfə də olsun gözünü məndən ayırmamışdı. "Off, Vinsent" – dedi. - "Off!"

– Nədir? Çox gözəl hekayədir, məncə.

– Bilirəm, çox yaxşı yazacaqsan, amma off , Vinsent, off!

Ona dedim: “Bir də heç vaxt sənə hekayə oxumayacağam, Kennet. Nəyini bəyənmirsən? Az qala bir şedevr yaratmışam, amma sən mızıldanırsan. Özü də bu, mənim yazdığım ilk şedevr nümunəsi deyil, bir-birinin arxasınca gör neçə belə şah əsərlər yaratmışam.”

Onunla zarafat etdiyimi bilirdi, buna baxmayaraq zorla, lap dodaqucu gülümsədi. Çünki əslində kədərli olduğumu başa düşürdü. Amma onu güldürməkdə israrlı idim, ona görə də üz-gözümə eybəcər ifadə verib yenə soruşmağa başladım:

“Axı nəyini bəyənmirsən bu hekayənin, heç bilirsən insalar bu hekayələri oxumaq üçün saatlarla kitab mağazalarının qarşısında növbəyə duracaqlar?!”

“Bəlkə də bu hadisə həqiqətən də baş verə bilər, Vinsent” – dedi. “Amma hələ ki, belə bir şeyin olduğunu dəqiq bilmirsən də, hə?! Yəni, özündən uydurmusan, düzdür, Vinsent?”

“Təbii ki, özümdən uydurmuşam, Kennet” – dedim. “Amma belə şeylər həyatda həmişə olur.”

“Əlbəttə, Vinsent, sənə inanıram! Amma madam ki, özündən uydurursan, niyə daha yaxşı şeylər uydurmayasan? Başa düşürsən? Daha müsbət şeylər, məsələn. Axı həyatda çoxlu müsbət hadisələr də baş verir. Off, Vinsent! Həyatdakı müsbət, gözəl şeylər barədə də yaza bilərdin, yəni daha yaxşı insanlar haqqında.”

Və bir dəfə də “Off, Vinsent!” deyib parıldayan gözləri ilə üzümə baxdı. Bəli, parıldayan gözləri ilə. Uşağın gözlərindən işıq saçılırdı.

“Kennet” – dedim, amma ağır zərbə aldığımın da fərqində idim, - “bu boulinq oynamağı sevən adam yaxşı adamdır. Pis cəhəti, demək olar ki, yoxdur. Pis olan onun arvadıdır.”

“Əlbəttə, başa düşürəm, amma – off, Vinsent! Boulinq oynamağı xoşlayan kişinin intiqamını arvadından almağa nə ehtiyac var idi? Yəni, Vinsent, onsuz da boulinq oynayan kişi artıq həyatda yoxdur.

J.D.Salinger həyat yoldaşı Colleen ilə
J.D.Salinger həyat yoldaşı Colleen ilə

Qadın da artıq öz həyatını yaşayır, təzədən bu qədər söz-söhbətə nə ehtiyac var idi axı?

Məncə, qadınla işin olmasa, daha yaxşı olar, hə, Vinsent, söz verirsən?”

Eləcə üzünə baxdım, heç nə deyə bilmədim.

“Onu həyatının geri qalanını boulinq və xokkey oynayanlarla mübarizəyə həsr etmək kimi mənasız bir işə məcbur etmə.”

Başımı aşağı sallayıb “yaxşı” dedim.

Qalxıb mətbəxə getdim və özüm üçün zəncəfilli çay hazırladım. Məni nokauta salmışdı. Və ən əsası, bu, birinci dəfə deyildi. Yuxarı qalxıb hekayəni yazdığım vərəqləri cırıb atdım.

Sonra yenidən aşağı düşüb eyvandakı həsir kresloda oturdum və onun kitab oxumağını seyr etməyə başladım. Qəfildən başını qaldırıb yuxarı baxdı və “Gəl maşınla Lassiterin kafesinə kokteyl içməyə gedək” – dedi.

“Yaxşı, amma əyninə paltar geyin.”

Əynində təkcə zolaqlı qısaqol köynək var idi və qızılısaçlı insanlar günəşdə necə yanırsa, dərisi elə yanmışdı.

“Yox, belə yaxşıdır.”

Ayağa qalxıb kitabını oturduğu kreslonun üstünə qoydu.

“Gedək.”

Köynəyimin qatlanmış qollarını açdım və onun avtomobili qarajdan çıxarmasını seyr etdim. Avtomobili əsas küçəyə çıxarana qədər yerimdə dayandım və yalnız bundan sonra avtomobilə yaxınlaşdım.

Sürücü oturacağına əyləşəndə o da sağ tərəfə sürüşüb yerini rahatladı və avtomobilin şüşəsini aşağı endirməyə başladı, pəncərə srağagün Helen Baberzlə görüşdüyüm gecədən bəri açılmamışdı; Helenin saçlarının uçmasından xoşu gəlmirdi. Sonra Kennet düyməyə basdı və mənim də əllə təkan verməyimlə avtomobilin tavanı tamamilə yığıldı.

Avtomobili evimiz yerləşdiyi küçədən çıxarıb Karyuk bulvarına və ordan da okeanın kənarı ilə Lassiterin kafesinə tərəf sürməyə başladım.

Lassiterin kafesi təxminən yeddi mil uzaqlıqda idi. İlk bir neçə mili heç danışmadıq, mən sakitcə avtomobili idarə edirdim, o isə okena tərəf baxırdı.

Günəş möhtəşəm idi. Şüaları əvvəlcə mənim solğun əllərimdə – yazı maşınında mürəkkəbə bulaşmış və dırnaqları yeyilmiş barmaqlarımda – göründü, amma daha sonra şüalar Kennetin qızıl saçlarında qərarlaşdı və görünür, ordan çəkilmək fikirləri yox idi.

Ona dedim ki, avtomobildəki kiçik gözdən siqaretimi və pul çekini versin. İzah etdim ki, Lassiteri kollecdə oxumağa göndərəcəm və ayrıca xahiş etdim ki, mənim üçün qutudan bir siqaret çıxarsın.

Siqareti uzadarkən dedi:

– Vinsent, Helenlə evlənməlisən. Ciddi sözümdür. Məncə, o da istəyir. Düzdür, ona çox da ağıllı biri demək olmaz, amma bu o qədər də ciddi eyib sayılmaz. Həm də bunun sayəsində siz ikiniz daha az mübahisə edərsiniz.

Onunla digərləri ilə danışdığın kimi ironiya ilə danışsan da, xətrinə dəyməz, məncə. Açığı, çoxdandır ona göz qoyuram. Çox vaxt sənin nədən danışdığını belə başa düşmür. Bu çox yaxşı şeydir əslində. Hə, bir də çox gözəl ayaqları var.

Necə yəni, doktor? – Həmişə kefim yaxşı olanda ona “doktor” deyə müraciət edirdim.

– Bax, Vinsent, zarafat etmirəm. Evlən onunla, məncə, peşman olmazsan. Bir dəfə Helen-lə dama oynadıq və bilirsən o nə etdi?

– Nə etdi?

– Damaya çıxdığı daşları ilə oynamadı. Onları heç yerindən tərpətmək belə istəmədi. Görürsən nə qədər yaxşı qızdır, Vinsent?!

– Bir dəfə də ona qolf oynayanda kömək edirdim, yəni toplarını-zadını daşıyırdım. Onda o, məndən xahiş etdi ki, topları təpənin üstündən aşırmağa kömək edim, guya o özü bacarmırmış. Görürsən, necə təvazökar qızdır, Vinsent? Evlənmək üçün bundan yaxşısını tapa bilməzsən, məncə. Əldən qaçırmaq olmaz.

– Qaçırmaram. – Sanki yaşca özümdən iki yaş böyük adamla danışırdım.

– Hekayələrinə bu qədər vaxt itirsən, qaçıraçaqsan. Onları bu qədər fikirləşmə. Hər şey yaxşı olacaq.

Avtomobil gəzintimizə davam edirdik.

– Vinsent.

– Hə.

– Əgər birini sevirsənsə bunu göstərməkdən çəkinmə, yaxşımı?

– Yaxşı.

***

Bir neçə dəqiqədən sonra artıq Lassiterin kafesində idik. Günün elə vaxtı idi ki, burda və bütün şəhərdə tək-tük adamlar görmək olardı. Kafenin avtomobillər üçün dayanacağında da cəmi bir maşın gözə dəyirdi.

Sedan De Soto – əlçatmaz və möhtəşəm bir görüntüsü olsa da, bu bizim o qədər də vecimizə olmadı, çünki bu dəqiqələrdə kefimiz çox yaxşı idi.

Kafenin ikinci mərtəbəsinə çıxıb açıq havadakı stolların birində oturduq. Bizdən cəmi iki stol o tərəfdə kök, keçəl, sarı rəngli “Polo” markalı futbolka geyinmiş bir adam oturub iyrənc iştahla mavi ilbiz gəmirirdi.

Oxuduğu qəzeti stolun üstündəki duzqabına söykəmişdi. Onun kafenin həyətindəki bahalı Sedanın sahibi olmasına heç bir şübhə yox idi.

Oturduğum stolda arxaya yayxanıb milçək vızıltıları eşidilən koridorda Lassiteri görməyə cəhd edərkən kök adam danışmağa başladı.

– Ey, Qırmızı, o qırmızı saçlarını hardan tapmısan?

Kennet kök kişiyə baxmaq üçün çevrildi.

– Küçədə bir nəfər verdi.

Kök kişinin gülməkdən az qala ürəyi gedəcəkdi. Gülməyə davam edə-edə Kennet-in sözünü qırıq-qırıq təkrarladı:

– Deməli, küçədə… bir nəfər. Hə..? Ha-ha-ha.. Bəs mənə necə, istəsəm, mənə də verər?

Əlbəttə. – dedi Kennet. – Amma ona mavi kart verməlisən. Həm də keçən ilki kartlardan. Bu ilkini qəbul etmir.

Kök adam bu dəfə əməlli-başlı şaqqanaq çəkdi.

– Deməli mavi kart verməliyəm, hə?

– Bəli, həm də keçən ilkini.

Kök kişi bir az da gülüb yenidən başını qəzetə tərəf çevirdi. Hiss edirdim ki, arabir bizim masaya baxır, sanki bu dəqiqə qalxıb yanımıza gəlmək istəyirdi, amma nədənsə çəkinirdi.

Bu dəqiqələrdə biz də qalxmağa hazırlaşırdıq, amma birdən Lassiter koridorda göründü. Qalın qaşlarını bizi salamlayırmışcasına qaldırıb, oturduğumuz masaya yaxınlaşdı.

Lassiterə qəribə adam demək olardı. Adətən, kafedə içib dava salan adamları döyməkdən zövq alırmış təsiri bağışlayırdı mənə. Masaya yaxınlaşanda üzünü mənə tutub:

Bu ağıllı və qızılsaçlı oğlan da səninlədir?”- deyə zarafat etdi.

Başımı “Hə” mənasında yellətdim.

Kennet də öz növbəsində “Bəli” cavabını verdi.

– İşlər necədir, balaca? Bu yay bura çox az gəlmisən.

– Keçən həftə burda idim. Sizin işlər necədir, cənab Lassiter? Son vaxtlar çox adam əzişdirmisiniz?

Lassiter gülümsəyib ondan nə yemək istədiyini soruşdu, arxasınca da əlavə etdi ki, istəsə ona ləzzətli bir desert hazırlaya bilər. Kennetin üz ifadəsindən onun razılaşdığını başa düşüb mətbəxə tərəf yönəldi amma qəfildən dayanıb üzünü mənə çevirdi:

– Bəs o biri qardaşınız hardadır, o bir az başdanxarab olan?

– Holdeni deyirsənsə, yay məktəbindədir, özünü idarə etməyi öyrənir orda, – deyə cavab verdim.

Azacıq təəssübkeşliklə “Hmm” deyə başını tərpətdi.

O, başdanxarab deyil. – Kennet söhbətə qarışdı.

– Başdanxarab deyil? Bəs onda nədir? – Lassiter təəccüblənmiş şəkildə soruşdu.

Kennet oturduğu yerdən ayağa qalxdı. Üzünün rəngi saçı kimi qıpqırmızı olmuşdu. Səbrsizliklə – Qalx burdan gedək, Vinsent, – dedi.

Lassiter tez əl-ayağa düşdü.

– Sadəcə zarafat edirdim, balaca. Məni səhv başa düşdün. Başdanxarab deyil, azacıq nadincdir, vəssalam. Əyləş yerində. Gözlə, indi sənə dadlı desert hazırlayıb gətirəcəm.

Kennet yumruqlarını sıxıb üzümə baxdı, amma mən ona heç bir qarşılıq vermədim. Nə qərar verəcəyini özünə buraxdım. Təkrar stola əyləşdi və:

– Yaxşı olar ki, yaşınıza görə davranasınız, cənab Lassiter, – dedi. – Başqalarına ad qoymağa çalışmayın.

– Qırmızı ilə işin yoxdur, Lassiter. – Bunu qonşu masadakı kök kişi dedi.

Lassiter sanki onu eşitmirmiş kimi təkrar Kennetəə baxıb dedi ki, indicə ona ləzzətli bir desert gətirəcək.

– Əlbəttə, cənab Lassiter.

Lassiter uzaqlaşdı, sonra mətbəxə gedən pilləkənlərdə əməlli-başlı büdrədi, amma tez özünü düzəldib rəngli pərdələrin arxasında gözdən itdi.

***

Kafedən çıxarkən Lassiterə desertlərin həqiqətən də ləzzətli olduğunu dedim, amma Lassiterin narahatçılığı Kennet başı ilə razılığını bildirənə qədər davam etdi.

Avtomobilə əyləşdik və mən avtomobili beş mil daha uzağa Riçmen Pointə tərəf sürdüm, çünki hiss edirdim ki, ikimiz də ora getmək istəyirik.

Ora çatanda avtomobili həmişə saxladığım yerdə saxladım, aşağı düşüb iri addımlarla daşların üzərindən atlayıb, Holdenin niyəsə “Filosof Qayası” adı verdiyi böyük qaya parçasının üstünə çıxdıq.

İndi bizi okeandan cəmi bir neçə addım məsafə ayırırdı. İkimiz də “Filosof Qayası”nın üstündə yanaşı oturduq. Okean sakit və gözəl idi, amma bir neçə saniyə sonra hiss elədim ki, onda nəsə çatışmayan bir şey var. Elə bu vaxt günəş iri bir buludun arxasında gizləndi. Kenneth mənə nəsə dedi.

– Nə? – deyə soruşdum ondan.

Sənə demək yadımdan çıxıb. Bu gün Holdendən bir məktub almışam. Sənə oxumaq istəyirəm.

Şortikinin arxa cibindən bir zərf çıxardı və oxumağa başladı:

Əzizim, Kennet!

Bura hədsiz iyrənc bir yerdir. Bu qədər axmağı bir yerdə görməksə ağlasığmazdır. Dəri parçalarından nələrsə düzəltmək və tez-tez təbiət gəzintilərinə çıxmaq lazım olur.

Qırmızılarla Ağlar arasında yarışlar keçirilir. Mən Ağların komandasındayam. Kütbeyin bir ağ olmaq istəmirəm.

Bu yaxınlarda evə gəlib səninlə və Vinsentlə xoş vaxtlar keçirəcəyimə ümid edirəm. Burda həmişə yumurtaları yumşaq bişirirlər və içdiyimiz südü belə soyuducuya qoymurlar.

Yeməkxanada hər gün mahnı oxumağa məcburuq. Adına Cənab Qrover deyilən adam özünü lap opera müğənnisi hesab edir, dünən gecə isə məni özüylə duet oxumağa məcbur edirdi.

Əslində onunla birlikdə oxuyardım, amma ondan heç xoşum gəlmir. Adamların üzünə həmişə gülümsəyir, amma əlinə fürsət keçən kimi kiməsə pislik etməyə çalışır.

Anamın verdiyi 18 dolları saxlamışam və böyük ehtimal, bu yaxınlarda evə qayıda biləcəyəm. Əlbəttə, əgər Cənab Qrover özünün dediyi kimi bu yaxınlarda qəsəbəyə getsə, evə daha tez gəlmək şansım yaranacaq. Bəlkə şənbə, ya da bazar günü.

Yeməkxanada Cənab Qroverlə birlikdə mahnı oxumaq istəmədiyim üçün mənə təcrid cəzası veriblər. Bu kütbeyinlərin heç birinin mənimlə danışmağa icazəsi yoxdur.

Aralarından Tinesi adlı oğlan mənim yaman xoşuma gəlir. Təxminən Vinsentlə eyni yaşdadır. Vinsent özü necədir? Açığı, onun üçün əməlli-başlı darıxmışam. Ondan korintlilər haqqında oxuyub-oxumadığını soruş.

Korintlilər haqqında “İncil”də yazılıb və srağagün Veb Teylr mənə bir az oxudu. Yaxşı insanlardır. Burda üzmək haqqında heç danışmağa dəyməz, çünki su dalğalı deyil.

Düzdür, bəzən kiçik ləpələr olur, amma əsl dalğaları görmək mümkünsüzdür. Bununla belə, tək üzməyə icazə vermirlər. Gərək mütləq yanında səni müşayiət edən biri olsun. Mənim müşayiətçim Çarlz Mastersdir. Əsl ipləmədir və yeməkxanada dayanmadan mahnı oxuyur.

Bundan başqa, o, həm də ağ dəstənin kapitanıdır. O və Cənab Qrover bu günə qədər gördüyüm ən sarsaq adamlardır. Hə, bir də icazə ver, məmuniyyətlə xanım Qroveri də bu siyahıya əlavə edim.

Xanım Qrover sanki hamımızın anası imiş kimi davranır bizlə, amma əslində o da Cənab Qrover kimi pis adamdır. Gecələri sendviç qutularını kilidləyirlər ki, birdən kimsə gəlib sendviç oğurlayar.

Cimi işdən çıxartdılar və burda hər şey üçün, heç olmasa, beş, ya on sent ödəməlisən, amma Robbi Uilkokun anası isə ona pul göndərmir. Tezliklə evdə olacam, böyük ehtimalla bazar günü.

Sənin üçün çox darıxmışam, Kennet. Vinsent və Fibi üçün də darıxmışam. Yeri gəlmişkən, Fibinin saçları nə rəngdir indi? Mərcə girərəm ki, qırmızıdır.

Holden Kolfild

Kennet oxuduqdan sonra məktubu və zərfi qatlayıb arxa cibinə qoydu. Sonra yerdən yastı, qırmızımtıl bir daş götürüb daşın hər iki tərəfinə diqqətlə baxdı və sanki daşla danışırmış kimi dedi:

– Uyğunlaşmağı bacarmır.

Sonra üzünü çevirib kədərli şəkildə mənə baxdı.

– Uşaq kimidir və uyğunlaşmağı bacarmır. Cənab Qroverdən xoşu gəlmirsə, yeməkxanada mahnı oxumayacaq, mahnı oxusa, hamının ondan əl çəkəcəyini bilsə belə, etməyəcək. Səncə, bunun axırı necə olacaq, Vinsent?

– Hər halda, məcbur qalıb uyğunlaşmağı öyrənəcək. – dedim. Dedim, amma öz dediyimə özüm də inanmırdım və əmin idim ki, Kennet də eynən mənim kimi düşünür.

Kennet bayaq yerdən tapdığı yastı daşı cibinə qoydu və dodaqlarını azca aralayıb okeana tamaşa etməyə başladı.

Bilirsən, əgər öləcəyimi bilsəm, nə edərdim?

Və cavab gözləmədən əlavə etdi:

– Heç hara getməzdim, eləcə bir müddət buralarda gəzərdim.

Bu dəqiqələrdə məğrur bir ifadə var idi üzündə, Kennetsayağı bir məğrurluq – kimsəyə qalib gəlmək ehtiyacı hiss etməyən bir məğrurluq.

Okean get-gedə çalxalanırdı. Bolinq şarları ilə dolub-daşırdı okean. Kennet “Filosof Qayası”nda oturduğu yerdən qalxıb ayaqüstə dayandı, niyəsə sevincli idi. Ayağa qalxmasından hiss etdim ki, gedib üzmək istəyir. Amma mən onun bu qədər boulinq şarları arasında üzməyini istəmirdim.

Ayaqqabılarını və corbalarını çıxarıb əlinə götürdü:

– Gedək.

– Şortiklə girmək istəyirsən? Günəş batıb indi, çıxanda üşüyəcəksən.

– Maşında oturacağın altında biri də var, – dedi.

– Dəniz ilbizi yedikdən sonra suya girmək olmaz.

– Cəmi üç dənə yemişəm.

– Yox, dayan. – Onu dayandırmağa çalışırdım. Köynəyini çıxardığı üçün yaxşı eşitmədi.

– Nə var? – dedi köynəyini başından çıxardıqdan sonra.

– Heç nə. Amma tez çıx.

– Sən gəlmirsən?

– Yox, dənizə girmək üçün baş örtüyüm yoxdur.”

– Di yaxşı ,Vinsent, bəsdir bəhanə uydurdun, gəl.

– Sən get. Bu gün okean heç xoşuma gəlmir, boulinq şarları ilə doludur.

Eşitmədi. Sahildəki qumsala tərəf qaçdı. Arxasınca qaçıb onu tutmaq, sonra da avtomobilə mindirib sürətlə burdan uzaqlaşmaq keçdi içimdən.

Bir az sonra, onu çağırmağıma ehtiyac qalmadan özü yavaş-yavaş sudan çıxırdı. Dalğalar artıq ayaqlarını yalayırdı. Sürətlə naməlum ayaq izləri ilə dolu qumsala çıxdı. Qumsalın quru hissəsinə çatanda okean özünün son boulinq şarını ona tərəf atdı.

Var-gücümlə qışqırdım və ona tərəf qaçmağa başladım. Heç üzünə də baxmadan qucağıma aldım və sərsəm, bir o qədər də tələsik addımlarla avtomobilə doğru qaçdım. Birtəhər qapını açıb, onu avtomobilin arxasına uzandırdım. Birinci mildə avtomobili maksimum ehtiyatla sürürdüm, sonrasında isə maksimum sürətlə.

Holdenin eyvanda oturduğunu gördüm. O hələ məni görməmişdi. Oturduğu stulun yanında əl çantası var idi və çantaya baxa-baxa burnunu eşirdi. Məni görən kimi Kennetin adını qışqırdı.

Təngənəfəs halda ona dedim ki, Meriyə desin, gedib həkimə zəng eləsin.

– Nömrə telefonun yanındakı şeydədir. Qırmızı qələmlə yazılıb.

Holden təkrar Kennetin adını hayqırdı. İyrənc əlini uzadıb Kennetin burnunun qıraqlarına yapışmış qumları az qala zərbə ilə vurub itələdi.

– Lənət şeytana, bir az tələs, Holden! – deyə qışqırdım. Holden sanki qışqırmağımı gözləyirmiş kimi cəld mətbəxə qaçdı.

Bir neçə dəqiqədən sonra hələ həkim gəlməmiş anamla atam həyətə girdilər. Teatrlarının baş rol ifaçısı Qvir də onlarla birlikdəydi.

Kennetin otağının pəncərəsindən anama işarə verdim, balaca qız kimi qaçıb evin içinə girdi. Otaqda onunla, təxminən, bir dəqiqə danışdım; sonra pilləkənlərdə atamı ötüb aşağı düşdüm.

Sonra həkim, anam və atam Kennetin otağında olanda Holdenlə mən eyvanda gözləyirdik. Niyəsə gənc aktyor Qvir də bizimlə birlikdə dayanıb gözləyirdi. Bir az sonra mənə yaxınlaşıb az qala pıçıltı ilə dedi ki, deyəsən, getsə, yaxşı olacaq. Qeyri-ixtiyari başımı yelləyib “yaxşı” dedim. Deyəsən, ətrafda aktyorların olmasını istəmirdim.

– Sizin üçün edəcəyim bir şey varsa…

– Yaxşı olar ki, çıxıb gedəsən, cavan oğlan. – dedi Holden.

Kamran Su
Kamran Su

Qveer ona tərəf baxıb kədərli şəkildə gülümsədi və getdi.

Deyəsən, bu dəfəki çıxışı o qədər də xoşuna gəlməmişdi. Gedərkən xidmətçimiz Meri ilə ayaqüstü söhbət etmək istədi:

– Nə, infarkt? O ki hələ uşaqdır.

– Dedim axı, çıxıb getsən, yaxşı olacaq. – Holden hirslə təkrarladı.

O gedəndən sonra Holdenə dedim ki, okean boulinq şarları ilə dolu idi. O da axmaq kimi başını yelləyib “Bilirəm, Vinsent” dedi. Sanki ordaymış kimi.

O, gecə saat doqquza on dəqiqə işləmiş öldü.

İndi bəlkə bunları yazmağım onun bizi tərk edib getməsinə kömək edər. Çünki Kennet həm Holdenlə İtaliyaya getdi, həm də mənimlə Fransaya, Belçikaya, Lüksemburqa və Almaniyanın bir hissəsinə. Dözə bilmirəm. Artıq çıxıb getməlidir.

XS
SM
MD
LG