Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:18

Farsca yazan şairlərimiz Azərbaycan türkcəsində yazmağa başlayıblar!


Sayman Aruz
Sayman Aruz
Şair Sayman Aruz aprelin 26-da Azərbaycan Yazıçılar Birliyində məruzə etdi. "Güney Azərbaycanda çağdaş ədəbi proses" adlanan qurultayqabağı məruzənin mətnini oxu!


GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBİ PROSES

Hər dövrün ədəbi prosesinin formalaşması ictimai, siyasi, sosioloji mühitin məhsulu olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Tədqiqat obyekti kimi nəzərə aldığımız Güney ədəbi prosesinin tarixən keçdiyi müxtəlif mərhələləri də bu fikrə təsdiq möhürü vurur.

Bunun üçün Məşrutə İnqilabı illəri, Xiyabani hərəkatı dövrü, sonrakı illərdə Rza xanın mürtəce hakimiyyət illəri və Milli hökümət dövrünün ədəbi hərəkatının dalğalarını yada salmaq kifayətdir.

Haqqında söhbət açmaq istədiyimiz ədəbi hərəkat da çox dəqiq ünvana malikdir:

GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBI PROSES

1979-ci ilin fevralında İranda baş verən inqilabı adətən bənzərsiz keyfiyyətləri ilə xarakterizə edirlər.


Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdur. Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türk dilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşgül məsələdir.
Siyasi ədəbiyyatda isə bir qayda olaraq onun ünvanına anti-imperialist, antimonarxiya sifətlərini işlədirlər.

Öz xarakteri, əhatə etdiyi qüvvələrin rəngarəngliyi, ona rəhbərlik edən zümrələrin tərkibi həmin epitetləri kifayət dərəcədə doğruldur.

Bu inqilabda fəhlə də, kəndli də, qadın da, tələbə də, sənətkar da, ruhani də, milli burjuaziya da, hətta, sonradan ona arxa çevirən böyük sərmayədarlar, iri topaq sahibləri də iştirak edirdilər.

Müəyyən bir qrupun əlinə keçən bu inqilab xalqın olmasa da, onun ünvanı tarixə Xalq İnqilabı kimi daxil oldu.

İnqilabın ilk illərində xalqin içərisində keçmiş Şah irticai dövrünün sona çatdığını düşünüb müəyyən azadlıqların olacağı ümidi ilə yeni ədəbi mühitin ana dilli nümunələri, aşağıda adlari göstərilən qəzet və jurnalların yaranması oldu:

“Ulduz”, “Yoldaş”, “Koroğlu”, “İşıq”, “Çənlibel”, “Qardaşlıq”, “Molla Nəsrəddin”, “Azadlıq”, “Odlar yurdu”, “Varlıq”, “Dədə Qorqud”, “İnqilab yolunda”, “Ülkər” “Yaşmaq” “Yapraq” “Günəş” və sairə.

Diqqət etdikdə bu mətbu orqanların sadəcə adları belə onların hədəf və ideya istiqamətləri barədə yetərincə təsəvvür yaradır.

Doğrudur, bu bahar müjdəçilərinin çoxu elə doğrudan da bir novruzgülü ömrü qədər yaşadı.

Lakin əsas cəhət onları doğuran ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi.
Inqilabdan sonra ədəbi prosesin qabarıq cizgilərindən biri poeziyanın qabaqcıl mövqedə addımlaması oldu. Təbii ki, bu səbəbsiz deyildi.

Burada şeirin çox qədim və zəngin ənənələrə malik olması, dövrün, zamanın, ictimai həyatın sifarişinə əks-səda verməkdə çeviklik qabiliyyəti çox mühüm, bəlkə də həlledici rol oynadı.

Bir də əlbəttə, Güneyin Ustad Şəhriyar, Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan, Müzəffər Derəfşi kimi təcrübəli sənətkarları yaratdıqları əsərləri ilə döyüşkən və inqilabi ruhlu ədəbiyyatın bünövrə daşını qoymuş Əlirza Nabdil (Oxtay), Mərziyə Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin yaradıclıq yolunu davam etdirdilər.

Heydər Xətibi, Ələkbər Həddad, Həmid Nitqi, Həsən İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən Savalan, Sönməz kimi sənət yolçuları inqilab dövrünün mübariz və döyüşkən poeziyasının çağırışına gur səslə cavab verdilər.

Məmmədhüseyn Şəhriyar
Lakin ölkədə qalib gələn xalq inqilabı bir sıra daxili və xarici səbəblər üzündən xalqın, xüsusilə zəhmətkeş təbəqələrin ümidlərini, arzularını axıradək doğrultmadı.

Buna isə ədəbi proses laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu, Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari, Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların qələm məhsullarında dolğunluğu ilə özünün bədii əksini tapdı.

Çağdaş ədəbi prosesə xas olan ümdə cəhətlərdən biri də poeziyada satirik meylin qüvvətlənməsi idi.

Məncə, bunu başlıca olaraq iki amil ilə izah etmək olar.
Əvvələn, həyatın özündə satira üçün bol qida mənbələrinin mövcudluğu, digər tərəfdən isə klassik irsə sədaqət çox mühüm amil hesab edilməlidir.

Yaşı min illərlə hesablanan söz xəzinəsində Sabir və Möcuz kimi korifeylər olan sənət dünyası öz xələflərinin yaradıcılıqlarına təsirsiz qala bilməzdi. Bircə nümunə olaraq:

Haşım Tərlan deyir:

Qaça-qaçdır yenə də, oğru əyanlar qaçır a...
Milləti sağmal inək, pəxmə sayanlar qaçır a...


Maraqlıdır ki, satirik yaradıcılıqda karikaturalara geniş meydan vermək meyli xüsusilə güclü olmuşdur.

Gülüş hədəfinə çevrilən mövzuların əhatə dairəsi isə çox rəngarəngdir: imperialist soyğunçular, nəhəng dövlət başçıları, ağır məişət şəraitinin diktə etdiyi həqiqətlər, pul kisəsindən asılı olan buqələmunlar, qınından çıxıb qınını bəyənməyənlər, xalqının milli ənənələrinə biganələr, fars şovinistlərinin çaldıqları havaya oynayanlar və başqaları bu meydanın rəqqasları idi.

Müasir Güney poeziyasında oxucunu açıq gözlə baxmağa dəvət çox güclüdür.
Məncə, zəmanəmizdə bəşəri əhatə edən aləm, başdan başa səfalı mənzərələrdən, naz-neməti aşıb daşan bir diyardan ibarət deyildir.

Hələ bu gün də planetimizin müxtəlif guşələrində qəfil atılan güllələrin sinələrdə açdıqları yaraların sızıltısı qulaqlarda həyəcan zəngi kimi səslənir.

Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin davamçıları əllərində kəskin silah olan söz sənətinin ən müqəddəs qayəsi bəşərin arzularını həqiqətə çevirməkdə yaxından iştirak etməkdədir.

Bu məqsədlə Güney poeziyasında çox qədim ənənəyə malik olan qəzəl janrına biganə qalan qələm sahibi tapmaq çətindir. Lakin bir həqiqətə də göz yummaq doğru olmazdı.

Qəzəlin misralarına həyati nəfəs bəxş edən mühit olmadan onun nikbin nəğmələr ötəcəyi təmənnasında olmaq arzu çərçivəsini aşa bilməzdi.

Məhz buna görə də Güneyli şairlər xalqın xoşbaxt həyatının şahidi olmaq istəyi ilə yaşamağa ciddi maraq göstərirlər:

Behruz İmani deyir:

Gül-çiçəksiz coşa bilməz qəzəlin çeşmələri,
Buna xatir dolanıb güllü bahar axtarıram.


Qəzəlin keçirdiyi istihalədə bir meyl də çox qüvvətlidir. Zahirən onun ifadə vasitələrinə keçilmiş bir yolun nəfəsi duyulsa da onlar tam yeni mənalar daşıyıcılarıdırlar:
Haşım Tərlan deyir:

Bülbül gülə, pərvanə şama, mən yara bəndəm,
Cənnət pərisi zahidə, ruhaniyə qalsın.
Səccadəyə üz qoysam əgər öz sənəmim var,
Ruhsuz sənəmin sevməyi bütxanəyə qalsın.


Məncə, şair istifadə etdiyi epitetlərin dili ilə, istəyinə çox uğurla nail olmuşdur.

Orasını da qeyd edim ki, Ülyai, Saplaq, Musa Herisi, Müzəffər Derəfşi, Yusif Memari, Qaimi və digər şairlərin də qəzəllərində bu meyl çox güclüdür.

Inqilabdan sonra poema janrına münasibət və maraq öz təzəliyi ilə nəzəri cəlb edir. Məncə, bu meylin güclənməsinin köklərini hər şeydən əvvəl bədii təfəkkürün xalq həyatını əks etdirmək səylərində axtarmaq həqiqətə uyğun olardı.

Yaranan poemalar bu mülahizəni təsdiqləməkdən ötrü bol material verir.

Bunun üçün Həsən Savalanın “Xan çoban və Sara”, Heydar Xətibinin “Püstə nənə”, Sönməzin “İsanın son şamı”, “Babam özü gələcək”, “İtin vəfası”, İmran Səlahinin “Ağbuğ qəhrəman”, Səhəndin, daha dəqiq desək epos adlandırılacaq “Sazımın sözü” kimi poemalarını qeyd etmək olar.

Təbii ki, poeamlar üzərində geniş dayanmaq niyətimiz yoxdur. Bu müstəqil bir yazının mövzusu ola bilər. Fəqət, bu yerdə Sönməzin “Babam özü gələcək” poemasından üç misranı yada salmaq istərdim:

Arxayınam,
Səttərxanın özü bir gün,
Gülüstana gələcəkdir.


Sönməz

Xatırladım ki, bu misralarda söhbət Təbrizin məşhur Gülüstan bağında Sərdari Millinin şərəfinə ucaldılmış heykəlin şovinist şah dargözləri tərəfindən uçurulmasından gedir.

Təhlilimizin bu yerində inqilabdan sonra əzəmətli bir abidə kimi oxucularının görüşünə gələn “Dədəmin kitabı” epopeyasının qüdrətli xaliqi adlandırıla biləcək Səhənd haqqında bəzi mülahizələrimi açıqlamağı yerində hesab edərdim.

Səhəndin yaradıcılığının ilk dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci ildən sonra yeni vüsət kəsb edən milli qurtuluş hərəkatında fəal iştirakı tərənnümə cəlb etdiyi həyati gerçəkliklərin hüdudlarını xeyli genişləndirmişdir.

Bu illərdə o, həm fədakar azadlıq yolu fədaisi, həm də odlu-alovlu şair kimi xalqın şahlıq əsarətindən qurtuluşu uğrunda ayağa qalxan vətənpərvərlərin sevimli şair oğluna çevrilmişdir.

Zamanın Milli Demokratik ədəbiyyatının qarşısında qoyduğu vəzifələr barədə Səhəndin aydın cizgilərə malik olan və mütərəqqi qüvvələr tərəfindən alqışlanan qələm məhsulları ədəbi-estetik və siyasi baxımdan aşağıdakı misralarda çox uğurlu şəkildə özünün poetik ifadəsini tapmışdır:

Mən əzilmiş, həqqi itmiş,..
Varı-yoxu əldən getmiş,
Ağır-ağır sitəmlərə -
Məruz qalmış, əsir düşmüş,
Millətimin, millətlərin,
Insanların şairiyəm.


Səhənd

Lakin Səhəndin həyatının gənclik illəri elə bir diyarda keçirdi ki, orada sinə dolu nəfəs almaq da, insana layiq tərzdə yaşamaq istəyi də şahlıq rejiminin hədələrindən kənarda qalmırdı.

Cəfər Bozorgəmin
Dərbarın çıxardığı hökmün məntiqi isə belə səslənirdi: sazında ya mən istədiyim havaları çalmalısan, ya da susmalısan. Amma onun nə sazı susdu, nə də nəğmələri lal oldu:

Dilimi kəsənlər qaldı avara,
Hər barmağıma bir qıfıl vurdular.
Bağlı əllərimlə, kəsik dilimlə,
Mahnı da oxudum, qopuz da çaldım.


Səhənd

Azərbaycanda tarixən ciddi sınaqlardan çıxan aşıq ədəbiyyatı səltənət rejiminin süqutu ilə yeni mərhələyə qədəm qoydu.

Bu, onun təbiəti ilə sıx bağlı olan bir hal idi. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun qənaəti belə olmuşdur:

“Qanlı müstəbid Rza şah və onun oğlu Məhəmmədrza şahın hakimiyyəti illərində Cənubi Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı, aşıq ədəbiyyatı, canlı və müdrik aşıqlar olmuşlar”.

Bu dövrün aşıq şeiri nümunələrini yaradanlar sırasında Aşıq Əlinin, Aşıq Əşrəfin, Aşıq Həsənin, Aşıq Qəşəmin, Aşıq Qələmrzanın, Aşıq Abbas Rəncbərin, Aşıq Rəsul Qurbaninin sözləri və sazlarının xüsusi çəkisi diqqəti cəlb edəcək qədər önəmlidir.

Inqilabdan sonra yaranan nəsr əsərləri üçün uğurlu hal mövzuların müasir həyatdan alınmasını, cəmiyyəti düşündürən problemlərin həll olunmasına həsr edilməsini hesab etmək heç də mübahisəli səslənməzdi.

Bu baxımdan qüdrətli nasir və təcrübəli ədəbiyyatşünas Gəncəli Səbahinin qələm məshulları zəngin həyati materiallara malikdir. Onun “Xain”, “Ovçu”, “Şərəfli ölüm”, “Gül dəstəsi”, “Qartal” adlı hekayələri Güney nəsrinin ən yaxşı nümunələrindəndir.

Şahlıq rejiminin miras qoyub getdiyi əzilənlər və əzənlər dünyasının eybəcərliklərini gün işığına çıxardan nasirlərdən biri də qüdrətli qələm ustası Nurlandır. Onun “Səlmə xala” adlı hekayəsi şahlıq rejimi dövründə zəhmət adamının yaşadığı ömrün çox real yaradan mükəmməl qələm məhsuludur.

Həmin dövrün uğurlu nəsr əsərləri sırasında J.Əlinin “Tamah dişi”, Cücə Bağırın “Qonaq qabağına qoymalı”, Nurlanın “Çəyirtgə” adlı hekayələrini qeyd etmək yalnış olmazdı.

Sonrakı illərdə yaranan nəsr əsərləri vaxt keçdikcə yazarların bu janrın təbiətinə, onun incəliklərinə daha yaxından tanış olmalarından, ustalıqlarını hiss ediləcək dərəcədə artırmalarından xəbər verir.

Bu iddianı təsdiq etmək üçün M.Ocaqverdinin “Əshabe Kəhf yuxusu”, Ə.Ağçaylının “Aydının ölümü”, Həbib Sahirin “Vaqonda”, J.Əlinin “Öldü var, döndü yoxdur” adlı hekayələrində tutduqları yazıçı mövqeyini fəal və uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu iddia etmək heç də əsassız səslənməzdi.

Mən təhlilimin bu məqamında məzmun və janr baxımından nəsrin müasir tələblərinə yetərincə cavab verən hekayələrdən İsmayıl Hadinin “Əli və Mərcan” adlı hekayəsinin adını qeyd etməmək mümkün deyil.

Nəsrin atdığı möhtəşəm addımlar Rəhim Dəqiqin “Həcər”, İsmayıl Hadinin “Laçın”, Nasir Mənzurinin “Qara çuxa” romanlarının simasında daha aydın görünür.

Yeri gəlmişkən bir məsələyə toxunmaq istərdim. Bir zaman xalq şairi Söhrab Tahir Güney nəsrinin tədqiqi və təhlili ilə məşğul olarkən belə bir nikbin, eyni zamanda real mülahizə irəli sürmüşdür: “Hansı nasir məşhur 1946-cı il hadisələrindən sonra öz elindən-obasından, isti ana qucağından, Vətən dedikləri müqəddəs diyardan perik salınmış insanların sürgün və fəraq dolu həyatlarını nəsrə gətirə bilsə o uğur qazanacğından arxayın ola bilər”.

Bu baxımdan yazıçı Rəhim Dəqiqin qələminin məhsulu olan “Həcər” romanının adını belə bəxtəvər nəsr nümunələrinin sər¬lövhəsində yazmaq heç də havadan asılı qalan bir müddia olmazdı.

Müəllif 1946-cı ildə 21 Azər hərəkatının və onun yetirməsi olan Azərbaycan Milli hökümətinin məğlubiyyətindən sonra sürgünə göndərilən Həcərin keçdiyi məhrumiyyət və əzablarla, bununla yanaşı mübarizələrlə dolu həyat yolunun timsalında bir xalqın taleyinin çox tutarlı səhnələrini yaratmışdır.

Məncə, həmin mövzu bu gün də çağdaş Güney ədəbi prosesinin yaradıcılıq emalatxanalarında özünə yetərincə yer tutmağa tam layiqdir.

Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdur.

Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türk dilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşgül məsələdir. Təbii ki, bu xüsusi araşdırma tələb edir.

Çağdaş tənqıdçılərimizdən, Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazı, Nadır Əzhərini. ad aparmaq olar.

Inqilabdan sonra şahlıq üsul-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qalxması tənqidin uğurlu addımlar artması yolu üzərində yaşıl işıq yandırdı.

Qələm sahibləri bu janr barədə həm öz mülahizələrini açıqlayır, həm də onun gözə dəyən nümunələrini yaratdılar.

Bu baxımdan Əziz Möhsünin “Ədəbi tənqid və tənqidçi haqqında” məqaləsi dövrün ədəbi hərəkatı üçün çox əhəmiyyətli bir hadisə idi. Onun öz tənqidçi karyerasını üç nəhəng simanın – Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli Axundov – irsi üzərində formalaşdırması təbii ki, xüsusi maraq doğururdu.

Bu illərdə “İnqilab yolunda” jurnalının açdığı “Müasir şairlərlə tanış olaq” rubrikası çox çəkili elmi-əməli əhəmiyyətə malik bir forma idi.

İsmayıl Ülkər
Məmməd Aslanın “Muradəli Qüreyşi (Qaflantı)” adlı məqaləsi həm müasir tənqidin simasını, həm də rubrikanın məqsəd və qayəsini əks etdirmək baxımından diqqətə layiqdir.

K.Qəhvəçinin bir növ satirik polemika xarakteri daşıyan “Oruc ağa niyə Amerikanın cinayi polisinin kitablarını çap edir?” yazısı adından da göründüyü kimi ciddi bir məsələyə həsr edilmişdir.

Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar bir məsələnin də xatırlatmaq istəyirəm.

Bu da tənqidin müasir tələbələrə nə səviyyədə cavab verməsi ilə tanış olmaq üçün nəşr edilən kitablara yazılan müqəddimələrdir.

Şair, yazıçı, ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı Alavın “Ədəbi-tənqidi araşdırmalar” adlı kitabına yazdığı müqəddimədə oxuyururq:

“Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcuzlər, Şəhriyarlar yaratdıqları əbədi ömrülü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər”.

Alavın özü isə yeni yaranan ədəbi məhsullara tənqidin münasibətindən bəhs edərkən yazır:

“Daha şairin “Morği-dili”, “Zülfü-pərişanda” aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli barlı ağaclara qonur və onların budaqlarında yuvalanır.

Şair daha “Cahi-zənəxdan” dustağı yox, el qayğısının əsiri olur.

Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır”.

Xatırlatmaq olard ki, müəllifin həmin kitabına daxil olan yazılarında – Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və başqalarının yaradıcılıqlarına həsr etdiyi məqalələrində tənqidin ədəbi yaradıcılığa yeni münasibətinin nəfəsi aydın duyulmaqdadır.

Bu janrın çətin və əzablı yollarında Əziz Möhsüni, Aslan, Ağçaylı, Bəhram, Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək kimi qələm sahiblərinin inamlı addımlamalarını qeyd etmək heç də mübaliğə kimi səslənməzdi.

Ədəbi-tənqidi yazılarda ara-sıra səhnə əsərlərinə, ümumiy¬yətlə teatrla bağlı problemlərə də toxunulur.

Bu baxımdan artist və rejissor Həsən Mirazi ilə aparılan müsahibədə çox ağrılı məsəslələrdən söz açılır.

O, haqlı olaraq səhnə əsərlərinin olmamasından, artist və rejissorların qıtlığından, texniki personajların çatışmamazlığından narahatlığını bildirir.

Azərbaycan Milli höküməti dövründə teatr sahəsində qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyətli tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə salınmalarından ürək ağrısı ilə söz açır.

Islam inqilabından sonra ədəbi yaradıcılıq aləminə bir sıra qadın yazarlar gəldilər. Mərhum Rza Qəffari toplayıb nəşr etdirdiyi “Azərbaycanın xanım şairləri” adlı kitabı Güneyli-Quzeyli Azərbaycanın qadın yazarlarını əhatə edir.

Hər şeydən əvvəl tərtibçinin yazdığı müqəddimə özünün mənalı mülahizələri, müəllifin mövzu ilə dərindən tanış olması və başlıcası vətənin qadın qələm sahiblərinə dəruni məhəbbəti nəzəri cəlb edir.O, yazır:

“Azərbaycanın xanım şairləri” adında hazırlanıb əlinizdə olan bu kitab qadın şairlərimizdən örnək kimi göstərilən və onların əlimizə çatana qədər bir hissəsini tanıtdırmağa çalışmaq üçün kiçik bir addım sayıla bilər...

Təəssüf ki, keçmişdə dil və ədəbiyyatımızın kinli düşmənlərinin təhlükəli faciələr və ağır sıxıntılar yaşaması sonucunda təzkirə yazanlar, ümumiyyətlə türkcə yazan şairlərin bir çoxu unudulmuşdur. Adları çəkilənlərin də həyat və yaradacılıqlarına etinasız qalıb, belə¬lik¬lə bu dəyərli əsərlərin itib batma¬sında mənfi təsir buraxıb, onların qorunmamasına və zamanın zavalına gəlməsinə yardım etmişlər.

Buna görə də Azərbaycanın xanım şairlərinin yaşayışları və yaradıcılıqları haqqında gərəkli bilgi ilə onların tanıtdıra bilən kamil bir təzkirənin yeri hələ də boş qalmaqdadır”.

Tərtibatçı və müqəddimənin müəllifi haqlı olaraq heç bir ayrı-seçkilik və məhdudiyyət qoymadan topladığı şeirlərin müəlliflərinin Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə almadan məqsəduyğun hesab etdiyi əsərlərə və müəlliflərə yer vermək yolunu seçmişdir. Məncə, bu zamanın, xalqın taleyinin hökmüdür.

Bir səmanın havasını udan, bir Vətən ananın südünü əmən, bir Vətənin çörəyini yeyən övladlar arasında ayrı-seçkilik sərhəddi yaratmaq artıq tarixin oxuyub rədd etdiyi səhifələrinə çevrilmişdir.

Son illərin çağdaş ədəbiyyatı, etiraz və üsyan ruhuna söykənərək, çox ciddi və maraqlı şair və yazarlar ortaya çıxartdı. Güneydə gedən milli hərəkat onların yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla birgə, ədəbiyyatımız da günü-gündən irəliləyir və milli-mənəvi dəyərlərimizə söykənərək, böyük bir milli dalğa yaradır.

Bu dalğanın nəticəsi də, bütöv Azərbaycan ədəbiyyatının yaranması və sonda da bütöv Azərbaycanın yaranmasına səbəb olacaqdır.

Son on ildə, milli kimliyə, tarixinə, ədəbiyyatına qayıdış hərəkatının güclənməsi ilə yanaşı, oyanan gənc şair və yazarlarımız onillərdə görülməyən və müharibələrlə cəmiyyətin süküt dövrünün demək olar ki, aradan qaldırdılar.

Güney Azərbaycan ədəbiyyatı, şeir, nəsr, tənqid və tədqiq sahəsində böyük nailiyyətlər əldə etdi və edir. Onları bəzilərində nümunə olaraq adlar çəkib, nümunələr gətirməyə çalışacam.

Ismayıl Ülkər deyir:

Toprağıma göz dikənlərə
Üstündə də olmasa
Altında yer verərik
Biz Türkük axı
Biz qonaq sevərik!


Bu milli ruhu daşıyan sözlər, qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsusdur.

Rəsul Yunan
Topraq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq, yalnız Güney Azərbaycanda yaşayan və əsrlər boyü müharıbə və müqavimət şəraitində olan insanın dilinə gələ bilər.

Məhəmməd Nəvin (Baraz) deyir ki:

Qabar-qabar ayağımda gülüm, tikan dadı var
Və başmağım dolusu, laxta-laxta qan dadı var
Məgər alaxlamamışdıq bu hərzə otları biz
Nə oldu tarlamızın buğdasında xan dadı var?


Göründüyü kimi, xalq inqilabı deyilən iran inqilabı, millətin həqiqi və milli tələbatını gerçəkləşdirə bilməmişdi.

Elə ona görə də şair uzun bir tarıxı yola işarə edərək başmağı qana dolur və həyat buğdasından getməyən diktatoranın dadından şıkayət edir.
Aydın Araz deyir:

Mənə sevirəm dediyini dana bilməzsən,
Telfonlarımızı izləyən kişi,
Şahiddir buna!

Şair sıxıntı və onun yaratdığı məhdud sevişmələri bu şəkildə göstərməyə çalışır. Güneyin çağdaş ədəbiyyatıda bu cür ifadələrə çox rast gəlmək olar. Sıxıntılı və paradoks dolu həyatın səmərəsi elə bu acı və eyni zamanda yeni düşüncəli şeirlərin yaranmasıdır.

Səid Muğanlı deyir:

Qucağın əmniyyətdir,
Gözlərin terrorist!


Yəni, Güney ədəbiyyatında sevginin dadı, Quzeydən fərqli olaraq acıdır. Şair sevgilinin qucağında olarkən terror və təklükəni düşünür.

Sevgilinin gözləri, ictimaiyyətin acı həqiqətlərinin güzgüsünə çevrilərək, şairə, qorxu və təhlükə mesaji göndərir.

Duman Ərdəm deyir:

Gözəl-gözəl qızcığazları sevməyə nə var?
Oğulsan
Bulvardaki fahişəyə vurul!

Göründüyü kimi hətta sevginin növünə də etiraz var. Şair asan sevgini istəmir. Çətin yaşayıb deyə sevginin də çətin olmasını tələb edir. Əslində Güney Azərbaycan, hal-hazırda bizim gənclərimizin döyüş meydanına çevrilib. Məncə, elə güclü ədəbi proseslər belə çətin mühütdə formalaşıb, yaranıb ortaya çıxır.

Nigar Xiyavı deyir:

Yerin yaman boşdur
boşanmışam öz səbtimin əlilə boşqab-qazanlardan
və yaxınlaşmışam sətirlərin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil...


Güney Azərbaycanda müasir qadın şeirinin öndə gedənlərdən biri də, şübhəsiz ki, Nigar Xiyavidir.

Nigarin şeirlərinin ən müsbət cəhəti də, onun şablon və adı həyata, siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu mövqeidir.

Güney Azərbaycanın müasir qadin şeirinə baxdıqda, onların orada gedən milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi aydın görünür.

Ancaq bu dəstək yalnız Vətəni tərifləmək və onun başına dolanmaq deyil, bəlkə tənqid və təhlil baxımından inkişaf etməkdədir.

Bu etiraz ev mühitində olan ailə sıxıntılarından başlayır və rasizmin başımıza gətirdiyi faciəyə etirazla da davam edir.

Məlihə Əzizpur deyir:

Bütün kəpənk ləri pay verirsən mənə
və nədənsə
uçuşa həvəslənirəm
günəşə döğru

Bu günəş, Güneyin azadlığı, kəpənəklər isə ümid mənbəyi və uçuşlar da indiki milli hərəkatın bağımsızlığa doğru etdiyi fəaliyyət kimi təhlil olunur.

Əslində, Güney ədəbiyyatının özəlliklərindən biri də, onun dərin və fəlsəfi olmasıdır.

Şair, azadlığı şablon və çeynənmiş formada yox, bəlkə günəşə doğru hərəkət etməsi ilə göstərməyə cəhd edir və bu cəhd də uğurlu alınır.

Ziba Kərbası deyir:

Da gəlmə!
Ceyran, naqqışlı gedən yollar
Cızıx-cızıxdır o taydan bu taya
Ayaqımın izini tutub gəlsəydin,
Tutuşardıq.
Tox zəmanənin qoynunda qucaqlaşardıq...


Güneyli yazarların ayaq izləri, onları Vətənin Quzeyinə və parçalanmış Vətənimizin hər bir quşəsinə aparıb-çıxarır.

Ziba Kərbası deyir ki, əgər mənimlə, yəni Güneylə bir yolda olsanız və ayaqlarının izi ilə yerisəniz, bütün fərqlərə baxmayaraq tutuşarıq.

Bizim milli varlıqlarımızla toxlanan imperiyalara baxmayaraq, qovuşub- qucaqlaşıb, birləşərik.

