-
Avqustun 8-dən Bakı Metropoliteni stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi «BakıKart» və «BakıKart məhdud istifadə üçün» kartlarından istifadəyə başlanılacaq. Sentyabrın 30-dan isə hazırkı «Metrokart»ın istifadəsi dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, bu kartlardan «BakuBus» MMC-yə aid avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. Yeni kartları bütün stansiyalarda və «BakuBus» MMC-yə məxsus marşrutların Bakıdakı dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək olar.
«BakıKart»ın qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti isə 20 qəpikdir. «BakıKart Məhdud istifadə üçün» kartın qiyməti də 20 qəpikdir. Bu növ karta yalnız satın alınarkən 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Bu növ kart yuxarıda qeyd edilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhərin qonaqları və sakinləri üçün nəzərdə tutulub. Hər iki növ kart heç bir halda geri qaytarılmır.
«METROKART» «BAKIKART»A YÜKLƏNƏCƏK
Avqustun 15-dək «Metrokart»ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq. Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. «Metrokart»ı «BakıKart» ilə dəyişdirmək mümkün olmayacaq. «Metrokart»dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: «Metrokart»ın girov dəyəri «Metrokart»a gediş haqqı olaraq yüklənir. «Metrokart»ın balansı sıfır olduqda atılır və yeni «BakıKart» alınaraq istifadə olunur. «Metrokart»ın girov dəyəri və balansında olan məbləğ «BakıKart»a köçürülərək istifadə edilir.
«Metrokart»ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər istifadə oluna bilər. «Metrokart»ın girov dəyəri və balansında olan məbləği «BakıKart»a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə «BakıKart»ı alıb istifadədə olan «Metrokart»ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd «Metrokart»ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd «BakıKart»a transfer etmək mümkündür.
Avqustun 15-dən sentyabrın 30-dək «Metrokart»ın girov dəyəri sadəcə gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dək metropolitendə «Metrokart» və «BakıKart»ın birgə istifadəsi həyata keçiriləcək.