- "Hirslənən kolxoz sədrləri şikayət məktubu yazıb Mərkəzi Komitəyə göndərirlər."
Orxan Bahadırsoy
Mahnı tariximizdən maraqlı həqiqətlər
Hacıbaba Həsənovun Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Yağma, yağış” mahnısı çox böyük dinləyici kütləsi qazanmışdı. Demək olar ki, bu mahnı hər kəs zümzümə edirdi.
Həmin illərin birində yay mövsümü bitir, kənd təsərrüfatı bol məhsul üçün yağışın yağmasını gözləyir. Amma yağış yağmır ki, yağmır.
Buna hirslənən kolxoz sədrləri şikayət məktubu yazıb Mərkəzi Komitəyə göndərirlər.
Məktubda yazırlar: “Hamı deyir, yağma yağış, yağma yağış! Yağış yağmır və biz də məhsul verə bilmirik. Xahiş edirik ki, bu mahnı qadağan olunsun!”
Çoxsaylı müraciətlərdən sonra bu mahnının oxunmasını uzun müddət qadağan edirlər.
***
Bayram Bayramovun “Bəlalı sevgim” romanı əsasında Ziyafət Abbasov “Onun bəlalı sevgisi” filmini çəkərkən, bəstəkar Emin Sabitoğluna bu filmə mahnı yazması üçün müraciət edir.
Məndən o bəxtəvər bəstəkara salam yetirərsiz
Emin Sabitoğlu da Ramiz Rövşənin sözlərinə “Bağışla” mahnısını yazır. (Bu həmin “Bağışla” mahnısıdır ki, o mahnını əksəriyyət “Səni axtarıram” tamaşasından tanıyır.
Əslində mahnı ilk dəfə “Onun bəlalı sevgisi” filmi üçün yazılıb və Flora Kərimova tərəfindən bu film üçün ifa olunub. Sonralar isə “Səni axtarıram” tamaşasında bu mahnı yenidən istifadə edilib.)
Mahnının ifası Flora Kərimovaya tapşırılır.
Lakin o vaxt Flora xanım öz qızına hamilə imiş. Belə ki, mahnını lentə almaq üçün Flora xanım Moskvaya yola düşür. Studiyada onun üçün iki kreslo qoyulur.
Flora Kərimova bir kresloda oturub, digər kreslonun üzərinə ayaqlarını uzadır və bu halda mahnını ifa edir.
Məlumdur ki, mahnı çətin mahnıdır və nəfəs ehtiyatı tələb edir. Hamilə qadın üçün bu mahnını ifa etmək çətin olsa da, Flora xanım bunun öhdəsindən gəlir.
Mahnı ilə bağlı ikinci maraqlı hadisə də var. Flora Kərimova daha çox Vaqif Səmədoğlunun şeirlərinə mahnı oxuduğu üçün uzun illər boyu “Bağışla” mahnısının sözlərinin də Vaqif Səmədoğluna məxsus olduğunu zənn edir.
Hətta Ramiz Rövşənlə dəfələrlə eyni məclisdə olarkən bu mahnını ifa etmiş və sözlərinin Vaqif Səmədoğluna məxsus olduğunu qeyd etmişdi. Buna baxmayaraq, Ramiz Rövşən heç vaxt etiraz etməmiş və sözlərin ona məxsus olduğunu deməmişdi.
Bir gün məclislərin birində Flora xanım yenə bu mahnını ifa edir və qeyd edir ki, sözləri Vaqif Səmədoğlunundur. Ramiz Rövşən də bu məclisdə olur və həmişəki kimi Flora xanıma etiraz etmir.
Amma məclisin bir başqa qonağı bu sözlərin Ramiz Rövşənə məxsus olduğunu bilir və Flora xanıma deyir:
- Ay Flora xanım, axı bu mahnının sözləri Ramiz Rövşənindir.
Flora xanım əvvəlcə inanmır və Ramiz Rövşənin özündən soruşur. Ramiz Rövşən təsdiq etdikdən sonra Flora xanım onu qucaqlayıb üzrxahlıq edir. Ramiz Rövşənin cavabı isə belə olur:
- Mən Vaqif Səmədoğlunu o qədər çox istəyirəm ki, nə fərqi var o yazdı, ya mən yazdım!?
***
Bir gün Əlibaba Məmmədov Tiflisdə konsertdə olur. Konsertdən sonra bir qız ona yaxınlaşıb soruşur:
- Əlibaba müəllim, siz bu gözəl mahnıları hardan tapırsız belə?
Əlibaba Məmmədov cavab verir:
- Özüm bəstələyirəm.
Qız onun sözünə inanmır, hətta zarafat sanır. Əlibaba Məmmədov Mikayıl Müşfiqin şeir kitabını qıza uzadır:
- İnanmırsansa, al bu kitabdan istədiyin bir şeiri seç. Sabahkı konsertdə dinləyərsən.
Qız kitabı vərəqləyib Müşfiqin "Yaşa məhəbbətim, yaşa ürəyim" şeirini seçir.
Əlibaba Məmmədov həmin gecə o şeirə mahnı bəstələyir və ertəsi gün konsertdə mahnını ifa edir. Mahnı təbii ki, o gündən bu günə qədər oxunur, dinlənilir və sevilir.
***
Bəstəkar Qəmbər Hüseynlini repressiya illərində mühakimə edirlər. İrad tuturlar ki, "Bu "Cücələrim" nədir? Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir", Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:
- Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər.
Bəstəkarın bu sözündən əsəbləşib onu həbs edirlər.
Təbii ki, bu cəzanın əsas səbəbi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubu idi.
Qəmbər Hüseynli həbsdə olanda Azərbaycandan bir qrup incəsənət xadimi Fransaya səfərə gedir.
Onları məşhur aktyor Çarli Çaplin qarşılayır.
Qonaqların Azərbaycandan olduğunu öyrənəndə Çarli Çaplin royalın arxasına keçib "Cücələrim" mahnısını ifa edir.
Sonra isə üzünü qonaqlara tutub:
- Deməli, siz bu məşhur melodiyanın vətənindənsiz. Məndən o bəxtəvər bəstəkara salam yetirərsiz - deyir.
Amma Çarli Çaplinin xəbəri olmur ki, həmin bəxtəvər bəstəkar Qəmbər Hüseynli bəstələdiyi mahnılara görə həbs olunub. Həbsdə ağır xəstəliyə yoluxur və bundan iki il sonra vəfat edir.
Qəmbər Hüsenli həm də "Ay işığında", "Nə vaxta qaldı", "İlk məhəbbət", "Niyə bizə gəlmirsən", "Tellər oynadı", "Dolanım başına" kimi məşhur mahnıların bəstəkarıdır.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)