Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Ömərlə Xəyyamın söhbəti


Ömər Xəyyam
Ömər Xəyyam

-

Ömər Xəyyam

SİDİK ANALİZİNDƏ SEVGİ...

(Ömərlə Xəyyamın söhbəti)

Ömər:

Motsartın fikrincə “Nə yüksək intellekt, nə təsəvvür, nə də bunlar ikisi birlikdə dahi yarada bilməz. Yalnızca sevgi, sevgi və sevgi dahinin ruhudur.”

Bir qism yazıçılar, filosoflar bu hissi izaholunmaz və spontan, heç bir qanunauyğunluğa tabe olmayan hesab edir.

Xəyyam:

Kişi istənilən qadınla xoşbəxt ola bilər, əsas odur ki, ona aşiq olmasın. Bu günkü elm artıq sevgidən tutmuş nifrətə qədər bütün emosional halların izahını verməyə qadirdir. Elm bunu beyində baş verən biokimyəvi aktivliyin nəticəsi hesab edir.

Hətta 2007-ci ildə Bostonda açılmış tanışlıq agentliyi ora müraciət edənlərdən şəkil və şəxsi keyfiyyətlər tələb etmir. Onlar üçün sadəcə sidik və qan analizi kifayətdir.

Vəd edirlər ki, mikrobioloji analizlər nəticəsində sizə elə əks cinsdən olan potensial sevgili tapa bilərlər ki, onunla 100% xoşbəxt ola bilərsiniz.

Ömər:

Bu fikirlər nə qədər inandırıcı, sistematik və təsdiqlənmiş olsa da, bu nəzəriyyədə bəzi boşluqların olduğu aydınca nəzərə çarpır. Belə ki, bu, nəzəriyyə sırf qadın kişi arasında olan intim münasibətlərin necə formalaşdığı sualını qismən cavablandırsa da, ana, ata, qardaş, dost və s. sevgisinin izahında çarəsiz qalır.

İstənilən halda bu sadalanan sevgilər insan həyatının hər dövründə rastlanan və digər tərəfdən onun həyatının böyük bir hissəsini əhatə edən sevgilərdir.

Və bu sevgilər o tip sevgilərə aiddir ki, bunlar daha çox qurban tələb edir və eyni zamanda da daha çox qurban verir. Balasını xilas etmək üçün özünü qurban edən ana faktları saysızdır.

Bunu analıq instinkti ilə əlaqələndirmək olar. Bəs o zaman ata, dost və eyni zamanda ataya və dostun sənə sevgisini necə izah etmək olar.

Sizcə də bu elə bir hiss deyilmi ki, təbiətin bizə yeritdiyi ən başlıca instinkt olan özünüqoruma instinktini belə sıradan çıxara biləcək qədər böyük bir emosional gücə malikdir?

Xəyyam:

Elm sevgi prosesinin özünəməxsus izahını verir. Belə ki, əks cinsi görən fərdlərin limbik sistemi fəaliyyətə keçir və qana adrenalin ifrazını təmin edir. Bunun nəticəsində ürək döyüntüsü artır və sifət qızarmağa başlayır. Bu digər cinsdən olan fərd üçün bir növ siqnaldı.

Daha sonra testosteron ifrazı artır. Testosteron tərlə çölə çıxır və bu zaman angesterona çevrilir. Angesteron dəri səthinda olan bakteriyalar tərfindən mənimsənir və xüsusi qaz ifraz edirlər. Hər insanın bakteriya fonu fərqli olduğu üçün ifraz olunan qazından özünə məxsus qoxu fərqi olur.

Bu qoxu isə sırf əks cinsin marağını cəlb etmək üçün ifraz olunur. Əgər bu qoxu əks cinsdə xoş təəssuratlar yaradırsa bu onun da limbik sistemini həyata keçirir.

Daha sonrakı proseslər isə sırf nəsilartırma məqsədinə qulluq edir. Yəni baş verən bütün proseslər sırf təkamülün tələbi ilə növbəti nəslin formalaşmasına xidmət edir.

Araşdırmalar isə göstərir ki, hər iki cins seks istəyir deyə, bunu sevgi kimi təsvir edir.

Çünki kişilərin və qadınların sevə biləcəyi tiplər sistematk olaraq məlumdur. Kişilərin əksəriyyəti bel və omba nisbəti 3:4 nisbətində olan xanimları fiziki olaraq daha cazibədar hesab edirlər.

Eyni zamanda cazibədarlıq kriteriyasına dolğun saçlar, dodaqlar, simmetrik üz quruluşu, sıx qaşlar və döşlər daxildir.

Bu, kişi üçün potensial olaraq daha yaxşı və sağlam nəsil yaranma imkanının olmasını göstərir.

Kişilər bunu instinktiv olaraq duyurlar. Eyni şey qadınlara da aiddir. Qadınlar daha çox əzələli, enli kürəkli, böyük sinəli, möhkəm qollu və özündən arxayın kişiləri cəlbedici hesab edirlər. Bu da eyni zamanda qadın üçün instinktiv olaraq sağlam nəslin yetişmə ehtimalına işarədir.

Ömər:

Qeyd etdin ki, sevgi üçün fizioloji göstəricilər əsasdır.

Daha doğrusu bu fizioloji göstəricilər cütlüklərin və əlaqələrin qurulmasında əsas qanunu təşkil edir. Ancaq bunun əksini göstərən faktlar var ki, bu nəzəriyyə ilə nəinki uyğunluq təşkil etmir, eyni zamanda onu bir növ alt-üst edir.

İstəsən araşdır dediyimi, götürək Nik Vuyçiçi. Onun qolları və ayaqları yoxdu. Sadəcə bir ayağı rudiment kimi qalıb. Ancaq bu Kanae Miaxarenin onu sevməsi üçün əngəl deyil.

Onların artıq uşaqları da var. Sonra Kenni İsterdey- ayaqları yoxdu. Bu da onun sevməsi və eyni zamanda sevilməsi üçün əngəl deyil. O da Nik kimi artıq övlad sevgisini də dadır.

Bu faktlar seks üçün sevgi və fizioloji olaraq daha sağlam fərdlə birlikdəlik fundamental anlayışları ilə total ziddiyyət təşkil edir.

Xəyyam:

Elmi cəhətdən təsdiqlənib ki, sevgililərdə serotonin hormonu ifrazı artır. Bu hormonun xüsusiliyi ondadır ki, o yalnız sevdiyi şəxsi vizual olaraq görən adamlarda formalaşır. Yəni siz sevgilinizi görürsüz və bədəniniz serotonin bolluğuna düşür.

Sevgilinizi görmürsünüz və ya səsini eşitmirsiz onun ifrazı dayanır. Bədəninizdə serotonin aclığı yaranır. Yəni sevgiliniz sizin üçün bir növ doza rolunu oynayır.

Yəni hər şey əvvəldə qeyd etdiyim kimi beyin səviyyəsində biokimyəvi balansın dəyişməsi ilə baş verir. Sevgi deyilən hadisə sırf olaraq limbik sistem, hipotalamus və hipofizin yaratdığı hormonal kokteyllər əsasında formalaşır. Sevginin bu cür matereallaşa bilməsi və izaha yatımlı olması sizin üçün ümumi sevgi dəyərində ucuzlaşma hissi yaratmır ki?

Ömər:

Sevginin sırf sekslə əlaqələndirilməsi mənim fikrimcə düzgün deyil. Yəni sevgi sonu sekslə izah olunacaq bir proses deyil.

Sevginin yataq otağı yoxdu. Bunun dünyada real nümunələri də var. Aseksuallar. Bu adamlar seksə yox kəslərdir. Çox qeyri-adi səslənsə də aseksual cütlüklər və eyni zamanda evliliklər də mövcuddur. Paul və Amanda. Onların hər ikisi aseksualdı və buna baxmayaraq evlidirlər. Hal-hazırda da bir birlərini sevirlər. Jenni və Tim. Bu evlilikdə isə Jennidən fərqli olaraq Tim asseksual deyil. Sadəcə Jenniyə görə o öz seksual tələbatlarından əl çəkib.

Bu cütlükləri göstərməkdə məqsəd heç də bu orientasiyanın reklamı və bu seçimə marağın artırılması deyil. Sadəcə real sevgi hekayələrinin çatdırılmasıdır.

Bu cür cütlüklərin sayı dünyada kifayət qədərdir. Eyni zamanda nəsilartırma instinkti eynicinsli sevgilər zamanı da qeyri-realdır. Bu qeyri ənənəvi orientasiyaya əsaslanan cütlüklərdə əsas və ümumi faktor sevginin olmasıdır.

Xəyyam:

Əlaqələrdə əsas katalizator rolunu maddiyyat təşkil edir. Bu gün puluna görə yaşlı kişilər və qadınlarla evlənənlərin sayı heç də az deyil.

Eyni zamanda bütün qadınların arzusunu varlı ər, böyük villalar, zinət əşyaları, bahalı maşınlar və geyimlər bəzəyir. Bu sırf qorunma instinktinin sevgi emosiyasını almasına görə baş verir. Sevginin dəyəri var və sevgini barter etmək olar.

Ömər:

Oşo deyirdi ki, sevgi möcüzədir. Əgər həyatınızda real elmin belə tam izah edə bilmədiyi bir möcüzə yaşamaq istəyirsinizsə yaşınızdan və kimliyinizdən asılı olmayaraq sevin. Sizin sevginiz növbəti sevgilərin təməli olsun.

Xəyyam:

Hər nə qədər biokimyəvi fon dəyişikliyi olsa da, hamının bu hissi yaşamaq haqqı var. Və bilmək olmaz bəlkə də bu beyin aktivliyi ya da isntinktiv seçim sizi ömrünüzün sonuna qədər xoşbəxt etdi.

Ona görə də beyninizi işlətməyi və dinləməyi unutmayın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG