Millət vəkili Asim Mollazadə: «Rüsumu artırmaq məmurlara əlavə bir gəlir mənbəyi formalaşdırır. Biz onsuz da, vergilərdən və dövlət imkanlarından istifadə edərək, Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarını yetərincə təmin edirik».
Cənab Mollazadə zərurət olduqda 120 manat verməklə 5 gün müddətinə pasport almağın mümkünlüyünü müsbət dəyərləndirsə də, adi halda pasportların 30 günə verilməsinə qarşı çıxır və bu müddətin 15 günə endirilməsini təklif edir.
Təklifləri Milli Məclisə təqdim edən Maliyyə nazirinin müavini Azər Bayramov isə düşünür ki, səslənən iradların bəziləri qəbul edilə bilər, amma dövlət rüsumunun miqdarı və pasportun verilmə müddəti barədə təkliflərdə bəzi hesablamalara əsaslanıblar: «5 illik pasportların dövlət rüsumu 22 manatdır. Pasportların 10 il müddətinə verilməsi üçün rüsum da 40 manat müəyyən edilib. Burda rüsumun ağırlaşdırılmasını demək düz deyil. Çünki əslində, müddəti iki dəfə artırdıqda rüsum 44 manat olmalı idi. Hazırda isə 40 manat müəyyən etməklə məbləğ aşağı salınır. Pasportlar sürətləndirilmiş halda - yəni 5 gün müddətinə verildikdə rüsumun artırılaraq 120 manata çatdırılması isə pasport alanın öz istəyindən asılıdır. 30 günün 15 və ya daha aşağı müddətə salınması isə hesab edirəm ki, mümkündür».
Hələlik pasportlarla bağlı təkliflər layihəni hazırlayan işçi qrupda təkrar müzakirədədir. Parlamentin spikeri Oqtay Əsədov bildirir ki, yaxın on gündə təkliflər millət vəkillərinin müzakirəsinə çıxarılmalıdır.