Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Şahtaxtinski – Bir gedişin çox “səbəbi”


Alexis Şahtaxtinski
Alexis Şahtaxtinski

Politoloqlar ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin mandatının dayandırılmasını şərh edirlər

ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Shahtaxtinskinin mandatı dayandırılıb. Bu haqda Layihə Əlaqələndiricisindən Xarici İşlər Nazirliyinə göndərilən məktubda bildirilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, rəsmi Paris Fransa vətəndaşlığını daşıyan Aleksis Şahtaxtinskinin (Alexis Chahtahtinsky) ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləməyib.

Elə bu da Azərbaycanda bəzi suallara yol açıb. Suallara cavab tapmağa çalışacağıq, amma öncə...

YADA SALAQ

2014-cü ilin yanvarından ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. Bu haqda qərar ATƏT-in Daimi Şurasında 26 iyul 2013-cü ildə qəbul edilib. Şahtaxtinski ilk Layihə Əlaqələndiricisi idi. Onun fəaliyyətinin dayanmasına ilk reaksiya da Azərbaycan rəsmilərindən gəldi.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" hesabında yazıb: “Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Alexis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

MEHMAN ƏLİYEV ŞAHTAXTİNSKİ İLƏ BRYZA-NIN TƏYİNATINI NİYƏ BƏNZƏTDİ?

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevsə baş verənləri ABŞ-Azərbaycan, ümumən Qərb-Azərbaycan arasındakı gərginliyin kontekstində izah edir: “Avropa Parlamentində, ATƏT-də Azərbaycan problemləri müzakirə olunur. Avropa Oyunları ərəfəsində tənqidlər getdikcə artır. Məncə, Matthew Bryza-nın səfir təyin olunmasıyla Şahtaxtinskinin əlaqələndirici olması arasında oxşarlıq var. O zaman Bryza da səfir kimi bir illik təyin olunmuşdu. Belə qərara gəlinmişdi ki, Azərbaycanla əlaqələr normallaşarsa, Brayza səfir kimi davam edər, normallaşmazsa, geri qayıdar. Bir il sınaq müddəti verilmişdi.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev

İndiki vəziyyətə gəlincə, bilirik ki, Azərbaycan hakimiyyəti ATƏT nümayəndəliyinin statusunu koordinator səviyyəsinə endirməyi tələb etmişdi. Sonda bu oldu və Şahtaxtinski də birinci koordinator kimi işə başladı. Bir il tamamlanır və bu müddətdə hansısa yenilik, dəyişiklik görmədik. Bu müddətdə vəziyyət daha da pisləşdi. Yəni Azərbaycan hakimiyyəti götürdüyü öhdəlikləri yerinə yetirmədi. Ona görə də mən düşünürəm ki, Şahtaxtinskinin geri çağrılması bu amillə bağlıdır. Hətta gözləyirəm ki, ATƏT nümayəndəliyinin statusunun bərpası yenidən gündəmə gətirilsin. Parlament seçkiləri öncəsi bu tələb gündəmə gələ və ATƏT-in missiyasının fəaliyyəti daha da sərt ola bilər”.

“NOVRUZ MƏMMƏDOVUN YAZDIQLARI TƏHRİF İDİ, DEZİNFORMASİYA İDİ...”

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Şahtaxtinski haqda yazdıqlarına gəlincə, Mehman Əliyev hesab edir ki, ABŞ diplomatının fikirləri təhrif olunub: “Orda ancaq şəkildən danışırdı, Baer-in dedikləri təhrif olunurdu. Əslində Baer deyirdi ki, diplomat təkcə prezidentlə yox, Azərbaycan cəmiyyətiylə, ziyalıları, qeyri-hökumət təşkilatları ilə ünsiyyətdə olmalıdır. Çünki bunu birbaşa Şahtaxtinskinin mandatı tələb edir. Novruz Məmmədovun yazdıqlarısa təhrif idi, dezinformasiya idi. Ona görə də mən keçən ilki dinləmələrdə Baer-in adından səslənən fikirləri, ifadələri yenidən sayta qoydum. Onun iradlarını yenidən yada saldım”.

