«Gecə işləyəndə, nəsə oxuyanda radioya qulaq asmağı sevirəm. Aşağı səslə. Elə bil dünyaya qulaq asırsan. O səslər, diktorların nəfəsləri… Gecə təyyarə ilə gedəndə aşağıda şəhərlər görünür, işıqlar sayrışır və hər şey necə rahatlıq ifadə edirsə radioda mənim üçün elədir…»
Radioya sevgisini izhar edən Vaqif Əlixanlıdır. O, müxtəlif vaxtlarda televiziyada «40-cı otaq», «Sarı sim», «Rənglər və şedevrlər» kimi verilişlər hazırlayıb, neçə-neçə verilişə ssenarilər yazıb. Amma, Vaqif Əlixanlının adı daha çox ötən əsrin 70-ci illərindən dövlət radiosunda efirə çıxan «Bulaq» verilişi ilə yadda qalıb. İndi onunla keçmişdən yox, Azərbaycanın efir məkanındakı radio və televiziyaların bu günündən danışırıq.
Vaqif Əlixanlıya görə, indi efir məkanında çatışmayan intellekt və ünsiyyətdir. Deyir ki, dinləyici də, tamaşaçı da özünə həmişə müsahib axtarır, istəyir ki, dərdinə, sevincinə şərik olsunlar. Belə söhbəti radio asanlıqla qura bilər və qurmalıdır da. Başqa yol yoxdur. Ancaq, burda da problemlər var. Dövlət radiosunda tamaşaçı ilə dialoqa girməyə hazır peşəkarlar var, ünsiyyət imkanı yaradılmır. Özəl radiolarda isə ünsiyyət var, peşəkarlar yoxdur.
Vaqif Əlixanlı deyir ki, televiziyaya birinci dəfə 1959-cu ildə, Bakıda baxıb. Bu sehrli güzgü ilə ilk görüş beynində ildırım kimi çaxıb. Danışır ki, hər axşam televiziyada filmə baxmaq, tanış sənətçilərin söhbətini dinləmək ona böyük həzz verib. Amma, yenə şikayətindən qalmır: «Bu mühitdə canlanma var. Amma, çox təəssüf ki, teleməkan böyümür, boya vermir, enlənir».
«Sonuncu dəfə televiziyada yadınızda hansı veriliş qalıb?»
«Bu dəqiqə deyim… Rus televiziyasında olub. Televiziyaya aclığımı təəssüf ki, Moskva telekanalları vasitəsilə doydururam. Amma, bizimkilər də düzələcək».
Peşə bayramında keçmişə sevgi, bu günə tənqidlə baxan, ancaq, bir gün hər şeyin düzələcəyinə ümidini üzməyən Vaqif Əlixanlı idi… Mədəniyyət nazirinin sabiq müavini, yazıçı-jurnalist, «Bulaq» verilişinin sabiq ssenaristi və hazırda «Lider» televiziyasının dublyaj redaksiyasının redaktoru…