-
Rayon qeydiyyatında olan minik avtomobillərinin də Bakıya girişinə məhdudiyyətlər tətbiq ediləcək.
Bunu AzadlıqRadiosuna açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
İyulun 23-də Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası «Bakıda nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» qərar qəbul edib.
Həmin qərara əsasən, 5 tondan artıq yük avtomobillərinin saat 7-dən 22-dək paytaxta girişinə məhdudiyyətlər qoyulacaq. O zaman Komissiya sədri, baş nazirin müavini Abid Şərifov apa-ya demişdi ki, bu məhdudiyyətlər rayon qeydiyyatında olan minik avtomobillərinə şamil edilməyəcək.
Kamran Əliyev isə bildirir ki, o zaman məlumat təhrif edilib:
«Bir daha bildiririk ki, eyni məhdudiyyətlər rayon qeydiyyatında olan minik avtomobilləri üçün də tətbiq ediləcək. Abid müəllim axı deyib ki, gün ərzində rayonlardan Bakıya 70-80 min nəqliyyat vasitəsi girir. Duracaqların tikilməsində məqsəd istər şəhərin giriş-çıxışında, istərsə də şəhərin içərisində nəqliyyat sıxlığını minimuma endirməkdir. Paytaxt küçələri, xüsusən də mərkəzi hissələr bu qədər nəqliyyatı buraxmaq qabiliyyətinə malik deyil. Bu, təkcə şəhər sakinlərinin rahatlığı, paytaxtın ekoloji durumunun yaxşılaşdırılması üçün deyil. Bu, həm də digər rayon sakinlərinin də Bakıda rahat, fasiləsiz hərəkəti üçün yaradılmış şəraitdir. Rayon qeydiyyatında olan yük avtomobilləri səhər 7-dən axşam 22-dək şəhərə buraxılmayacaq. Saat 22-dən sonra rahat öz işlərini görə bilərlər».
İSTİSNALAR VAR
Kamran Əliyev deyir ki, rayondan gələn avtomobillərin paytaxta buraxılmasında bəzən istisnalar da ola bilər: «Məsələn, kiminsə xəstəsi var. İstisnalar da xəstələrlə bağlı olacaq və ya kənd təsərrüfatı məhsulları gətirənlərə. Beş-on maşınla sıxlıq yaranmır. Söhbət minlərlə avtomobilə məhdudiyyət tətbiq edilməsindən gedir».
BU QƏRAR KORRUPSİYAYA YOL AÇA BİLƏRMİ?
Bu qərar rayon sakinlərinin avtomobil alarkən Bakı qeydiyyatına saldırmasına və ya, belə deyək, Bakıdakı yaxınlarının adına qeydiyyata alınmasına gətirməyəcəkmi? Kamran Əliyev deyir: «Bu qərar heç bir halda korrupsiyaya yol aça bilməz. Kimsə rüşvət verib şəhərəmi daxil olacaq? Lap tutaq ki, həmin adam avtomobili şəhər qeydiyyatı ilə alsın, axı bu adam rayon qeydiyyatındadır. Belə deyək kimsə çıxış yolları axtara bilər, sui-istifadə halları ola bilər, amma bu addımların qarşısını almaq üçün müvafiq tədbirlər görüləcək».
Bu il Bakıda Avropa Oyunları keçirilərkən tıxacların qarşısını almaq məqsədilə rayon qeydiyyatında olan avtomobillərin paytaxta buraxılmaması haqda qərar qəbul edilib. Kamran Əliyev deyir ki, məhdudiyyətlər artıq qüvvədədir.
Rayon qeydiyyatlı avtomobillər üçün sentyabradək şəhərin iki girəcəyində ödənişsiz duracaqlar tikilməlidir.