ZƏRDÜŞT ƏLİZADƏ: “İLHAM ƏLİYEVLƏ ŞƏKİL ÇƏKDİRMƏK BAŞ UCALIĞIDIR”

Politoloq Zərdüşt Əlizadəsə bu hadisənin altında nəsə axtarmağı düzgün saymır. O, hesab edir ki, sadəcə Şahtaxtinskinin missiyası başa çatıb və o, Bakını tərk edir.

Şahtaxtinski İlham Əliyevlə şəkil çəkdirib-filan boş söhbətdi. İlham Əliyevlə şəkil çəkdirmək Azərbaycana gələn diplomat üçün başucalığıdır

“Şahtaxtinski İlham Əliyevlə şəkil çəkdirib-filan boş söhbətdi. İlham Əliyevlə şəkil çəkdirmək Azərbaycana gələn diplomat üçün başucalığıdır”- deyir Zərdüşt Əlizadə.

“ŞAHTAXTİNSKİ HÖKUMƏTLƏ YAXINLIĞINI GİZLƏTMİRDİ”

“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ATƏT-in layihə Əlaqələndiricisi kimi Aleksis Şahtaxtinskinin Azərbaycan hakimiyyətiylə yaxın olması haqda məlumatların ona da çatdığını, əslində diplomatın bunu gizlətmədiyini də deyir. “Ancaq bu, beynəlxalq təşkilatlarda qəbuledilməz bir haldır. Diplomat sanki çalışdığı dövlətin təmsilçisinə çevrilir ki, bu da yolverilməzdir”.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Ərəstun Oruclu hökumətin mədəniyyətlərarası dialoq mövzusunda keçirdiyi son tədbirlərdən birində Aleksis Şahtaxtinskinin davranışının da ATƏT rəsmilərinin xoşuna gəlmədiyini ehtimal edir. Hərçənd onun mandatının dayandırılmasının bununla bağlı olub-olmadığını deyə bilmir.

Yeri gəlmişkən, Şahtaxtinskinin bir illik fəaliyyəti zamanı hökumətin ünvanına hansısa tənqidi yada gəlmir. Yadda qalan onun Azərbaycan hakimiyyətinin dini, millətlər, mədəniyyətlərarası münasibətlərlə bağlı apardığı siyasətlə bağlı xoş sözlərdir sadəcə.

ÖZ OFİSİ: MİSSİYASI BAŞA ÇATIB

Deyilənlərə münasibət öyrənmək üçün ATƏT-in Bakı Layihə Əlaqələndiricisi ofisinə zəng vurduq. Bildirdilər ki, ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Hüseynov məzuniyyətdədir və açıqlama üçün Vyana ofisinə yazaq. Ofisdən “Turan”a bir gün qabaq deyilib ki, Aleksis Şahtaxtinskinin missiyası mayın 31-də başa çatıb, başqa məsələlər yoxdur.

Diplomat sanki çalışdığı dövlətin təmsilçisinə çevrilir ki, bu da yolverilməzdir

48 yaşlı Aleksis Şahtaxtinski Fransa diplomatıdır. O ötən il fevralın 14-də ATƏT-in Bakı Layihə Əlaqələndiricisi vəzifəsinə təyin olunub.

Son təyinatından əvvəl Fransa Xarici İşlər Nazirliyinin Siyasətin Planlaşdırılması Mərkəzində fəaliyyət göstərib və Fransanın Avropa məsələləri üzrə nazirinin xüsusi müşaviri olub.

O, Moskvada NATO İnformasiya Ofisinin rəhbəri, Belarus və Tacikistanda müvəqqəti işlər üzrə vəkil, Krakovda (Polşa) Fransanın baş konsulu vəzifələrində çalışıb.

Şahtaxtinski həmçinin ATƏT-in Bakı Ofisi rəhbərinin müavini olub.

XS
SM
MD
LG