Nazir: «Qanunu pozan işdən çıxarılacaq»
«Bu gündən nəzarət orqanlarına tapşırılır ki, sahibkarlıq subyektlərində yoxlamalar aparılmasın. Dövlət müəssisələrində aparılan yoxlamaların sayı da azaldılmalıdır. Yoxlamalar yalnız texniki şərtlərə uyğunluq, texniki təhlükəsizlik və insan sağlamlığının qorunması məqsədi və zərurəti ilə aparılmalıdır».
Bunu oktyabrın 29-da nazir Natiq Əliyev Energetika Nazirliyinin kollegiya iclasında deyib.
Gülən konqresmenlərin 200-dən çox səfərini maliyyələşdirib
«2008-ci ildən bəri Türkiyənin dini Gülen hərəkatı Konqres üzvlərinin Türkiyəyə 200-dən çox səfərini maliyyələşdirib. Bu, Konqres qanunvericiliyinin, hətta federal qanunların pozulması deməkdir». «USA Today»in yeni araşdırmasında belə deyilir.
Türkiyə hökuməti ilahiyyatçı Fethullah Gülen-in hərəkatını ölkədə çevriliş cəhdində ittiham edir. Birləşmiş Ştatlardan Gülen-in ekstradisiyasını da istəyib. Gülen 20 ildir Pensilvaniyadakı iqamətgahında yaşayır.
Toğrul Əsgərov Avropanın ən yaxşı idmançısı elan olunub
2012-ci il London Yay Olimpiya oyunlarının qalibi sərbəst güləşçi Toğrul Əsgərov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında Avropanın ən yaxşı idmançısı elan olunub. Bunu Gənclər və İdman Nazirliyindən APA-ya bildiriblər.
İsa Qəmbər namizədliyini geri götürür, qoymurlar
«Dairə seçki komissiyaları Müsavatın namizədlərinin seçkidən çəkilməsinə problemlər yaradır».
Bunu Azadlıq Radiosuna Müsavat Partiyası Seçki qərargahının rəhbəri Gülağa Aslanlı deyib:
«Məsələn İsa Qəmbər namizəd olduğu 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasına namizədliyini geri götürmək barədə ərizə ilə müraciət edib. Ancaq DSK bu ərizəni qəbul etməyib. Başqa namizədlərimiz də var, onların da bir neçəsinə belə problemlər yaradılıb. MSK bizə sanki deyir ki, zorla seçkilərə getməlisiniz».