Belə incə və siyasi məqamlara Güney ədəbiyyatında çox rast gəlmək olar.

Rəsul Yunan deyir:

Fransa gözəlləri
Ingilis gözəlləri
Həmısı bir yana
Sən bir yana...
Onlar məni yalnız şeirə yetirirlər,
Yalnız musiqiyə.
Ancaq sən məni evimə qaytarırsan!
Səni düşünəndə
Yağış Türk dilində yağır!


Mövlana demişkən, hər şey öz kökünə qayıdır.

Sevindirici haldır ki, Güney Azərbaycanda hətta sevgi də, insanı öz kökünə qaytarmaq üçün bir bəhanəyə çevrilir. Şairi evinə, yəni öz milli kimlik, və milli dəyərlərinə tərəf yönəldir.

Şair yalnız şeir və musiqini düşünmür, bəlkə onları özünü tanımaq və milli oyanış hərəkatının yolunda bir bəhanə bilir. Başqa sözlə desək, hər şey yarı yox, Vətəni xatırladır. Şair Sönməzin şeirinin bir hissəsi burada lap yerinə düşərdi:

Bir göyərçin kimi dənsizləmişəm.
Bülbüləm,
Bağda çəmənsizləmişəm.
Öz diyarımda vətənsizləmişəm.

Balaş Azəroğlu
Əlbəttə ki, Vətənin varlığı yalnız daşda və topraqda deyil, bəlkə bir millətin özünü tanımasında məna olunur.

Ancaq hal- hazırda Güney Azərbaycanımızda, fars rasızmının siyasəti nəticəsində, soydaşlarımızın öz dilində yazıb-oxumasına və öz milli kimliklərinin tanımasında qadağa qoyulub.

Belə olan təqdirdə, təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir və hər şeydə Vətən iyini axtarır.

Elə ona görə də, bir çox fars dilində yazan soydaşlarımız, öz kökünə qayıdıb və Türkün şirin və fəlsəfi dilində yazmağa başlayıb bir çox dəyərli əsərlər ortaya qoyublar. Onlardan: Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahəni, Saleh Səccadi və bir çox yazarlardan ad aparmaq olar.

Onu da qeyd edim ki, mühacirət və sürgündə yaşayan Güneyli yazarlarımız da Güney ədəbiyyatının inkişafında önəmli rol oynamışdılar.

Mühacirətin yaratdığı özünə məxsus duyğular, özünə məxsus da şair və yazarlar ortaya çıxartdı.

Qurbət hissi duyan hər bir Güneyli, onu keçmişində yaşadığı sıxıntılarla bir yerə qoyanda, acı və eyni halda mənalı bir məcun ortaya çıxarırdı.

Sanki problemlərə uzaqdan baxdıqda onları daha aydın görüb, həllini də asan görmək olur.

Şair, artıq vətənində yaşadığı sıxıntıları, qurbətin zahiri azadlığı və eyni zamanda yaratdığı tənhalığı ilə dəyişib.

Onun yazdıqlarında Vətənində olan dustaq qorxusu və sıxıntısı, boşluqların yaratdığı sıxıntı ilə yerin dəyişir. Ancaq bunu da qeyd edim ki, mühacirətdə yaşayan yazarlarımızın yazılarında, fikir aydınlığı və fikir rahatlığı daha çox gözə dəyir. Yəni öz fikirlərini ifadə etməkdə çətinlik çəkmir.

Bəlkə o da onların yaşadığı mühitlərin onlara bəxş etdiyi nisbi azadlıqdan irəli gəlir.

Balaş Azəroğlu deyir:

Yer günəşin başına dolanan kimi,
Vəhdət nöqtəsini aradıq, gəzdik.
Uşaq atasına inanan kimi
İnanıb ayrılıq dərdinə dözdük.


Mən də Balaş Azəroğlu ya qatılıb deyirəm ki, ayrılıq dərdinə inanıb-dözmüşük. Bütün qaranlıqların sonu ışıqlıqdır.

Inanıram ki, bir gün bu ayrılığı, Güneyımızın azadlı ilə dəyişəcəyik və bu ayrılıq, parçalanmış millətimiz yaddaşında, yalnız bir xatırə olaraq qalacaq.

Prof. Səbri-Təbrizi deyir:

Vətənimi
Dilimi,
Millətimi sevirəmsə varam!
Əgər azadamsa
Deməli varam!


Doğrudur, əgər azadlıq vardırsa, deməli varlıq da var! Ancaq bu azadlıq, hal-hazırda Güney Azərbaycanımızda yoxdur.

Ona görə də qırx miliyona yaxın soydaşımız demək olar ki, yoxdular. Varlıqları milli azadlıqlarından, özləri isə fars faşızmınız dar ağaclarından asılıdır..

Millət öz milli kimliyini, miili simvollarını, milli adət-ənənəsini, həqiqi yazılmış tarixini bilmirsə və yalnız dini dəyərlər əsasında idarəolunursa, deməli o millət yoxdur.

