-
«Üçcə ay əvvəl Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edirdi. Bu gün isə görünən odur ki, prezident İlham Əliyev administrasiyası Avropa Birliyi (AB) ilə münasibətləri qırmaq istəyir».
eurasianet.org saytı Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədovun məqaləsini dərc edib. Müşavirin şəxsi mövqeyindən çıxış etdiyi qeyd olunur.
Müəllif Azərbaycanın AB ilə münasibətlərinin bir neçə günün içində «kəlləmayallaq» aşdığını vurğulayır. Sentyabrın 10-da Avropa Parlamentinin Bakıda vətəndaş cəmiyyəti fəallarına görünməmiş repressiyanı pisləməsi, korrupsiya iddialarını araşdırmağa çağırması Bakını qəzəbləndirdi. Avropa nümayəndə heyətinin səfəri təxirə salındı, Azərbaycan AvroNestdən çıxdı və sairə. Üstəlik, prezident Əliyev Avropanı dəyərlərinə sadiq qalmamaqda ittiham etdi.
ƏSAS SƏBƏB – STRATEJİ TƏRƏFDAŞLIQ
«Bu qızışma Brüssel-Bakı münasibətlərinin bir müddətdir pozulmasının daha bir əlamətidir. İndiki problemlər hər iki tərəfin yanlış təxminləri və məqsədlərindən doğur. Brüssel Azərbaycana postsovet ölkəsi kimi baxır və düşünür ki, tərəfdaşlıq münasibətləri sayəsində daha geniş Avropa düzəninə qoşulmalıdır – hüququn aliliyi, demokratiya və insan haqları ilə idarə olunan bir düzənə. Neft sərvəti ilə yüksəlmiş Azərbaycan isə özünü artıq AB-yə bərabər tutur. Bu səbəbdən Azərbaycan liderləri fərqli şərtlərlə münasibət qurmaq istəyirlər. Bakı AB-nin Ukrayna, Gürcüstan və Moldova ilə imzaladığı Assosiasiya sazişi tipli sənədə heç bir maraq göstərmir, AB ilə strateji tərəfdaşlıq istəyir».
«AB isə haqlı olaraq Azərbaycanla strateji tərəfdaşlıqdan imtina edir. Bakının iqtisadi və siyasi çəkisi, sadəcə, AB-nin tanıdığı strateji tərəfdaşlar liqasına uyğun gəlmir – bu liqada Hindistan, Cənubi Koreya və ya Ukrayna böhranından öncə Rusiya vardı».
Müəllif yazır ki, AB ilə Azərbaycanın enerji ticarətində maraqları üst-üstə düşür və strateji tərəfdaşlıq olmadan da əhatələnir. Geostrateji baxımdan isə, İranla nüvə sazişini nəzərə alanda Azərbaycanın əhəmiyyəti azala bilər. Belə ki, Bakı daha beynəlxalq ictimaiyyətə İrana qarşı istehkam kimi lazım olmaya bilər. Beləliklə, mahiyyət etibarilə AB ilə strateji tərəfdaşlıq Azərbaycan rəhbərliyi üçün prestij məsələsi olacaq.
SANKSİYALAR NƏYİ DƏYİŞƏ BİLƏR
Müəllif sual edir ki, Avropa Birliyi ümumi dəyərlər və məqsədlərə dair tələb qoymadan münasibətləri çətin durumdan çıxarmaq üçün nə edə bilər? Və sualı özü də cavablayır ki, çox şey edə bilməz.
«Avropa Birliyini adətən tənqid edirlər ki, Azərbaycanda hər dəfə fəal, yaxud insan haqları müdafiəçisi saxta ittihamlarla həbsə atılanda, «narahatlıq» bəyanatları verməklə kifayətlənir. Ancaq Brüssel Əliyev administrasiyasının davranışına elə də təsir göstərmək gücündə deyil. Belarusla olduğu kimi, Azərbaycanla bağlı da AB rəsmiləri insan haqları pozucuları kimi tanınmış fərdlərə sanksiya qoya bilərlər. Avropa Parlamenti artıq bir neçə dəfə bu xahişlə çıxış edib. Belə sanksiyalar güclü mesaj verə bilərdi. Ancaq Belarus, İran və Kuba nümunələri göstərdi ki, sanksiyalar nadir hallarda ölkədəki siyasi məhbusların və ümumilikdə insan haqlarının vəziyyətini yaxşılaşdıra bilər. Bundan başqa, AB-nin bütün üzvlərini sanksiyalara razı salmaq çətin ola bilər, bəzilərinin Bakı ilə çox sıx münasibətləri var».
AB NARAZILIĞINI NECƏ GÖSTƏRSİN
Eldar Məmmədovun fikrincə, AB-nin narazılığını büruzə verməsinin digər yolları da var: «Tutaq ki, bir yol Gürcüstan kimi hökumətinin beyni islahatla dolu ölkə ilə axsayan Azərbaycan arasında fərq qoyula bilər. Məsələn, AB Şurasının prezidenti Donald Tusk bu il iyulun sonunda Tbilisiyə səfərindən sonra Bakıya getməməliydi. Belə bir diplomatik «burunovması» Azərbaycanın ölkənin beynəlxalq imicinin qeydinə qalan liderlərini yəqin tərpədərdi».
Daha bir yol isə AB-nin müstəqil media orqanlarını dəstəkləmək olardı –hökumətdən və müxalifətdən asılı olmayan media orqanlarını.
«Aydın və səmərəli variantların olmaması Azərbaycanda vətəndaş cəmiyyətinin irəliləməsinə ümid bəsləyənləri mütləq ruhdan salır. Tarix nadir hallarda uzun müddətə dəyişməz qalır. Tarix proqnozlaşdırılmayan, gözlənilməz, qarşısıalınmaz dəyişikliklə doludur. Əhalisi siyasi baxımdan laqeyd görünən Azərbaycanda spontan qiyamlar baş verib – Qubada, İsmayıllıda və polisdə şübhəli ölüm hadisəsinə görə bu yaxınlarda Mingəçevirdə bunun şahidi olduq».
«Bu etirazları Əliyev administrasiyasına qarşı gözlənən qiyamın müjdəçisi saymamaq da olar. Ancaq AB Azərbaycan cəmiyyətində daxili proseslərə diqqətlə yanaşmalıdır. Demokratik dəyişikliyin mümkün göründüyü məqamda diplomatik və iqtisadi dəstək əlini səxavətlə uzatmağa hazır olmalıdır. Ancaq AB və digər beynəlxalq oyunçular anlamalıdırlar ki, dəyişiklik üçün şərait yaratmaq azərbaycanlıların da boynuna düşən bir tapşırıqdır».