Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

"Azərbaycan hakimiyyəti Erdoğana öyrəşib"


Arxiv foto
Arxiv foto

Türkiyədə iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar getsə də, bütün danışıqlar nəticəsiz qalıb. Baş nazir Ahmet Davutoğlu həm MHP, həm də CHP lideri ilə danışıqlar apardı, ancaq koalisiya alınmadı. Artıq hamı bu ölkədə erkən seçkinin keçiriləcəyini gözləyir.

Elə Azərbaycanda da siyasi ekspertlər erkən seçki variantını ağlabatan sayır.

AZƏRBAYCANDAN BAXANDA

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, böyük ehtimalla Türkiyə erkən seçkilərə gedəcək. Bəs, erkən seçkidən gözlənənlər nədir? “İki ssenari mümkündür. Birincisi odur ki, 7 iyun parlament seçkilərinin nəticələri təkrarlana bilər. Yenə koalisiya danışıqları başlana bilər. İkinci ssenari isə belədir: insanlar gördülər ki, koalisiya alınmır, yenə AKP-yə səs verə bilər. 7 iyunda AKP-nin təkbaşına hökumət qurmaq üçün 18 yerlik səsi çatmırdı. BDP 13 faiz səs almaqla AKP-nin təkbaşına hökumət qurmasına əngəl oldu. Ancaq bu dəfə BDP-nin əvvəlki kimi səs toplaması çətin olacaq. Çünki BDP PKK ilə arasına məsafə qoymadı, terroru pisləmədi. Ona səs verənlər isə təkcə kürdlər yox, həm də liberal türklərdir. Erkən seçkidə AKP-nin seçkini udacağı ehtimalı daha böyükdür”.

PKK AZƏRBAYCAN SƏRHƏDDİNDƏ

Türkiyədə baş verənlərin regiona, o cümlədən Azərbaycana təsirinə gəldikdə, Elxan Şahinoğlu deyir ki, Türkiyə Azərbaycanın strateji müttəfiqi olduğu kimi, Azərbaycan da Türkiyənin sabitliyində və inkişafında maraqlıdır: Ancaq indi Türkiyədə vəziyyət belədir ki, Türkiyə həm İŞİD-lə, həm də PKK ilə savaşır. Hər iki terror təşkilatı Türkiyədə partlayışlar törədirlər. PKK faktiki Azərbaycan sərhədlərinə qədər gəlib çatıb. Artıq Qarsda, Naxçıvanla sərhəddə də terror əməlləri törədilir. Bu o deməkdir ki, belə vəziyyətin Azərbaycana da müəyyən təsirləri ola bilər. Amma buna baxmayaraq, çox maraqlıdır ki, Türkiyə iki cinahda terror təşkilatları ilə savaşmasına rəğmən, yaxın günlərdə Azərbaycanla birgə hərbi təlimlərə başlayacaq. Bu o deməkdir ki, bütün problemlərə baxmayaraq, Türkiyə Azərbaycanla strateji, hərbi əməkdaşlığı yüksək tutur, bu əməkdaşlıq davam edir”.

YDG-H - PKK-nın gənclər qanadı , August 17, 2015
YDG-H - PKK-nın gənclər qanadı , August 17, 2015

Ekspert Azərbaycan hakimiyyətinin uzun illər Erdoğanla, AKP ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın davamında maraqlı olduğunu bildirir: “Türkiyədə hakimiyyətdə kimin olmasında asılı olmayaraq Azərbaycan hökuməti həmin hakimiyyətlə sıx əməkdaşlıq etməyə məcburdur. Düzdür, Azərbaycan hakimiyyəti Erdoğana, AKP-yə öyrəşib. Amma hakimiyyətə gələcək istənilən hakimiyyətlə əməkdaşlığa məcburdur. Bu gün Azərbaycanla siyasi - hərbi müstəvidə əməkdaşlıq var. Ancaq ticarət mübadiləsinin artırılması, turizmin inkişafı, vizanın aradan qaldırılması iki ölkə arasında həllini gözləyən məsələlərdir”.

HAKİMİYYƏT XATİRİNƏ

Politoloq Zərdüşt Əlizadə deyir ki, Azərbaycan kiçik dövlət olduğuna görə qonşudakı böyük dövlətlərin siyasətindən çox asılıdır. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan üçün əsas onlarla yaxşı əlaqələr qurmaqdır: “Azərbaycan hakimiyyəti istəmir ki, xarici dövlətlərdən kimsə ölkədəki müxalifətə dəstək versin. Ona görə burdakı vəziyyətə müdaxilə edə biləcək, müxalifətə dəstək verə biləcək hakimiyyətlərin dövlətləri ilə isti münasibət qururlar. İran, Türkiyə, Rusiya, hətta Amerika hökumətləri ilə. Amerikanın bir xahişi yerdə qalmır, hamısını yerinə yetirirlər. Sözdə Amerika hökumətini tənqid edirlər, ancaq yaxşı münasibətləri var. İlham Əliyev hakimiyyəti xatirinə Türkiyədə istənilən siyasi qüvvə ilə - istər millətçi olsun, istər kommunist, istər separatçı olsun, hamı ilə yaxşı münasibətlər qurmağa hazırdır”.

RUSİYADAKI PROSESLƏRİN TƏSİRİ DAHA BÖYÜKDÜR

Siyasi şərhçi Azər Rəşidoğlu da Türkiyədə erkən seçkinin qaçılmaz olduğunu, bu seçkilərdə AKP-nin səslərini artırmış olacağını düşünür. Onun fikrincə isə Türkiyədə baş verən proseslər Azərbaycana birbaşa təsir edə bilməz: “Hesab eləmirəm ki, Türkiyədəki proseslərin Azərbaycana çox ciddi təsiri var. Rusiya amilini əsas götürürəm. Çünki Rusiyadakı proseslər Azərbaycana çox oxşardır. Rusiyada avtoritarizm gücləndikcə Azərbaycanda da avtoritar meyllər güclənir. Türkiyədəki proseslər isə Azərbaycana ciddi təsir edə bilməz”.

Türkiyədəki son məlumatlara gəldikdə, yerli media noyabrın 1-də erkən seçkilərin keçiriləcəyini yazır. Ancaq avqustun 20-də Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven rəsmi "Anadolu" agentliyinə müsahibəsində belə bir tarixin müəyyənləşdirilmədiyini dedi.

MSK sədri onu da deyib ki, qərar verilsə, seçki iki ay ərzində keçirilə bilər: “Əgər seçki qərarı verilsə, 60 gün içində seçkinin keçirilməsi mümkün olacaq”.

XS
SM
MD
LG