Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:49

İslam Dövləti yaraqlılarına qoşulmaqda ittiham edilənlərin ailə üzvləri dindirilir


Arxiv fotosu: Suriyada İslam Dövləti yaraqlılarından biri.
Arxiv fotosu: Suriyada İslam Dövləti yaraqlılarından biri.

.

Aprelin 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bashar Assad-a qarşı döyüşməkdə təqsirli bilinən 6 nəfərlik dəstənin məhkəməsi davam edib. Bu dəstəyə Tariyel Mustafayev, Ruslan Mustafayev, Namiq Məmmədov, Elvin Əliyev, Tural Həsənov və Fərid Muradov daxildir.

Prosesdə əvvəlcə təqsirləndirilən Tariyel Mustafayevin həyat yoldaşı Yeganə Şirinovanı dindirib. O, ifadəsində göstərib ki,Tariyel Mustafayev evdən çıxanda müalicə üçün Türkiyəyə getdiyini deyib. Sonradan eşidib ki, əri Suriyadadır:

“Məni MTN-ə dəvət etdilər, getdim, ifadə verdim. İfadəmdə də Tariyelin müailəcə olunmaq üçün Türkiyə getdiyini, oradan isə məsləhətləşərək müalicəsini Suriyada davam etdirdiyini göstərdim. İfadəmi oxumağa imkan vermədilər, dedilər ki, nə demisənsə biz də yazmışıq. Məhkəmə vaxtı vəkil Yavər Hüseynli mənə ifadəmi göstərdi, heyrətə gəldim. Guya mən ifadəmdə Tariyelin Suriyaya döyüşməyə getdiyini bildirmişəm. Həyat yoldaşım guya mənimlə məsləhətləşib, mənsə ona getməməyi məsləhət görmüşəm. Tariyel isə guya özbaşına hərəkət edib, döyüşməyə yollanıb. Belə bir şey olmayıb axı”.

Qadın bildirib ki, həyat yoldaşı ruhi xəstədir, əvvəllər Bakıda müalicə alıb:

“Amma şəriət dilində desək, ərimə cin girmişdi. Adi həkimlərə də getmişik, dini hocalara da. Yenə də xeyri olmurdu. Son zamanlar özünü çox pis hiss edirdi. Evdə məsləhətləşdik ki, Türkiyədə məşhur olan Adil adlı dini hocanın yanına getsin. Həyat yoldaşım Türkiyədə müalicə alıb. Ordan da məsləhət görüblər ki, Suriyadakı həkimlərin yanına da gedib yoxlansın. O, həm dini,həm də tibbi yolla sağalmağa çalışırdı. Müalicədən sonra İstanbula gəldi, sonra da Bakıya qayıtdı. Mənsə bir müddət Türkiyədə qaldım. Bakıya gələndən bir həftə sonra Tariyeli həbs etdilər”.

Tariyel Musatafayev qısaca bunları dedi:

“And olsun o yaradan Allaha ki, mən indiyə qədər bir adama da yalan danışmamışam. Heç kim də çıxıb deyə bilməz ki, sən mənə yalan demisən. Mən burda saxlanılanların heç birini tanımıram. Bircə Ruslanı görmüşəm. Onula da elə münasibətim olmayıb. Bir nəfər çıxsın desin ki, əlimə silah almışam və yaxud hansısa dini icmanın üzvü olmuşam. Əgər onu sübut etsələr, 100 il içəridə yatmağa hazıram.

Mən yanıram ki, günahsız yerə burda həbsdəyəm. Mən kişiyəm. MTN-də dedilər ki, bunların üzünə dur, get azadlığa. Mən ona getmədim. Əgər döyüşmək məqsədilə Suriyaya getsəydim, gəlib deyərdim, heç kimdən də qorxmazdım. Həm yoldaşımın, həm də mənim ifadəmi alan müstəntiq öz istədiyini bura qeyd edib. Xahiş edirəm ki, ifadəmizi götürən müstəntiqi məhkəməyə çağırıb dindirəsiniz. Sonda demək istəyirəm ki, biz namaz qılmağın qurbanı olduq”.

Məhkəmə təqsirləndirilən Ruslan Mustafayevin anası Əfiqə Mustafayevanı da dindirib.

“Ruslan tutulandan bir neçə gün sonra qonşular zəng eləyib dedilər ki, eviniz qabağında maşın dayanıb, sizi gözləyir. Mən də nəvəmi bağçadan götürüb evə gəldim. 12-13 nəfər şəxs evdə axtarış aparacaqlarını bildirdi. Səbəbini soruşduqda MTN-in əməkdaşı olduqlarını və Ruslanın işi ilə bağlı axtarış aparacaqlarını dedilər. Bütün otaqları elə-belə axtardılar. Ruslanın otağının qapısı bağlı idi. Açarın yerini gəlindən soruşdum, otağı açdım. Kameranı yandırdılar, çəkiliş apardılar. Bütün yerləri, əşyaları ələk-vələk etdilər. Sonra yatağın altından bir qutu çıxardılar. İlk dəfə idi ki, həmin qutunu görürdüm. Qutunun içindəki patronları çıxarıb mənə göstərdilər. Dedim ki, ola bilməz. Çünki bir gün qabaq gəlinlə həmin otağı təmizləmişdik. Onların qutu çıxardığı yerdə elə şey yox idi, nəvəmin oyuncaqları vardı. Əgər qutu orada olsaydı, çoxdan xəbərimiz olardı. Özləri qoyduqları şeyləri özləri tapdılar”.

Məhkəmə iclası aprelin 27-də davam etdiriləcək.

MTN-də aparılmış istintaqın qənaətinə görə, bu şəxslər Azərbaycanı tərk edərək İslam Dövləti yaraqlılarına qoşulublar. Onlar Cinayət Məcəlləsinin qanunsuz silah-sursat əldəetmə və qanunsuz silahlı birləşmələrdə iştiraketmə maddələri ilə mühakimə olunur.

MTN onları bu ilin sentyabrında saxlayıb. İttihamlar sübut edilsə, bu şəxslər 20 il və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG