Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

Sonra da deyirsiz, teatra getmirik...


Azərbaycanda Kukla Festivalı, 2011
Azərbaycanda Kukla Festivalı, 2011

- "Teatrda da “Suss-susss!” edirlər, cəmiyyətdə də. Orda da hər hərəkətini izləyirlər, cəmiyyətdə də."

Cavid Baxış

"Suusssss!"

Dedilər, həftə sonları teatrlara gedin, biz də getdik.

Bu gün üç bilet aldım, saat 2-də balaca oğlumla və həyat yoldaşımla Kukla Teatrında “Çəkməli pişik” tamaşasına baxmağa girdim.

Axırıncı dəfə Kukla Teatrında 30 il bundan qabaq olmuşam. Ona görə də içəridə hər şey mənə çox maraqlı gəlirdi. Hələ tamaşa zalına girənə qədər dama-divara boylanırdım, çil-çıraqlara baxırdım, dəhlizdəki kuklalara tamaşa edirdim.

Kuklaların arasında üzütüklü qoca kişilərin nə qədər çox olması Kukla Teatrında məni birinci təəccübləndirən məsələ oldu. Bu, uşaqların teatrıdır, buranın antipodları 50-60 yaşlı hiyləgər sifətli, qıvrım saqqallı, milli geyimli köhnə kişilər niyə olsun?!

Nə isə, tamaşa zalına girəndə iki gənc qız qarşıladı bizi, yerlərimizi göstərdi, valideynsiz otura bilən uşaqları qabaq sıralara düzdü, valideynsiz otura bilməyəcək uşaqlar biz valideynlərlə əyləşdilər, beləliklə, musiqi çalındı, tamaşa başlandı. Pahoo!

Elə bu andan etibarən həmin iki qız iki dəqiqədə bir uşaqlar tərəfə “Suss-Susssss!” deyib çımxırmağa başladı. Qabaqda oturan bir, ya iki uşaq yüngülvari danışırmış bir-birilə, heç biz onları eşitmirdik, amma bu qızların səsi həm bütün qalan uşaqları qorxudurdu, həm də bizim əsəblərimizi pozurdu.

Qətiyyən şişirtmirəm. İnanmayanlar özləri tamaşaya gedib baxsınlar. Qızların biri tamaşaçı sıralarının sağında, biri solunda ayaq üstə durub “Suss-Susss!” – deyə çımxırırdı. Özü də iki dəqiqədə bir.

Bizim uşaq mənə tamaşa haqda sual verməkdənsə qızlar haqqında sual verirdi: “O qız niyə elə deyir?” Birdən uşaq dedi: “O qızdan qorxuram”.

Qulağına pıçıldadım ki, sənə demirlər, qorxma. Bu vaxt qızın qırğı nəzarətçi gözünə biz də sataşdıq. Üzünü bizə tutub dedi: “Susss!”

Məndən irəli oturacaqda oturmuş xanıma “Aa bunlar niyə belə edirlər?” demək üçün azca qabağa əyildim. Bu vaxt qız başımın üstünü kəsib dedi: “Yıxılarsız a, oturanda baxın, yıxılarsız!”

Bu nə deməkdir? Bu xatırlatmaya nə ehtiyac var? Guya mən konsert-teatr zallarındakı ayağa qalxanda mexaniki yığılan oturacaqlardan xəbərsizəm?

Mənə bu xatırlatmanı edən kimi yenə yüyürdü qabaq sıradan səsi narahat edəcək dərəcədə gəlməyən uşaqların canına, barmağını bəzi müəllimlər kimi burnunun üstünə qoyub onların üstünə əyildi: "Susssss!"

Artıq hər hərəkətimin nəzarətdə olduğu hissinə qapılmışdım. Teatr cəmiyyətin güzgüsüdür, doğru deyiblərmiş. Herman Hessin “Yalquzaq” romanı yada düşür. Yadıma müəllimin bizi döydüyü sovet günləri düşdü.

Deməli, teatrın içində də “Suss-sussss!” edirlər, cəmiyyətdə də. Orda da hər hərəkətini izləyirlər, cəmiyyətdə də.

Nə isə, tamaşa bitdi, bayıra çıxdıq. Uşaqdan soruşdum, xoşuna gəldimi “Çəkməli pişik?" "Sabah da “Çippolino” var. Gələrik?”

Uşaq elə belə də dedi: “Yox, xoşuma gəlmədi.”


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG