Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Vergi cinayətləri 3 dəfə artıb


Arxiv fotosu
Arxiv fotosu

.

769 ŞİRKƏT RƏHBƏRİ VERGİ İDARƏSİNƏ GƏTİRİLİB

Bu ilin birinci yarısında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə 998 vergi ödəyicisinə qarşı cinayət işi qaldırıb. Vergilər Nazirlyi bu barədə məlumat yayıb.

Sahibkarların heç də yaxşı günlər yaşamadığı bu durğunluq dövründə əvvəlki illə müqayisədə barəsində cinayət ittihamı irəli sürülən sahibkarların sayı təqribən 3 dəfə artıb.

Cinayət işlərinin əksəriyyəti vergi borcunun ödənilməməsi ilə bağlıdır. Bu ilin altı ayında 769 şirkət rəhbəri və sahibkar bu əməldə günahlandırılaraq Departamentə gətirdilib.

Vergi yığımlarının azaldığı bir zamanda barəsində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq ittihamı irəli sürülən sahibkarların sayı da kəskin surətdə artıb. İlin birinci yarısında nazirlik 203 belə subyekt aşkar etdiyini bildirir. Hərçənd, ötən ilin eyni dövründə vergidən yayındığı iddia olunan 75 sahibkar müəyyən olunmuşdu.

Araşdırmalar nəticəsində aşkar edilib ki, bu il 134 sahibkar külli miqdarda gəlir əldə etməklə vergidən yayınmağa cəhd edib.

37 SAHİBKAR HƏBS EDİLİB

Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı vergi borcu olan və vergidən yayınan sahibkarlar 26 milyon 366,9 min manat vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu, əvvəlki ildəkindən təxminən 5 dəfə çoxdur.

Nəticədə, cinayət işlərindən 273-ü üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə, onlara xitam verilib.

Bu ilin altı ayında Departamentin İstintaq idarəsində 385 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 37 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Keçən il vergi orqanları ilə problemi olan cəmi 7 şəxs həbs edilmişdi.

Bunlar Vergilər Nazirliyinin verdiyi rəsmi məlumatlardır. Sahibkarlar isə mediaya, o cümlədən AzadlıqRadiosuna göndərdikləri şikayətlərdə tez-tez bu nazirliyi onlardan əlavə vəsait toplamaqda ittiham edirlər. Xüsusilə Avropa Oyunları ərəfəsində sahibkarlar şikayətlənirdilər ki, vergi əməkdaşları əvvəlki illərdəki vergi və başqa ödənişlərin məbləği ilə razılaşmır, daha yuxarı məbləğlər tələb edirlər. Amma Vergilər Nazirliyindən bu iddiaların əsassız olduğunu bildirirlər.

XS
SM
MD
LG