Söhrab Tahir deyir:

Mənin qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə!


Bu növ təfəkkür yalnız Güneydə olmayan bir şairin dilinə gələ bilər.

Yəni həsrətin və qussəni nə qədər rəngi azdırsa, o qədər də fikirlərin rahat və depresiyadan uzaq söylənməsi güclüdür.

Vətəndə yazılan şeirlərdə əgər etiraz vardırsa, qurbətdə yazılan şeirlərdə bir o qədər də püxtəlik var.

Məruzəmin bu hissəsində Güney Azərbaycanın çağdaş şairlərindanad aparmaq istəyirəm: Rəsul Yunan, İsamyıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiav, Nadir İlahi, Hadı Qaraçay, Barışmaz, Sönməz, Huşəng Cəfəri, Hadi Qaraçay, Heydər Bəyat, Nadir Əzhəri, Vali Gözətən, Bəhruz Sədiq, Suleymanoğlu, Nasir Mirqati, Məsud İslamı, Səid Muğanlı, qəzəl şairi Baraz, Vədud dusti, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Purhəsən, Ramin Cəhangirzadə, Fərzad Leysi, Rza Ehsani, Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə Səfəri, Ilqar Müəzzinzadə, Zaman Paşazadə, Həsən Səfəri, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan , Murtuza Səlnmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu,Məhəmməd Azərşin, Lalə Cəvanşır, Ziba Kərbasi, Vəhid Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri, Ayman Quluzadə, Behruz Sədiq, Bəxtiyar Muğanoğlu və bir çox gənc şairlərdan ad aparmaq olar.

Nəsr sahəsində isə: Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazimi, Atıla İskəndani, Hamid Əhmədi, Güntay Gənçalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqəyyə Kəbiri, Həsən Səfəri və bir çox gənc yazarlarımız da bu siyahiyə daxildirlər.

Tənqid Sahəsində: Eyvaz Taha (Dil varlığın evidir), Cəfər Bozorgəmin (Çağdaş ədəbiyyatın tənqidi), Nadir Əzhəri (Məqalələr), Hümmət Şəhbazı(Müasir ədəbiyyat tənqidi) kitablarında, müasir ədəbiyyatımızın durumunu təhlil edərək, onun güclü və ya zəif tərəflərini göstərməyə çalışmışdılar.

Eyni zamanda qeyd etməliyəm ki, bütün dövrlərdə oldugu kimi Güney ədəbi prosesinin inkişafinda, yayılmasında Quzey Azərbaycan yazarlarının da böyük xidmətləri olmuşdur. Belə ki, son dövrlərdə Güney ədəbi prosesinin izlərini adlarını cəkdiyimiz əsərlərdə də görürük. Onlardan Teymur Əhmədov, Sabir Nəbioglu, Əkrəm Rəhimli, Elman Quliyev, Esmira Fuad, İslam Qəribli, Almaz Əliqizi və digər görkəmli ədəbiyyatşünaslıq mütəxəsislərinin əsərləri təqdirə layiqdir.

Onu da qeyd etməliyəm ki, ayrı-ayrı yazarların kitab şəklində nəşrləri ilə yanaşı çağdaş şair və yazarların əsərlərindən nümunələr burada “Azərbaycan”, “Ulduz” “Güneyin Səsi” və “Bakı-Təbriz” dərgilərində çap olunmuşdur.

Əslində mən ədəbi və mədəni sahədə yaradıcı insanları Azərbaycanın Güney və Quzeyinə bölmək də istəmirəm, çünki xalqın ruhunu, adət-ənənəsini heç bir sərhədlə ayırmaq olmur.

Belə ki, bu tayda yaşayıb yaradan yazarlarımızın əsərləri də o tayda dərc olunmuşdur.

Buna misal olaraq böyük xalq şairləri Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Bəhmən Vətənoglu, Zəlimxan Yaqub, Musa Yaqub, Qəşəm Nəcəfzadənin əsərləri həm fars, həm də azərbaycan türkcəsində o taylı oxucularımıza təqdim olunmuşdur.

Göründüyü kimi mən bu təqdimimdə inqilabdan sonra ədəbi prosesin yalnız bəzi elmi-ədəbi əsərlər barədə söz açdım.

Şübhəsiz, bu deyilənlər həmin dövrün ədəbi hərəkatı barədə müəyyən təsəvvür yaradır.

Bu okean haqqında tələb olunan səviyyədə bəhs etmək üçün isə dövrün ədəbi prosesi ilə əlaqədar axtarış və tədqiqatlar ardıcıl şəkildə davam etdirilməlidir.

Sonda, Azərbaycan Yazıçılar Birliyinə Güney Azərbaycan üçün bu imkanı yaratdığına görə öz təşəkkür və minnətdarlığımı bildirirəm və ümid edirəm ki, Azərbaycanın güneyində uğrunda görülən ədəbi işlərimiz günü-gündən çox və səmərəli olacaqdır.

Sayman Aruz
2011

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG