Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:23

Ən sönük Qurtuluş günü


-

Yoxa çıxan plakatlar, gül dəstələri, konsert və atəşfəşanlıq

“İyunun 12-də Avropa Oyunlarının açılışı oldu, həmin gün bulvarda atəşfəşanlıq da oldu. Bu günkü tədbir ayın 12-nə keçirilib deyə bilərik”

İyunun 15-də Azərbaycanda rəsmən bayramdır, indiki dövlət başçısı İlham Əliyevin atası - Heydər Əliyevin hakimiyyətə qayıdışı Qurtuluş günü kimi qeyd edilir. Rəsmən qeyri-iş günüdür.

Adətən iyunun 15-də şəhərin hər yerində Azərbaycan bayraqları dalğalanar, binaların üzərində Heydər Əliyevin iri, 15-20 metrlik plakatları asılar, Bakının bir çox yerlərində, xüsusən də bulvarda konsert keçirilər, televiziyayla yayımlanar, sonda atəşfəşanlıq olardı.

Bu gün Bakıda nə Əliyevin plakatına rastlamaq olar, nə konsertə, nə də atəşfəşanlığa. Bir az ətraflardan başlayaq. Xətai rayon icra hakimiyyəti hər il Həzi Aslanov metro stansiyası yaxınlığında yerləşən Heydər Əliyev parkında konsert təşkil edərdi, bəzən atəşfəşanlıq da olardı.

Hazırlıqlarsa iki-üç gün qabaqdan başlardı. Heydərsevər gənclər deyilənə görə, Heydər Əliyevin əliylə əkdiyi ağacın yanında xatirə şəkli çəkdirərdilər. Bu ətrafdakı binalardansa Əliyevin şəkilləri boylanardı.

BAŞQA AZƏRBAYCAN...

Amma indi həmin bağda sakitlikdir, nə şəkil çəkdirən var, nə plakat. Heç Əliyevin heykəli önünə gül dəstəsi də qoyulmayıb. Sadəcə, parkla üzbəüz Ukrayna dairəsində bir neçə Azərbaycan bayrağı asılıb.

Nizami rayonunda yerləşən, “Xalqlar Dostluğu” ticarət mərkəziylə üzbəüz parkda da sakitlikdir. Burda bayraq da asılmayıb. (Ardı aşağıda)

​Babək prospektiylə irəliləyirik, Nobel prospektinə adlayırıq, Ağ Bulvarda dayanırıq. Sakitlikdir. Sanki Qurtuluş günü unudulub...

Bircə Nobel prospektində Qurtuluş gününə işarə olaraq Azərbaycan bayrağı asılıb. Bu, Azərbaycanda son illərdə qeyd edilən ən solğun, ən sönük Qurtuluş günüdür demək olar.

Bəs səbəb nədir? Hökumətin adətən böyük pullar xərclədiyi, təmtəraqla qeyd etdiyi, müşahidəçilərin, elə müxalifətin buna görə tənqid etdiyi bu gün niyə unudulub? Bəlkə heç unudulmayıb?..

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov AzadlıqRadiosuna deyir: “Adətən bulvarda Qurtuluş günüylə bağlı tədbiri Bakı şəhər İcra Hakimiyyəti keçirir, konserti də, atəşfəşanlığı da.

Bu il iyunun 12-də Avropa Oyunlarının açılışı oldu, həmin gün bulvarda atəşfəşanlıq da oldu. Bu günkü tədbir ayın 12-nə keçirilib deyə bilərik. Ona görə də bu gün bulvarda tədbir olmayacaq. Bəlkə başqa yerdə konsert olacaq, ancaq bulvarda konsert keçirilməyəcək”.

“BU SÖNÜKLÜK AVROPA OYUNLARI İLƏ BAĞLIDIR”

“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli deyir ki, bu, gözlənilən idi.

O, Avropa Oyunları ərəfəsində hökumətin Bakıda təmizlik işlərinə başladığını yada salır, yəni yeraltı keçidlərdən İlham və Heydər Əliyevlərin sitatları götürüldü, onların küçə və prospektlərdən portretləri yığışdırıldı və s.. Yeri gəlmişkən, bu haqda AzadlıqRadiosu da yazmışdı. (Ardı aşağıda)


Elnur Astanbəyli deyir: “Belə bir sönüklük varsa, bu, sırf Avropa Oyunları ilə bağlıdır. Çünki bu Oyunlar ərəfəsində bu “təmizlik işləri” başlamışdı.

Bunlar yaxşı başa düşürlər ki, etdikləri bugünkü dünyada qəbul olunmayan davranışlardır, Azərbaycanı da mədəni, çağdaş ölkə kimi göstərmək üçün Qurtuluş günü də Avropa Oyunlarının güdazına gedib. Amma əminəm ki, gələn il - 2016-cı ildə bu ilin də əvəzini artıqlamasıyla çıxacaqlar.

Burda məlum olan odur ki, özləri də nələri etmək olmaz, nələr yaşadığımız dünyanın tələblərinə uyğun deyil, bunu gözəl başa düşürlər. Nə cür davranmamaq, nə cür düşünməmək lazımdır onu yaxşı bilirlər. Belə deyək avropalılara qarşı avropalıdırlar, azərbaycanlılara qarşı azərbaycanlı”.

Elnur Astanbəyli
Elnur Astanbəyli

Elnur Astanbəyli fikrini əsaslandırmaq üçün bir misal da gətirir. O, deyir ki, Bakının girəcəyində “20 yanvar” dairəsi var və “bu ətrafda ilin 365 günü Afrika cəngəlliyini xatırladır, bir xaos, pintilik, başıpozuqluq, sahmansızlıq hökm sürür”:

“Ancaq Avropa Oyunları başlayandan sonra ətraf təmiz, səliqəli olub. Bunu yalnız Avropa Oyunları üçünmü etmək lazımdır? Yəni Bakını əcnəbilərə bu cür təqdim etmək istəyirlər və edirlər də, vəssalam.

İllərlə dava gedir ki, niyə hava limanından şəhərə marşrut işləmir. Amma avropalıların xatirinə bu gün belə xətt açılıb. Sabah Oyunlar bitən kimi onu da yığacaqlar. Yəni bu, maskadı, Azərbaycanı fərqli göstərirlər.

Oyunlar bitər-bitməz alışdığımız, adət etdiyimiz Azərbaycana, Bakıya qayıdacağıq, ömrü çox çəkməz. Televiziya ekranının küncündə şəkilləri də, küçələrdə portretləri də, sitatları da görəcəyik, elə o səliqə-sahmansızlığı da...” deyir Elnur Astanbəyli.

“MÜHÜM OLAN VƏTƏNDAŞIN DAXİLƏN ONU HİSS ETMƏSİDİR”

Hakim Yeni Azərbaycan Partiyasının üzvləri tədbirdə olduqlarını söylədikləri üçün hakimiyyətyönlü deputat Zahid Orucdan buna münasibət öyrənməli olduq.

Onun qənaəti belədir: “İstənilən bayramın təntənəli qeyd olunmasıyla bərabər vətəndaşın onu daxilən hiss etməsi, xatırlaması, dəyərləndirməsi, onun tarixdəki rolunu bilməsi önəmlidir.

Zahid Oruc
Zahid Oruc

Meydanlarda ona böyük tədbirlər keçiriləndə də tənqidlərin, təhlillərin şahidi olmuşuq. Son günlər Avropa Oyunlarının başlanmasıyla bağlı duyulan xoş ovqat, Azərbaycanın uğurlu işi də Qurtuluş gününün qeyd olunması kimi dəyərləndirilə bilər. Əslində, bütün mənalarda bu günkü tədbirlər 15 iyunun nəticəsidir”.

22 il əvvəl, iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilib. 1997-ci ildən həmin gün rəsmən Qurtuluş bayramı kimi qeyd edilir.

Rəsmi təbliğata görə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən, müstəqilliyini itirməkdən xilas edib.

Ancaq müxalifət hesab edir ki, onun hakimiyyətə gəlməsi Azərbaycandakı siyasi, iqtisadi problemləri daha da dərinləşdirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG