- Şeirlər
Zahid Sarıtorpaq
dar küçələrin birində bıçaqladım günəşi
qanı töküldü üstümə qaranlıqda
yüyürüb sahilə
sulara atdım bıçağı
əyilib baxdım dalınca – şəklini gördüm qatilin
suyun üzündə üzürdü məsum meyiti
ürəyinin başında
süngü yarası kimi sevgi çapığı vardı –
içi gün işığıyla dolu
* * *
divara yazmağa bircə kəlmə Söz qalıb
kömürün tozuna bulaşar deyə yazan yoxdu onu
odur ki qamışın çərtməsindən havalanır sirr olan gerçək
suyun üzündə – gül tozu
astarında – yosun
durula bilmir vurulanda bayraqqarışıq yıxılan adamın eşqi
yoxsa yazdır deyə quşların ən ürkəyi
yuva qurmaqdan ötrü
isgəndərin buynuzları arasına çöp daşıyardı qorxmadan
* * *
matəmdə endirilmiş bayrağıq
tərpənmirik rüzgarlara
bir çocuğun xışmaladığı qar topasıyıq
uzaq başı çırpacaq bizi divara
könlün bir akvariumdu, bilirəm,
məni balıq kimi saxlayırsan içində –
ölməyə qoymursan
evinizdəkinin üzünə gülürsən həmişə
məni ağlayırsan içində –
doymursan
hər gün intihar kəndirinə əl atanda
qapına çırpılır üzgün bir külək:
- aç, qoy keçim içəri,
ölməkdisə – birlikdə ölək
…duymursan
* * *
bu daş yağışıdı
bu yırtıq çətir
bu bizik
bu yoldu
o da çağıran
hələ harasıdı harası könül
hər şey qabaqdadı belə baxıram
məni yıxıq görüb ağlamaq niyə
yaranı öpməklə yara sağalmaz
batır barmağını axan qanıma
ümidlə divara: “biz burdayıq...” yaz
* * *
necədi
yazın çılğınlığı
qonşu çəpərində sarmaşıqlara dolaşdıra içini
biləsən sevdanın nə olduğunu
necədi
qardələn çiçəklərinə qoşulub günəşə çarpasan ürkək-ürkək
on yeddi yaşda olduğu kimi
"qorxma sevgilərdən, qorxma" pıçıldaya üzünə qarşı
şehli rüzgarlar
haçandı bir pirani ölümlə
eyni yuxunu görürük Sarıtorpaqda üzü qibləyə
mən ona danışıram gördüklərimi o mənə
sən hələ də "dərdlər acıdı..." deyirsən
necədi
can bir divar kimi uça içəriyə
yenə ağlaşalar: "dərdlər acıdı..."
yox bizlik deyil sevdaların kütə getmiş kündəsinə yas tutmaq
zəvvar kimi gələr dərdlər içimizin ziyarətinə zəvvar kimi
öpüb könlümüzün yazılı-yazısız divarlarını gedərlər eləcə
onda "dərdlər hacıdı..." söylər ariflər gülümsəyərək
amma kimdi ətəyindən öpən onların
budur bir bənd atmışam gecənin önünə
qaranlıq sel kimi aşa bilmir üstündən:
– başında tirmə dumanı
bu dağ bizim dağmı ola
tiyəsində laxta qanım
bu həmən bıçaqmı ola
aşa bilmir bu bəndin üstündən qaranlıq
nə dağ var o pirani ölümün ləngərində
nə duman var
nə də bıçaq
necədi
belədə on yeddi yaşda olduğu kimi
"qorxma sevgilərdən, qorxma" pıçıldaya
üzünə qarşı şehli rüzgarlar
* * *
kəsəcək yolumuzu
birçəyi ağarmış bir intizar deyirsən
bizə baxa-baxa
alnı qırış-qırış bir kədərin əli quruyacaq üzündə
cadar-cadar olmuş yaddaşımızı
qupquru dodaqlarıyla öpəcək bir kabus
tanış bir hönkürtüyə düyün düşmüş sözlər
canını tapşırmaqdan
ancaq şeirin içində qurtula biləcək
amma sən bilmirsən
sən bilmirsən, yurdum! sonum! gorum!
heç nə gəlmir əlindən yazısını özgələr yazan şairin
fələyə qarşı əlindən heç nə gəlmir daha
heç nə...