Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:32

A. Pənahova: «H. Əliyevin çıxışından şoka düşmüşdük»


Heydər Əliyev oğlu və nəvəsiylə birlikdə
Heydər Əliyev oğlu və nəvəsiylə birlikdə
-
14 iyul- eks- prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin 44-cü ildönümüdür. Bakı Şəhər İcra Hakimiyyəti bu münasibətlə bu gün axşam saat 9-da Milli parkda atəşfəşanlıq təşkil edir.
Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ildə SovİKP MK Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. İyirmi il SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub. 1987-ci ildə vəzifəsindən istefa verib. Rəsmi tərcümeyi-halında onun Baş Katib Mixail Qorbaçovun siyasətinə etiraz olaraq istefa verdiyi bildirilir.
VARİS PLANI
1993-cü ildə yenidən hakimiyyətə qayıdıb, 1998 -ci il seçkilərində səslərin 76 faizini topladığı rəsmi olaraq bildirilib və 2003-cü ilədək ölkəni idarə edib. Həmin ilin dekabrında vəfat edib.
Əksər müşahidəçilər 2003-cü ildə İlham Əliyevin prezidentliyə gəlişinin atasının varis planı əsasında baş tutduğunu düşünür. Hazırkı prezidentin hakimiyyəti dövründə – son on ildə ölkədə fundamental hüquq və azadlıqların mütəmadi pozulduğu, repressiv idarə üsulunun gücləndiyini beynəlxalq qurumlar da hesabatlarında vurğulayırlar.
AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi Andreas Gross bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində deyirdi:
«Yeganə beynəlxalq müşahidəçiyəm ki, 10 il öncə hakimiyyətin sülalə və özününküləşdirmə planına yol açan və bütün bu dəyişikliklərin başlanğıcı sayılan referendumu (2002-ci il ümumxalq səsverməsini nəzərdə tutur – A.K.) izləmişəm. O vaxt beynəlxalq ictimaiyyətdə çox adam buna elə də diqqət ayırmırdı. Bütün qorxularım çin oldu. Təəssüflənirəm».
Andreas Gross
Andreas Gross
Xatırladaq ki, 2002-ci il avqustun 24-də keçirilən referendumla Konstitusiyanın 105-ci maddəsinə edilən dəyişikliklə baş nazir ölkənin ikinci şəxsi elan olundu. Bunun İlham Əliyevin hakimiyyətə yolunu rahatlamağa hesablandığını iddia edənlər yanılmadılar. İlham Əliyev 2003-cü ildə baş nazir təyin olundu, bir neçə aydan sonra isə prezident postuna yiyələndi.
SEÇKİ PİARI?
AXCP sədrinin müavini Gözəl Bayramlı Facebook səhifəsində yazır:
«1969-cu ilin bu günündə -14 iyulunda Heydər Əliyev Azərbaycan kommunistlərinin başçısı sifətində ölkə rəhbəri olub. Azərbaycanın həmin gündən başlanan bəlaları bu gün də davam edir. Bu gün onun hakimiyyəti ötürdüyü oğlu İlham Əliyev o günün şərəfinə atəşfəşanlıq təşkil edib. Gül bayramına, Qurtuluş gününə milyonlar xərcləmək bəs etmədi, bir sülalə başçısının vəzifəyə təyin olunma günü adı altında yenə də büdcəni talan edirlər. Bunun bir adı var: İşğalçılıq və talançılıq. Çıxış yolu bu sülalədən qurtuluşdur».
Milli Şuranın üzvü İbrahim İbrahimli isə «Azadlıq» qəzetinə bildirib ki, hakimiyyət həmişə Heydər Əliyevin kölgəsində yaşayıb, onun xarizmasının arxasında gizlənib:
«Heydər Əliyevlə bağlı bir çox bayramların keçirilməsi, cəmiyyətdə Heydər Əliyev obrazının unudulmasının qarşısını almaq məqsədi güdür. Heydər Əliyev şəxsiyyətini insanların şüuraltına yerləşdirmək istəyirlər. Digər tərəfdən, bunu seçki öncəsi piar kimi də qiymətləndirmək olar. Ancaq insanların sosial problemlərin məngənəsində sıxıldığı bir vaxtda, mənasız tədbirlərə milyonlar xərcləmək əks-effekt verir və insanlarda haqlı narazılığa səbəb olur».
ÇAĞDAŞ TARİXİMİZİN 34 İLİ
«Azərbaycan» qəzetinin 14 iyul sayında eks-prezidentə həsr olunmuş yazılar yer alıb. «Milli iqtisadi inkişaf konsepsiyasının banisi» başlıqlı yazıda oxuyuruq:
«1969-cu il iyulun 14-də - keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli liderin Azərbaycana rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olub. Dahi öndər ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərib. Çağdaş tariximizin 34 ili ümummilli liderin adı ilə bağlı olmaqla, xalqın taleyində şanlı və parlaq səhifəyə çevrilib».
Xalq artisti Amalya Pənahova və Heydər Əliyev (Foto: Azərbaycan qəzeti)
Xalq artisti Amalya Pənahova və Heydər Əliyev (Foto: Azərbaycan qəzeti)
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Amalya Pənahova isə yazır:
«HEYDƏR ƏLİYEVİN ÇIXIŞINDAN ŞOKA DÜŞMÜŞDÜK»
«Mən ilk dəfə Heydər Əliyevin adını 1969-cu ilin yayında eşitdim! Bütün respublikamız Mərkəzi Komitənin plenumunda Heydər Əliyevin tarixi çıxışından şoka düşmüş və Azərbaycana yeni rəhbər təyin edilmiş insanın adı dillər əzbəri olmuşdu....
... Ulu öndərlə bağlı xatirələrim çoxdur. Onun müdrik söhbətləri həmişəlik hafizəmə həkk olunub. Mən ilk və yeganə aktrisayam ki, Heydər Əliyev yubileyimi Respublika (indiki Heydər Əliyev) sarayında böyük təmtəraqla qeyd etdi. «Şöhrət» ordeninə layiq bildi. «Gülüstan» sarayında ziyafətimi təşkil edərək «Mercedes» markalı avtomobil hədiyyə verdi. Ulu öndər həmişə mənə diqqət və qayğı göstərib. Milli Məclisin deputatı olan vaxtda, elə sonralarda da həmişə inanır, etimad göstərirdi».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG