Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:18

"AYO artıq təşkilat deyil, əfsanədir"


Rasim Qaraca
Rasim Qaraca

-

YALANIN HAKİM OLDUĞU BİR CƏMİYYƏTDƏ...

Rasim Qaraca ilə Kəramət Böyükçöl söhbətləşib.

– Rasim bəy, işləriniz necə gedir?

– İşlərim yaxşı ola bilməz, çünki ölkəmizdə bir yazıçının yaşaması üçün demokratik şərait yoxdur. Azad sənətkar həyatı yaşamanın modelləri hələ Azərbaycanda formalaşmayıb. Ayaq üstdə durmaq üçün mütləq kimlərinsə qoltuğuna sığınmalısan, mən də, bildiyiniz kimi, bunu etmirəm. Çünki... Dolayısıyla, işlər yaxşı getmir.

– Sizi yaxşı təşkilatçı kimi də təqdim edirlər. Necə düşünürsünüz, ədəbiyyatda təşkilatçılıq işləri sizə şair kimi mane oldumu? Yəni yaradıcılığınızda boşluq hiss edirsinizmi?

– Rafiq Tağının ölümündən sonra mən artıq heç bir təşkilatçılıq işiylə məşğul olmuram. 2001-ci ildən başlayaraq ictimai işlərə tam 10 ilimi vermişəm, müəyyən nəticələr əldə olunub, ancaq bundan artığına ictimai sifariş də görmürəm.

Fəaliyyət şərtləri demokratik deyil. İndi AYO-nu gənclər idarə edir. Biz artıq yeni mərhələyə qədəm qoymuşuq. Sözümüzü kitablarla deyirik. Hesab edirəm ki, ədəbi mühitin flaqmanı yenə də ayoçulardır... Təşkilati işlər yaradıcılığıma mane olmayıb heç zaman.

Ümumiyyətlə, az yazıram, bunun da öz səbəbləri var... Yaradıcılıq mənim həyat tərzimdir. Həyatımı bir əsər kimi yaşamağa çalışıram. Çünki insanın bioqrafiyası da onun öz yaradıcılığıdır.

– Başqa bir məsələ, sizin çoxlu şeirləriniz var, amma Rasim Qaracadan söz düşəndə çoxları “birləriniz”i barədə danışır. Sanki, başqa şeiləriniz nəzərə alınmır. Bu sizə necə təsir edir?

– Ola bilər. Fikirlər ziddiyyətlidir. Başqa şeirlərimi bəyənənlər də var. Birlər yığcamdır, bəlkə ona görə daha asan yadda qalır. Şeirlərim haqda deyilən neqativ fikirlər mənə o qədər də təsir etmir.

Zəif və güclü tərəflərimi oxucularsız da bilirəm. Həm də, yazıçı və oxucu münasibətlərində avantaj hər zaman yazarın tərəfindədir. Oxuculardan fərqli olaraq hansı əsərlərin daha çox reaksiya doğurduğunu sən daha yaxşı bilirsən, bəzən kiminsə dediyi tənqidi fikri ondan öncə başqa birindən eşitmisən və cavabın da hazır olur.

– Siz uzun illərdi Yazıçılar Birliyinə və Xalq yazıçısı Anarın “ədəbi hakimiyyəti”nə qarşısınız. Amma Yazıçılar Birliyi də qalır, Anar da qalır. Necə deyərlər, hörməti hörmət, izzəti izzət. Bəs siz apardığınız mübarizədə nələrə nail oldunuz? Bu barədə fikirləriniz maraqlıdır.

– Bir yazıçı əgər 28 il sədrdirsə, artıq o yazıçı deyil, sədrdir. Bu cür yazıçı taleyini və “hörməti” mən özümə heç vaxt rəva görmərəm. Vəzifə ilə ürəklərdə yer tutmaq və ya əbədiyyətə düşmək mümkün deyil, belə də yalnız Fəxri Xiyabana düşmək mümkündür, ki bunun da nə sağlığında bir həzzi var, nə də öləndən sonra...

Biz ədəbiyyat münasibətlərinin mədəni ölkələrdə olduğu kimi olmasını istəyirik. Davamız heç vaxt şəxsi olmayıb. Nail olduğumuz şeylər də göz qabağındadır. Ən əsası, “azad yazıçı” anlayışını bizim ədəbi prosesə qazandırmışıq.

Yazıçılar Birliyinin üzvü olmadan, oradan təqaüd almadan da yazıçı olmanın mümkün olduğunu sübut etmişik. Artıq kimin kim olduğunu hər kəs bilir, hətta qarşı tərəf də özünün nə və ya kim olduğunu bilir.

– Rasim bəy, siz Ramiz Rövşəni də tənqid edirsiniz, Salam Sarvanı da, Fikrət Qocanı da, Rəsul Rzanı da. Mənim üçün maraqlıdır, bəs Azərbaycan poeziyasında sizin xoşunuza gələn şairlər kimlərdir?

– Mən Ramiz Rövşəni də Salam Sarvanı da oxumuşam. Hesab edirəm ki R.Rövşən ah-uf və fısıltıdan başqa bir şey deyil. Bu poeziya “aydınlanmaya” gəlib çatmamış poeziyadır. Ola bilsin psixoloji travması olan bir qrup insanın Ramiz şeirindən xoşu gələr.

Ancaq ədəbiyyat tariximiz üçün bu şeirlərin qiyməti çox azdır. O cümlədən Salam Sarvan şeiri də aydınlanmamış şeirdir, sivilizasiyaya gəlib çatmamış və bununla barışmış...

Son yazdığı şeirlərdə bəzi işıq nöqtələri parıldatmağa nail olub, amma, ümumən götürəndə Salamın yazdıqları söz oyunundan başqa bir şey deyil. Ədəbiyyat tariximiz üçün heç bir yeni pəncərə aça bilməyib bu şairimiz.

Fikrət Qoca və Rəsul Rza haqqında danışmaq istəmirəm, çünki bu adamların həqiqi sözlə və sənətlə heç bir əlaqəsi yoxdur. Havanı qoxlayaraq şeir yazıblar. Konyuktura şairləri olublar. Ədəbiyyat tariximizdə heç bir iz buraxmayacaqlar.

– Özünüzü bir şair kimi necə dəyərləndirirsiniz? Rasim Qaraca necə şairdir?

– Mən Şərq modeli əsasında formalaşmış olan Azərbaycandakı şeir ənənəsini inkar edirəm, çünki bu ənənəvi yol bir yığın şablonları qəbul etməkdən keçir. Bu yol şairin həyat materiyası ilə sərbəst münasibəti qoruyub saxlamasına imkan vermir, bu isə o deməkdir ki sən azadlığın verdiyi sonsuz ilham qaynağından özünü məhrum edirsən...

Hesab edirəm ki, nəzəri cəhətdən təsdiqimi və ya qiymətimi almamış bir şairəm. Lakin bu məni narahat etmir. Yalanın hakim olduğu cəmiyyətdə qiymətini almamaq da bir üstünlükdür. Təsdiqimi almağa və konvertasiya olunmağa tələsmirəm. Yaradıcılıq və yaşamaq mənə görə uzun vədəli prosesdir.

– Azad Yazarlar Ocağı ədəbi bir təşkilat kimi prosesdə müəyyən rol oynadı. Sizə elə gəlmirmi ki, AYO-da daha heç bir hərəkət yoxdur? Hal-hazırda təşkilat ədəbi prosesdə hansı rol oynayır ki?

– AYO artıq bir təşkilat deyil, əfsanədir. Onun haqqında uzun illər danışacaqlar və bu da onun var olması demək olacaq. Bütün yaxşı şeylərin ömrü qısa olur.

– Siz roman da yazdınız. Əsərinizə münasibət ürəyinizcə oldumu?

– Hikmət Hacızadənin kitabım haqqında yazdığı qısa bir yazı mənim üçün ən böyük qiymət oldu. Zatən hər zaman belə olur. Bir-iki nəfərin əks-sədası səninçün yetərli olur. Ümumən bizdə durum belədi ki, istərsən şedevr yarat, o əsl qiymətini almayacaq.

Yaşayan ədəbiyyatımız bir nəfərin nazına qurban gedib. Mübahisə yoxdur və bilərəkdən yoxdur. Bütün "yaxşı yazıçılar" da bu mübahisəsizliklə barışıblar. Sizin kimi bir qrup gənc çırpınır, yaramazlıqlara don geyindirmək, kiminsə hörmətinin hörmət olduğuna inanmaq istəyir, amma 60- cıların ədəbiyyatımıza vurduğu yara on illərlə sağalmayacaq.

"Hər kəs evində oturub əsərini yazmalıdır" deyəcəksiniz, bilirəm. Ancaq evdə doğulan bu uşaq sonunda küçəyə çıxmalıdır... Bizim ədəbiyyat da bax həmin o küçədir. Əsər yazmaq hələ işin kiçik bir hissəsidir.

Önəmli olan ikinci, üçüncü.. və sonrakı əsərlərdir. Ədəbi proses, tənqid yazıçının boyartımına kömək etməlidir ki, o öz səhvlərindən arınaraq daha yaxşı əsərlər yarada bilsin. Mənim yazdığım romanla ("On bir gecə") bağlı təqribən 10-15 yazı yazıldı, ancaq kiçik istisnalarla, bunların heç biri mənim boyartımıma yardım edəcək yazılar deyildi.

– Sizcə, şeir necə olmalıdır? Adama təsir eləməlidir, yoxsa, eləməməlidir? Adamı ağlatmalıdır, yoxsa, güldürməlidir? Yəqin, bu barədə nəzəri, yaxud praktik fikirləriniz var. Yəni siz yaxşı şeiri necə müəyyən eləyirsiniz?

– Şeir necə olmalıdır sualının cavabı yoxdur. Şeir yazmaq, mənə görə, spontan hadisə deyil, istedadla və ya ilhamla bir əlaqəsi yoxdur, - o mənada ki, ilham və istedad hər bir insanda var, - şeir yaradıcılığına tarixən gəlişmiş, arınmış, minlərlə şair tərəfindən kultivasiya edilmiş dünyəvi bir hadisə kimi baxmaq lazımdır.

Azərbaycan şeiri, ümumən, lokal şeirdir, folklordan çox da uzaqlaşa bilməyib, sağlam məntiqə deyil, emosionallığa əsaslanır. Əlbəttə ki, şeir təsir etməlidir, yaxşı şeir bizə həyatı daha dərindən yaşamağa kömək etməlidir. Lakin təsir etmənin bir mexanizmi yoxdur.

Məsələn, qafiyə xatirinə deyilmiş söz məni təsirləndirmir, amma kimlərsə təsirlənə bilir. Qafiyə, ritm, söz oynatma, cümlələrin arxasını önünə çevirib məna qığılcımları doğurmaq - bunlar zamanı keçmiş üsullardır.

Mənə görə, həyat özü poetikdir, onu əlavə poetikləşdirməyə ehtiyac yoxdur. Mənim üçün şairdə önəmli olan onun görmə qabiliyyətidir; nə qədər incə görür, fərqli görür və dərinləməsinə görür, özü də, bunları edərkən oyunbazlıq etmir. Hətta nə qədər cəsarətli görür? Şairin vizual sənətlərlə tanışlığı, xüsusən rəssamlıqdakı cərəyanlardan xəbərdar olması da çox önəmlidir.

– Sonda. Rasim bəy, cəmiyyətdə sizi razı salmayan şeylər çoxdur, bilirik. Ona görə, istəyirəm bir az da, razı olduğunuz məsələlər haqqında danışasınız. Cəmiyyətdə, xüsusən, ədəbiyyatda və ədəbi prosesdə ümid kimi gördüyünüz şeylər nədir, kimlərdir, hansı imzalardır?

– Məni razı salan şey odur ki, monstrlar əbədi deyil, biz onları devirə bilməsək də onlar əcəlin qarşısında acizdir. Düşünən, sorğulayan gənclik yetişir və bu proses qarşısıalınmazdır. Sonucda, "hər şey öz ilkinliyinə qayıdır, maşınların bakı partlayır və gözəllərin tumanı düşür."

Teleqraf.com

XS
SM
MD
LG