Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:50

Müəllif kitabını satmaqda çətinlik çəkir


Azərbaycanda kitab satışı sərgisi, 25 may 2006
Azərbaycanda kitab satışı sərgisi, 25 may 2006

«Çox nadir hallarda kitabı ələ alanda ilk baxışdan ona qarşı maraq yaranır. Ən bahalı kitabların belə yapışqanları tökülür. Kitabı alanda bilmirsən ki, ikinci oxucu bundan istifadə edə biləcəkmi»-oxucu Kəbutər Haqverdiyeva hazırda Azərbaycanda nəşr olunan kitabların çap keyfiyyətindən gileylidir. Deyir ki, nə qədər səliqə ilə saxlasan da bir kitabı yalnız bir oxucu oxuya bilir, kitab başqa oxucuya çatanda vərəqləri yerində olmur.


Ölkədə kitab çapı ilə məşğul olan 100-dən çox nəşriyyat fəaliyyət göstərsə də, Kəbutər Haqverdiyeva kimi əksər oxucular müasir kitabların davamsız olduğundan və zövqsüz dizaynından şikayətlənirlər. Amma, problem bununla da bitmir.


Hazırda Azərbaycanda kitab satışı ilə məşğul olan mərkəzlərin kifayət qədər olmaması təkcə oxucular üçün yox, həm də müəlliflər üçün problemlər yaradır. Oxucu istədiyi kitabı asanlıqla əldə etməkdə, müəllif isə satmaqda çətinlik çəkir.

Kitab mağazalarında qeyri-rentabelliyi iş adamlarının himayəsi ilə aradan qaldırmaq olar
«Adiloğlu» Nəşriyyat Evinin direktoru Hidayət Əsgərov deyir ki, elə kitabın tərtibatının istənilən səviyyədə olmamasının da əsas səbəbi satış mərkəzinin yoxluğudur. Hidayət Əsgərovun sözlərinə görə, yüksək tərtibatlı kitab müəllifə baha başa gəlir. Əgər müəllifin kitabın satışı ilə bağlı problemi olmazsa, onda o da yüksək tərtibatlı kitab nəşr etməyə üstünlük verər: «Kitablar az tirajla çıxdığından baha satılır. Baha kitabı isə oxucu ala bilmir. Kitab çox tirajla çıxarsa, onda qiyməti də aşağı olar. Tirajın çox olması üçün isə yayım olmalıdır. Müəllif kitabını özü satmamalıdır. O, kitabı yazmaqla məşğuldur, mən nəşr etməklə, bir başqası da bunu satmalıdır».


Hidayət Əsgərov onu da deyir ki, özəl nəşriyyatların satış mərkəzi yaratmağa gücü çatmaz, çünki bu, kifayət qədər vəsait tələb edən işdir.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin fikrincə isə, əgər belə satış mərkəzlərini yaratmaqda özəl nəşriyyatlar acizdirlərsə, bu funksiyanı dövlət həyata keçirməlidir: «İstər-istəməz belə mağazalarda rəngarənglik olmayacaq, siyasi baxışlara görə hansısa kitablar seçiləcək. Ümumiyyətlə, biz indi belə məsələlərə dövlətsizləşmək baxımından yanaşırıqsa, geriyə qayıtmaq düzgün deyil. Kitab mağazalarında qeyri-rentabelliyi iş adamlarının himayəsi ilə aradan qaldırmaq olar».


Kitab Klubunun direktoru Elxan Rzayev isə deyir ki, kitab tərtibatının səviyyəsini yüksəltmək üçün təkcə satış mərkəzinin yaradılması kifayət deyil. Bunun üçün həm də tərtibatla məşğul olan kadrlarda bu işə marağı daha da artırmaq məqsədilə müsabiqələr təşkil olunmalıdır. Elxan Rzayevin fikrincə, bu yolla oxucunun da estetik səviyyəsi yüksələr və bundan sonra həmişə yüksək tərtibatlı kitab axtarışında olar. Əgər belə olarsa onda bazara həmişə yüksək keyfiyyətli kitablar çıxarılar. Yayım təkcə kitabların satışında problem yaratmır, jurnalist təşkilatları hazırda əksinə, dövlətin yaratdığı yayım sisteminin müstəqil və müxalifyönlü qəzetlərə problem olduğunu, alternativ yayım sisteminin isə yaradılmasına imkan verilmədiyini deyirlər.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG