Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:19

Vətəni vətən şeirlərindən xilas eləyin...


Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə

-

Qəşəm Nəcəfzadə

Qafiyə

Sahil bağının sağ tərəfində

Yeriyən oğlan

Sol tərəfində eyni istiqamətə yeriyən qızla- qafiyə.

Doğan ayla

Üzünə yuxu tək qonan və dua istəyən təbəssümün-qafiyə.

Yerinin içində

Bir çimdik istilik axtaran ayaqların

Sərbəst şeir olsa da,

Mənim gecə saatlarında tez-tez maşının əyləcini basan

Ayaqlarımla qafiyələnir, istilənir.

Payız sonları yağan soyuq yağışlar,

Mənim “oktyabr” şeirimin qafiyəsidir, gözəl yağır.

Mən özüm bu saat sənin tənhalığının qafiyəsi kimi şeirlər yazıram.

Harda bir boşluq görsən qaça-qaça gəl, gözəlim.

Bu balaca dünyada görsən ki, hər yan açıqdı, və sən də üşüyürsən

Adamlar səni narahat edirlər

İncidirlər,

Küsdürürlər

Onda məni qafiyə tək yaz həyatına.

Mənim qabarlı əllərim sənə aldığım paltarların qafiyəsidir deyə

Gözəl yaraşır.

Insan öləndə qafiyə ucundan ölür...

Qocalıq pulu

Maliyə naziri, xahiş eləyirəm, nə olar,

Qocalıq pullarını bayramlardan sonra verməyin.

Məsələn,

Fevral ayının pulunu 8 martdan sonraya saxlamayin.

Dekabrı yanvarın 20-nə qədər yubatmayın...

Onlar da sevə bilirlər,

Yeni ili hələ unutmayıblar,

8 martda gül almaq istəyirlər, gül haqqı,

Hələ ki həyat yaşayır onların vərdişlərində,

Heç olmasa həyata hörmətiniz olsun.

Cənab nazir, sən görsən ki,

Bankomat kartlarının əlində qocalar necə əsirlər,

Bankomat karlarının əllərindən necə düşürlər qocalar?

Və görsən ki, onlar sənin beş-on manatlqı kartlarını

Əvvəl əl dəsmalına,

Sonra qəzetlərə,

Sonra salafanlara

Qımışmış əllərinə,

Sonra göz yaşlarına necə bükürlər?...

Həyatda

Ağlamaq adlı bir şeyin olduğunu xatırlarsan.

Səməninin belinə qırmızı lent bağla dedim

Səməninin belinə qırmızı lent bağla dedim

Gedib kənddə bir dəniz taxıl əkərəm dedim

Zəmini ayaqyalın sularam dedim

Sünbüllərə təzə şeirimi söylərəm dedim

Sünbülün kölgəsində yataram dedim,

Yağış yağsa, sünbülün altına girərəm dedim

Səni necə sevdiyimi bir sünbülə deyərəm dedim

Sünbül də sünbüllərə söyləyər dedim

Səni görmək üçün yanına gəlmək istərlər dedim

Kənddə bur dəyirman, bir təndir tikərəm dedim

Taxılı dəyirmanda üyüdərəm dedim

Təndirdə sənə çörək bişirərəm dedim

Sənə bir təndir çörəyi gətirərəm dedim

O çörəyi necə şirin yeyərsən dedim

O sünbül çörəyin içindədir dedim

Səməninin belinə qırmızı lent bağla dedim

“Düşmən” sözünü

düşünmək kimi anlayın...

Bayraqları şeirlərdən çıxardın

Türkçülüyü şeirlərə doldurmayın...

Vətənimizi şeirlərdə basdırmayın

Qoyun ürəyimiz bir azca nəfəs alsın...

Vətəni vətən şeirlərindən xilas eləyin

Şairsizsə, qələminizi sındırın.

Ölmüş körpələr haqqında mızıldamayın,

Hər axşam əllərinizi soyuducuda dondurun...

Ayağınızla yox,

Gözlərinizilə yeriyin...

Uşaqlara “düşmən” sözünü yazdırmayın,

“Düşmən” sözünü

düşünmək kimi anladın.

Oktyabr şeiri

Getdi payızlar, qışlar

Fikrimizin ucunda soyuyan çaylar getdi.

Öldü bizi tanıyan dostlar, tanışlar

Bir az keçmişi xatırlamaq gecikdi…

Getdi yarpağı qovan pişik, pişiyi qovan itlər, itləri qovan külək,

Küləyi qovan payız

Payızı qovan vaxt...

Vaxtın dalınca bir qız,

Bir qızın dalınca bir göz… Getdi

Getdi aftobusda oturacaqlarımız

Getdi dayanacaqlar,

Getdi qarşısından dayandığımız dükanlar, şüşələr, güzgüllər,

Şüşələrdə şəkillərimiz getdi…

Kafelər güncündə yerlərimizi tutdular

Yerlərimizi, yerlərimizi.

Saçlarımın ağ işığında əllərin uçdu

Üstümüzdən əllərimiz töküldü

Əl izləri üstümüzdən söküldü,

əl izləri, əl izləri…

Xəbərçilər bizi daha unutdular…

Bizi axırıncı dəfə harda görmüşdülər?

Xatırlamırlar…

Xəbərçilər, xəbərçilər...

Atanın, ananın, bacılarının adlarını unutdum

Unutdum, unutdum…

Daha xəbərin yoxdu ağrılarımın yerindən.

Ağrılarımın yerindən…

Daha gəlmək istəmirik nə sən bizə, nə mən sizə

Istəmirik, istəmirik…

Getdi saatlar, "10"-lar, “14”-lər, “15”-lər.

Bizi bir nəfər tanıyan olsaydı

Gələrdik özümüzə…

Heç olmasa bir xəbərçi…

Getdi tramvaylar, maşınlar, taksilər, qatarlar

Buludlar, durnalar, adamlar.

Biri ləngiyə bilsəydi -bir kəlmə qədər

Heç mən də yazmazdım bu yağışlı şeiri…

XS
SM
MD
LG