Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 01:52

Təbrizin xiyabanları qanun...


Xosrov Barışan

- Arazın o tayından şeirlər

Xosrov Barışan

XOSROV BARIŞANI SORUŞSANIZ...

“Xosrov Barışan”ı soruşsanız...

Oradan getdi burasızlığa hər gün;

Yol yanğını bir yuruşu;

Ayaqları yerişinə ağır yükdür!

Ayaqları qırmızı alarm!

Yeridiyi küçə

İki nəfərlik yalqızlığı qədərdir.

Kim yazsa adresini qorxar!

Bir paradoks heykəlidir suallar bulvarında!

Eşiyi içini danar, içi eşiyini!

Qapananda qapılar

Şeirlərində qaçaq;

Addımları tarixə quylanar.

“Xosrov Barışan”ı soruşsanız...

Səhər olsa

Yuyar

Əl-üzünü ışıqla

Və göyə sarı darar saçlarını.

Habelə ana qarnından ölümlə adaqlı;

Doğulandan şer ilə evli;

Ürəyi yumruğudur.

Sevməyi yumruğundan böyük;

Tutduğunda əli boşa gedər.

Boğular bütünlədəndə əskik yanını!

Gönül verdiyi

Qəhbələrin bakirə kraliçəsi!

Ölümdən qaçıb da şeir yazar.

Buludları quş sıçar, quşları qanad!

Qəfəsdə uçmaq ən qırcanan sevgilisi.

Eylə odlu öpüşər ki

Söndürər bütün çıraqları.

İnciyəndə küsməz,

Yarım qalar.

“Xosrov Barışan”ı soruşsanız...

Qaranlıqdaki çığırmadır

Bu umud oyan nəfəslaqda.

Quşğuları tiğə ağzında yaşayar.

Tilfunlarının dalısında gecə pıçıltısı;

Sevgilisini qarabasmalarda oğurladılar.

Hirsində vardır tütsüsü...

Tütsüsündə böyütdü ulduzunu...

Yuxusunu qurdu hirsində...

Və bir məktəbdir yuxuları

Oxunulsa

Diksinib oyanar!

Bu günü dünəninə dustaqdır,

Dünəni bu gününə.

Gördükləri hər zaman yasaqdır yasaq...

“Xosrov Barışan”ı soruşsanız...

Hər sorununu

Şeirlə çözməyi düşünür.

Yada şeirin

Özüdür elə,

Heç bir qaliba sığışmaz,

Özünə belə,

Dərd çəkər, dərd...

Yazdıqları naşirlərin,

Qazilərin çörək ağacıdır.

Yalqızlığı yoxluğu qədərdir.

Həyatı bir filimdir,

Çəpik çalacaqsınız bitcək.

1394\1\...

GECƏNİN DALISINDA DURMA, GƏL

Gecənin dalısında durma, gəl.

Pəncərələrə mıxlanır gözlərim!

Paslı...

Paslı...

Paslanıram!

Yuxularım aftafa oğrusu!

Bu çıtlaq günlərim

İşqalaq, içi boş..!

Ekrandadır qorxu filimi...

Bütün saatların batrılarını qurtarmışam.

Gecənin dalısında durma, gəl.

Gecənin qapıları çox.

Gecənin gözləri yox.

Gözlərim səninkidir,

Yumsan öləcəyəm!

Gecədir

İntiharlar nəfəsi.

Gecədir

Yalqızlığın yorğun səsi.

Doğulacağam baxışların burulğanında.

Sən demə ön görmüşəm taleyimi şeirlərimdə!

Gecənin dalısında durma, gəl.

Xiyaban tilfunlarında susğunluğum;

Dənizlər yaradılır ürəyivin çırpıntısında.

Söyüşlərin alovu caydıramaz məni.

Çirkin qarabalığam;

Dənizdən bir az göy üzü yağsa

Yoxluğuvun qaranlığında boğulacağam.

Qıp-qırmızıdır qız gözlərin!!!

Gecənin dalısında durma, gəl.

Bir zindan doğacaqdım mən,

Bir hörümcək,

Bir ışıq!!!

İşığa qaçsam təsadüf olacaq!

Sığınsam əllərivə

Tora düşəcəyəm!

Gözlərin beynimdə gedir kuf...

Kuf...

Kuf...

Kufuldayır gözlərin.

Gecənin dalısında durma, gəl.

Nədəndir yorğan-döşəyim xəncərindir?!

Nədəndir o çılpaq bədənin

Dağ basılır bədənimə?!

Nədəndir seksimiz cinayət olur?!

Nədəndir həyat doğulur cinayətdən?!

Və nədəndir eşqimiz anadır silahlara?!

Gecənin allığına basılıram.

Gecənin dalısında durma, gəl.

Sənə tamamlanmamış bir şeir kimi bağlandım.

Kəlmə-kəlmə sevdim varlığıvı.

Mən şair olmadım ki

Ayaqlarım səni yazdılar!

Sən corab deyilsən ki...

Ağlama...

Çözə bilmirəm devrimlərivin düyümünü!

Mən axışa qarşı üzürəm.

Gözyaşlarında boğularam.

Xoşbəxtlik açılan pəncərədir.

Səni bitirmədən

Ölməkdən yaman qorxuram.

Gecənin dalısında durma, gəl.

Məni kimsə duymaz,

Səsim ağır.

Məni kimsə qaldırmaz,

Səsim yağır!

Radarlar dışıdır yolum yavrum!

Gecənin fahişəliyidir şəhərlər.

İtmə, mənə bax.

Gecənin dalısında durma, gəl.

GÖZLƏRİN

Ən vəhşi

Canavardır gözlərin.

Yeyin qaçsam da yeyinlər;

Nə qədər qaçsam da

Sonunda yaxalar adamı!

Ən islaq topraqdır gözlərin.

Bir ömür əvəz verilər

Onda quylanıb

Yenidən göyərmək üçün.

Yəni gözlərin

Ölümün özüdür sevgilim.

1392/10/2

LEYLAYA

Adımızı soruşsalar sevgilim;

Mənim adım yalqızlıq,

Sənin adın gecə.

Gözlərin xəyanət vitrini olmasın, saqın.

Mən sənlə anlama çatar.

Sən məndə anlama çatar.

Bir bulud keçər qalabalıqlar üzərindən;

O bulud mənəm.

Və ulduzlar xəlvət küçələrin addımlarından başlanar,
göydə sayılmaz.

Sırrlar səndən başlanar,

Məndə çözülməz.

Səni sevmək

Suallara dalmaqmış demək!

Özümü düşüncəmdən asıram!

Səndə hələ Leyladan Mövlaya çatacaqdım.

Getmə, sənsiz əksiyəm inan.

Sənin qızlığında,

Qızıllığında gecənin basılmışam.

Mən bir körpəyəm canım

Döşlərivi (Düşlərivi) əmsəm böyüyərəm.

Ah...

Bir göyərçin olub uçsam gözlərində..,

Göy utansa..,

Yağış yağsa..,

Yalnız ıslansa şairliyimin başmaqları..,

Kəlmələrin gəlişində sürünsəm, sürünsəm..,

Ürəyim ağzıma gəlsə..,

Ağlamadan ölümdən qaça bilsəm;

Şair olardım mən də.

Bu duvar, duvar deyil

Məni səndən ayırmasa.

Bu topraq, topraq deyil

Məni səndə quylamasa.

Bu trafik, trafik deyil

Şeir olub yazılmasa.

Şeir deyil ki bu yazdığım..,

Söz doğrayıram nisgil tiltəsinə.

Hər kəs sənə ulduz deyə

Özüm sənə ay demişəm.

Bir qurd olub ulayıram.

1393\5\...

SEVDA DOLU SAYIQLAMA

Bu ayrılıq ölüm deyil,

Deyilmiş ki gülüm,

Yaşamaqmış yaşamaq

Bütün cəsarətinlə;

Yeriyən kimi qıl körpüsündə

Başlayan yerində bitən bir körpü

Dar həlqəsi təkin.

Hal bu ki

Mənə sən

Ölüm kimi yaxınsan

Yaxın sevgilim.

Səndən ayrı da

Səni düşünərək

Yaşamaq olarmış.

Nədənsə səni birtəhər anlayanmadım;

Anlayanmıram!!!

Varlığıvın dərinliyinə dalanmadım;

Dalanmıram!!!

Sən mənə gərəkdin;

Gərəksən.

Mən sənə məcbur!

Məcbur!

Məcbur..!

Gəzdim, dolandım, axtardım,

Tapanmadım sənin kimi bu yerlərdə!

Sən yalnız mənə biçilmişsən.

Sən məndin bəlkə də,

Mən sən?

Bilirsən ki əksikliyə dözənmərəm.

Qapı açıqdır hər zaman, açıq...

Bildim gələcəyivi,

Olacağıvı mənlə.

Öpüb somurub dodağıvı,

Dolacağımı sənlə.

***

Get-gedə daralır çəmbər dar həlqəsi tək,

Öpüşən bir dodaq kimi!

Nuxtənin üzərində yerimək olmaz ki...

Birazdan o da silinəcək

Boşaldığı kimi

Bir zadın bir zaddan.

Qapı açıqdır.

Buyur...

Dolması kimi bir zadın bir zada.

Anlayış kimi buyur.

Buyur...

Xoş gəlmişsən.

1384/...

TƏBRİZİN XİYABANLARI

Təbrizin xiyabanları soyuq.

Təbrizin xiyabanları nisgil.

Təbrizin xiyabanları ləmşək.

Təbrizin xiyabanları qanun.

Təbrizin xiyabanları vəhşət.

Təbrizin xiyabanlarında Arzıyla Umud

Gizlicə əl-ələ gəzişib öpüşürlər;

Ancaq çullarında pulları yox!

Təbrizin xiyabanlarında ürəyim ağzıma gəldi!

Təbrizin xiyabanları hərrac...

Təbrizin xiyabanlarında pasajlar düzəlir hey.

Təbrizin xiyabanlarında elə

Vətəndaşlar vətəni daş etdilər!

Təbrizin xiyabanları trafik...

Yolaqlar yoluxur mənə,

Sənə,

Ona;

Yollanırıq.

Bizlər yoluxuruq yollara;

Yol-yol olub tıxanırıq.

Təbrizin xiyabanları sənsiz...

Təbrizin xiyabanlarını yaya dolanıram gecə-gündüz sürünərək

Səssizliyimin başmaqlarında toydur!

Ah... hansı qış səni görsə

Soyunub olar bahar.

“Bahar” xiyabanında unudulmuş bir şair yaşar;

Geçər..,

Geçər qırmızı çıraqlardan həp.

Təbrizin xiyabanları tummuş,

Yapa-yalqız...

Yorğun...

Yorğan, Təbrizin xiyabanları yorğan...

Çəkərəm

Üstümə,

Gözümə,

Başıma.

Nə olar Qara giləm

Gəl

Məni bu yuxudan oyat.

1393\9\...

XS
SM
MD
LG