Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:54

Azərbaycan oxucusunun kitablarla təminatı


Xaricdən kitab alınması üçün büdcədən vəsait ayrılması təklif olunur
Xaricdən kitab alınması üçün büdcədən vəsait ayrılması təklif olunur
Dünya elmi və ədəbiyyatının müasir nümunələrindən-yeni kitablardan bəhrələnmək Azərbaycan oxucuları üçün çox baha başa gəlir. Belə kitabları yalnız Rusiya, ABŞ, Böyük Britaniya kimi ölkələrdən sifariş verib gətirtmək olar. Buna isə hər oxucunun gücü çatmır. Azərbaycan kitabxanaları isə hələ də sovet nəşrləri təklif etməkdədirlər. Həmin kitabları əlyetərli etmək üçün dövlət nə isə edə bilərmi?

İndi Azərbaycanda xaricdən kitab alan kitabxanaları barmaqla saymaq olar. Ən çox Mirzə Fətəli Axundov adına Milli Kitabxana belə nəşrlər alır. O da əsasən Rusiyadan. Başqa ölkələrlə yalnız kitab mübadiləsi edilir-onlara Azərbaycanla bağlı kitablar göndərilir, əvəzində isə yeni kitablar alınır. Kitabxananın direktoru Kərim Tahirov etiraf edir ki, xaricdən alınan kitabların sayı yetərincə deyil, amma kitabxanaya müraciət edənlərin böyük hissəsinin tələbatını ödəyə bilirlər. Direktor bildirir ki, yeni kitablar sifariş verilərkən oxucuların tələbatı nəzərə alınır, hətta bunun üçün oxucular arasında rəy sorğusu da keçirilir.


Amma Azərbaycan Kitab Klubunun direktoru Elçin Rzayev ölkə kitabxanalarında oxucuların tələbatının nəzərə alınması üçün real mexanizmin olmadığını düşünür. Onun fikrincə, əslində, həmin kitabxanalarda xaricdə çapdan çıxmış yeni kitabların kataloqu olmalıdır.


Oxucular həmin kataloqlarla tanış olub istəklərini bildirməli və ən çox tələbat olan kitablar xaricdən alınmalıdır. Cənab Rzayev hesab edir ki, xaricdən kitab alınması böyük araşdırma tələb edir, amma ölkədə konkret bu işlə məşğul olan qurum da yoxdur: «Ən azı bir ekspertlər şurası lazımdır ki, xaricdə çıxan kitabların hansının Azərbaycan oxucusu üçün maraqlı ola biləcəyini müəyyən etsin. Kitabı almaq ikinci mərhələdi, birinci mərhələdə müəyyən edilməlidir ki, hər il dünyada nəşr edilən milyonlarla kitabın hansı Azərbaycan oxucusu üçün aktualdır».


Kitabxanaların imkanları zəif olduğundan xarici dil bilənlər başqa ölkələrdəki kitab mağazalarından internet vasitəsilə kitab sifariş edirlər. Məsələn, gənc iqtisadçı Samir Əliyev kimi. Amma o, deyir ki, xaricdən kitab almağa pul çatdırmaq çətindi: «Bir kitab lazım idi, internetdə tapdım, sifariş verdim, mənə 65 yeni manata başa gəldi. Hər dəfə belə böyük məbləğdə pula kitab almaq çətindi. Çünki maaşım elə də yüksək deyil». Xarici dil bilənlər internetdəki kitabxanalardan da istifadə edə bilərlər. Amma ölkədə fərdi kompyuteri olanların sayı elə də çox deyil.


O ki qaldı xarici dil bilməyənlərə, belə kitab həvəskarları yalnız həmin nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsini gözləyə bilərlər. Amma söhbətləşdiyimiz nəşriyyat rəhbərləri deyirlər ki, ölkədə alıcılıq səviyyəsi aşağı olduğu üçün hansısa xarici müəllifə qonorar ödəyərək, onun kitabını Azərbaycan dilinə çevirib çap etmək riskli işdir.


Azərbaycan Kitab Klubunun direktoru Elçin Rzayev bu işə dövlət büdcəsindən vəsait ayrılmasını təklif edir. Amma Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov deyir ki, dövlətin imkanları məhduddur, ancaq ən zəruri məqsədlər üçün kitab çapına pul ayrıla bilər. Məsələn, indi Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri latın əlifbasıyla nəşr edilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG