Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:42

Ömər Xəyyam. Astrologiya şou-biznesdir...


Ömər Xəyyam
Ömər Xəyyam

- "Doğuşu qəbul edən həkim uşağa Marsdan altı dəfə çox qravitasiya təsiri göstərir. Hansısa uzaq ulduzun bizim həyatımıza təsiri gülüncdür…"

Ömərlə Xəyyamın söhbəti

Ömər:

- Qədim Yunanıstanda ən güclü cadular batmış gəmilərin mismarları ilə yazılırdı.

Xəyyam:

- Qədim cadulardan birində deyilir ki, balığın ağzını tikməklə, istədiyin adamı susdurmaq olar.

Bu cür fenomenlər realdır, yoxsa 21-ci əsrə qədər davam edən və tarixi köklərə sahib şarlatan sektasının müasir nümayəndələrinin uydurmalarıdı? Bu mövzu ən azı bəşəriyyətin özü qədər qədimdir.

Tarix belə sehr-cadu faktlarının ən qədim insan topluluqları dövründən yaranması ilə bağlı faktlarla zəngindir.

Ömər:

- Ən qədim magik rituallar dinlərin formalaşması, kompleksləşməsi və qəbilə daxilində sosiallaşmasına qədər olan dövrlərdə reallaşdırılıb.

Belə ki, insanlar təbiət qüvvələrinə qarşı qorxularını və ehtiramlarını bildirmək üçün müəyyən rəqslər edib, qurbanlar verirdi.

Sehrli qüvvəylə, daha güclü məxluqatla əlaqə saxladıqlarına inanırdılar. Psixoloji aspekt olaraq ilk dinlərlə ilk magiyanın yaranma səbəbi eyni idi.

Təbiət hadisələri qarşısındakı qorxu hissi! Bütün bu elmi yanaşmalara baxmayaraq, güclü bir qüvvənin varlığı həm o dövrdə, həm də indi açıq-aşkar sezilir.

Xəyyam:

- İstənilən dövrdə insanların bu cür mistikalara inanması psixoloji qeyri-adekvatlıqdan irəli gəlir. “Dənizə düşən samana da sarılır” məsəli bu insanlarda əsas instinktə çevrilir.

Fikir verəndə anlamaq olur ki, magiyaların hamısı formalaşdığı dövrün tələbinə uyğun olan maddi və ya mənəvi dəyərlərin əldə edilməsinə yönəlib.

Məsələn, natural təsərrüfat dövründə tətbiq olunan magiyalar arasında pul magiyası yoxdur. Ancaq bu gün pul qazanmaq üçün minlərlə magiya var.

Bu, sadəcə insanları ehtiyacı olan şeyləri rahatlıqla əldə edə biləcəklərinə inandırmaq, şirnikləşdirmək üçün qurulan bir oyundur.

Bundan əlavə, minlərlə faktlar var. Qədim Yunanıstanda bu cür oyunlar insanların gündəlik həyatının bir parçası idi.

Məsələn, Demokrit hesab edirdi ki, buqələmunun başını palıd oduncağının odunda yandırmaqla tufan çağırmaq olar (bu cadu Palanikin “Layla” əsərində var).

Məncə, sahibkarlar heç bir buluda illik yağış normasına görə “buqələmun başı” valyutasıyla rüşvət vermir.

Ömər:

- İstənilən halda caduların, bəd nəzərin varlığına yox demək olmaz. Xeyli faktiki nümunələr var. Təsadüfi deyil ki, ən qədim dövrlərdə şahların, kralların öz kahinləri, münəccimləri olurdu.

Analoji hal bu gün də davam edir. Məsələn, ABŞ prezidenti Con Reqan bütün tədbirlərini, uçuşlarını, çıxışlarını öz astroloqu ilə müzakirə edirdi. Teodor Ruzvelt qoroskopik təqvimini Ağ Evdəki kabinetindən asırdı.

İndira Qandi, Marqaret Tetçer, Jak Şirak kimi siyasətçilər davamlı olaraq astroloji proqnozlar sifariş edirdi. 1929-cu ildə Krasnodarın Qelençik şəhərində Stalinin tələbi ilə SSRİ-nin ən yaxşı astroloqlarının iştirakı ilə konfrans keçirildi.

Bu hadisə həmin dövrdə ateist mövqe tutan bir imperiya üçün kifayət qədər qeyri-adi addım idi. Hadisənin ən maraqlı tərəfi bunda xeyil.

Konfransın birinci hissəsi bitəndə bütün astroloqlar maşınlarına minib nahar etmək üçün yola düşdü və bir daha onlardan xəbər çıxmadı.

Daha sonrakı sənədlərdə onların “Butırskaya” həbsxanasında saxlanıldığı və “12 nömrəli Xüsusi Konstruktor Bürosunda” ömürlərinin sonuna qədər Stalinin göstərişi ilə proqnozlar verməyə davam etdiyi məlum olub.

1931-ci ildə Stalinin özünün göstərişi ilə planlaşdırılıan Moskva metrosu da ideal astroloji quruluşa malikdir. 12 stansiyalı metronun hər stansiyası bir zodiak bürcünə təsadüf edir. Bütün bu faktlara sizin münasibətiniz necədir? Sizcə bunlar sadəcə təsadüfdürmü?

Xəyyam:

- Öncə onu qeyd etmək istəyirəm ki, Astrologiya Astronomiyadan fərqli olaraq elm deyil və buna görə də onunla aparılan araşdırmalara inanmaq gülüncdür.

Siyasətçilər də adi insanlardır. İnanmaq, təsirə düşmək insana xas olan xarakterdir. Onların prezident, siyasətçi olması heç də zəif və təsirə meylli olmadıqlarına dəlalət etmir.

1955-ci ildə Fransız Mişel Qatlen 40 min parislini bürc, xarakter və fəaliyyət növlərinə görə təhlil edib. Təhlilin nəticələrinə görə bürcün nə xarakterə, nə də fəaliyyət növünə təsiri var.

Bu göstərir ki, astrologiyanın statistik əsası yoxdur. Təsadüflər isə hər halda qaçılmazdır. İnsanlar statistikaya yox, baş vermə ehtimalı sıfıra yaxın olan təsadüflərə inanır.

Digər tərəfdən bir qrup astroloq deyir ki, proqnozun dəqiqliyi üçün dəqiq doğum tarixi tələb olunur. Siz dəqiqəsinə kimi öz doğum anınızı bilməlisiniz. Beş dəqiqəlik bir yayınma belə səhv proqnoza səbəb ola bilir.

Bunun artıq dələduzluğa işarədir. Alınmayan istənilən proqnoz üçün astroloqun bu cür bəhanəsi var. Astronomiya elm, astrologiya isə şou-biznesdir. Cadugərlik həmçinin...

Onu nəzərə almaq lazımdır ki, doğuşu qəbul edən həkim uşağa Marsdan altı dəfə çox qravitasiya təsiri göstərir. Hansısa uzaq ulduzun bizim həyatımıza təsiri gülüncdür.

Ömər:

Vəbanı müalicə edən kənd həkimi kimi tanınan Nostradamus... Öncəgörmələri ilə tarixə adını yazmağı bacardı.

Bu gün də onun əlyazmaları öz aktuallığını qoruyur. Hələ də bu yazılar araşdırma mövzusudu. İstənilən halda nə öncəgörməni nə də magiyanının yoxluğunu iddia etmək olmaz. Bu məsələlərin varlığını təsdiq edən çoxlu tarixi faktlar var.

Xəyyam:

- Əsaslı dəlillər deyil. Nostradamus gələcəyi görən, vəbanı müalicə edən adam kimi tanınmasına baxmayaraq öz arvadı, iki uşağı vəbadan öləndə heç nə eləyə bilmədi.

Həm də, onun yazıları müxtəlif mənaya yozula bilər və dəqiq tarix yoxdur. Nostradamus gələcəkdən yox, keçmişdən yazıb. Daimi təkrarlanan tarixi hadisələrdən. İstənilən halda onun yazılarından çıxarılan nəticələr ancaq yozumlardır.

Ömər:

- Nə qədər inkar etsək də, bu qüvvələr realdır. Brejnyevin dövründə Sovet Kəşfiyyat agentləri astroloji bacarıqlardan imtahan verirdi. Geoteya, Lemegeton bu fenomenin varlığını təsdiqləyir.

Lemegetonda hətta çağırılacaq cinlərin adları, növləri, görüntüləri, simvolları, çağırılma formaları açıq şəkildə göstərilib. Bütün bunlar realda mövcud olan faktlardır. Digər bir fakt isə ekzosizm hallarıdır.

Şərqdə cin girmə olaraq bilinən hallar... Bu faktlar internetdə kifayət qədər yayılıb və güclü rezonansa səbəb olub.

Xəyyam:

- 1973-cü ildə “Exorcist” filmi çıxdı, böyük rezonansa səbəb oldu. Filmin ssenarisi 1949-cu ildə baş vermiş bir hadisədən götürülmüşdü. Sent Luisdə yaşayan 13-14 yaşlı Riçard adlı məktəbli hekayənin baş qəhrəmanıdır.

Hər şey Riçardla xalasının ruhunun əlaqəyə girmə cəhdindən başlayır. Spiritik lövhə ilə... Bir müddət sonra evdə su səsləri eşidilməyə başlayır.

Daha sonra evdə əşyalar tərpənir, Riçardın bədənində yazılar peyda olur. Həkimə aparırlar faydası olmur. Keşişin 28 günlük cəhdiylə ruh bədəndən çıxarılır.

Standart Eqzorsizm halları bu ssenariyə uyğun baş verir. Tibbi baxımdan bu, gicgah payının epilepsiyası olaraq izah oluna bilər. Gicgah payı epilepsiyası hallüsinasiyalar, maniyalar, fəlsəfi və dini ideyalara meylliliklə xarakterizə olunur.

Bu, eyni zamanda Menxauzen sindromuyla izah olunur. Əslində həmin uşağın xəstəliyində, şıltaqlığında deyil. 1973-cü ildə bu film baxışa girəndə kütləvi psixozlar başladı. Katolik kilsəsinə bu ayinin keçirilməsi ilə bağlı saysız təklif gəldi.

Cadugərlər də öz seanslarında şou göstərməklə insanlardan pul yığırlar. İstənilən halda insanlar nəticəyə yox, şouya pul verir. Hötenin “Gənc Verterin iztirabları” əsəri üçün belə bir iddia var idi ki, guya onu oxuyan gənclər intihar edirdi. İndi efir, internet var və bu cür insanlar daha çox kütləyə təsir edə bilir.

Suqqestiv lingvistika deyilən bir elm sahəsi var ki, sırf sözlərin və söz birləşmələrinin psixikaya təsirini öyrənir. Bu elmə görə sözlər işıqlı, qaranlıq və neytral sözlərə bölünür.

Bu cür söz xarakteristikasından son dövrlərdə reklamlarda da istifadə olunur. Sözlər tiplərinə görə insan psixikasına və təxəyyülünə təsir edə bilir.

Cadugərlər isə heç vaxt yaxşı proqnoz vermədiyindən insan psixikasında uyğun dəyişikliklər gedir. Bu işi manipulyasiya və illüziyadan başqa bir şey hesab etmirəm.

XS
SM
MD
LG