Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:23

Praqada taksi sürücüsü Bakıdakı həmkarına bunları deyir


-

Bu iki taksi sürücüsü təxminən 4 min km-lik məsafədə yaşayırlar və bir-birini tanımırlar.

Vladislav Holinka Praqanın hüzurlu ruhuna həmahəng- rahat və arxayın əhvalda, bu şəhərdə yayda belə az-az görünən Günəşin qızdırdığı avtomobilində əyləşib, üzündə təbəssüm əlindəki jurnalı vərəqləyir.

Vladislava Bakıdakı həmkarlarının durumundan danışırıq: Nəqliyyat Nazirliyi sürücülərə dayanacaqdan kənarda saxlamağa icazə vermir, sürücülər isə tabe olmaq istəmir. İsti və tozlu Bakıda taksi sürücüləri məyusdurlar.

Çex sürücü deyir: “Təəssüf edirəm. 15 ildir ki, Praqada taksi sürürəm, hökumətin bizlə işi yoxdur”.

İnternetdə avqustun 5-də yayılan bir videoda ortayaşlı bir sürücü səsli-küylü 20 Yanvar dairəsində Nəqliyyat Nazirliyinin əməkdaşını söyür və üzünü kameraya tutub deyir:

“Deyirəm gedirəm Sumqayıta, deyir 100 manat ver get. Adam götürərsənsə, 100 manat verməlisən.. Deyirəm, mən YAP-çıyam, (hakim Yeni Azərbaycan Partiyasını nəzərdə tutur-red.) deyir mən YAP-zad tanımıram. Azərbaycanda 1 milyon dollara ayı kəsib yeyirlər.. (Nəqliyyat nazirinin oğlunun ayı kəsib yeməsi haqda mətbuatda yayılan və nazirliyin təkzib etdiyi məlumata işarə edir- red)”.

"Məcazi mənada demişəm"

15 ildir ki, Praqada taksi sürürəm, hökumətin bizlə işi yoxdur”.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov AzadlıqRadiosuna deyir ki, nazirlik heç kimdən pul almır, şəhərdə tıxacın qarşısını almaq üçün qayda-qanun yaradır:

“Taksilər ayrıca dayanacaqda dayanmalıdırlar. Onlar bunu etmək istəmirlər. Amma biz mübarizəmizi davam etdirəcəyik”.

Hərçənd Nəqliyyat Nazirliyinin adı ara-sıra korrupsiya qalmaqallarında hallanır.

Yerli TV verilişlərindən birində Namiq Həsənov deyir:

“Mən hər gün o eybəcər vəziyyəti görürəm, bu qeyri-qanuni taksilər (lisenziyasız-red.) gəlib avtobus dayanacağını zəbt edir. Onları döyürsən də, söyürsən də xeyri yoxdur. Bizi də öz səviyyələrinə endirirlər”.

Vladislav Holinka
Vladislav Holinka

Bu çıxış 201 min izləyicisi olan HamamTimes Facebook səhifəsində yayılıb və tənqid olunub.

Namiq Həsənov AzadlıqRadiosuna deyir ki, “döyüb-söymək” ifadəsini məcazi mənada işlədib:

“Mən o qədər ağılsızammı ki, belə deyəm. Əlbəttə ki, heç kim döyülüb -söyülmür”.

Bakıda əlacsız Elxan

... 47 yaşlı Elxan Aslanov da Bakı-Sumqayıt arasında taksi sürür. Qarabağ veteranıdır, 13 və 16 yaşılarında iki uşaq atasıdır. Telefonla müsahibəsində AzadlıqRadiosuna deyir ki, Nəqliyyat Nazirliyinin təklif etdiyi dayanacağa Sumqayıt sərnişinləri gəlmir:

“Biz 30-40 nəfər sürücü yığışdıq getdik Nəqliyyat Nazirliyinə, xeyri olmadı. Tıxac bəhanədir. Tıxacı bir-iki sürücü törədir, ona görə bizim hamımızı ərazidən çıxarırlar. Mən həmin dayanacaqda saxlayanda gəlirim 20 faizə qədər az olur”.

Elxan Aslanov deyir ki, ondan pul tələb edən və fiziki və ya başqa cür təzyiq edən olmayıb, sadəcə, Nazirliyin əməkdaşları onu tez-tez cərimələyirlər:

“Mənim başqa əlacım yoxdur, iş tapa bilmirəm başqa yerdə”.

Həqiqət hardadır?

Praqanın mərkəzində taksi dayanacağı
Praqanın mərkəzində taksi dayanacağı

Hüquqşünas, “Yol Hərəkəti Qaydalarının şərhi” kitabının müəllifi Ərşad Hüseynov AzadlıqRadiosuna deyir ki, tərəflər ortaq məxrəcə gəlməlidir:

“Əvvəlcə uyğun taksi dayancaqları quraşdırılmalı, bu dayancaqlar sərnişinlərin diqqətinə çatdırılmalı, daha sonra inzibati tədbir görülməlidir”.

Nəqliyyat Nazirliyindən Namiq Həsənov deyir ki, nəinki 20 Yanvar dairəsində, bütün Bakı ərazisində taksi dayanacağından kənarda saxlamağa icazə verilməyəcək: “Dayanacaqlar var, yeniləri də quraşdırılacaq”.

Yenə Praqa təcrübəsi

... Vladislav Holinkanın şəhəri- Avropada ictimai nəqliyyatın ən səmərəli işlədiyi şəhərlərdən biridir- Bakıdan çoxdan yığışdırılmış tramvaylar Praqanın az qala rəmzidir.

Vladislav deyir ki, o nəinki taksi dayanacağından kənarda saxlaya bilməz, hətta şəhərdə yalnız öz taksi dayanacağında dayana bilər:

“Bizim dayancaqda altı taksi sürücüsü çalışır. Hər ay bu yer üçün 8 min kron (təqribən 340 AZN) ödəyirik. Başqa sürücülər də burda saxlaya bilməzlər. Hər kəsin öz dayanacağı var”.

XS
SM
MD
LG