Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:20

Eldar Baxış. Bir dədəboyuna ehtiyacım var


Eldar Baxış
Eldar Baxış

-

.

ELDAR BAXIŞ


Şeirlər


MƏHƏMMƏD HADİYƏ

1.

Qərib nar əkər, nar əkər,

Narı nar olmaz, nar olmaz.

Qərib deyər: qərib qızdan

Mənə yar olmaz - yar olmaz:

Sünbülü qıçada qalar,

Buğdası puçada qalar,

Alması taxçada qalar,

qalar, saralmaz-saralmaz.

Kim qəribə arxa çıxar,

Qərib birdən yoxa çıxar,

Dərd əlindən dağa çıxar,

dağda qar olmaz - qar olmaz

2.

Tək dedilər - təklədilər,

qanına yeriklədilər.

sonra da dərdini alıb

dağa-daşa yüklədilər,

çəkə bilmədi-bilmədi.

Əsim-əsimcə əsdilər,

öldürməyə tələsdilər,

günün günorta çağında

ağacı elə kəsdilər, -

kölgə bilmədi-bilmədi.

Xallandı gül - butasında.

nər qarnında -qartasında.

bir şairi öldürdülər

bir ölkənin ortasında, -

ölkə bilmədi-bilmədi.



BOY

Boyum çıxdı - günüm çıxdı,
lala qırmızı-qırmızı.
Anam mənə layla çaldı,
layla qırmızı-qırmızı.

Günüm çıxmadı gün kimi,
mənim günüm lala oldu.
Mən oldum,
bu dünya oldu,
anam deyən layla oldu.

Boyum çıxdı - günüm çıxdı,
düşdü bu dünyanın üstə.
Düşdü-düşdü yerin, göyün,
dənizin, dəryanın üstə.

Boyum çıxdı - günüm çıxdı,
çıxdı - gəldi qarşı dağdan.
İş öyrəndim, güc öyrəndim
mən arıdan, qarışqadan.

Otu gördüm ot daşıdım,
suyu gördüm su daşıdım.
Ağzım yaman havalıydı,
Yer bellədim, yavaşıdım…


RƏSUL RZANIN ÖLÜMÜ

I.Kürə şəklində dərdimiz

Dünya kürə şəklindədir,
kürə şəklindədir günəş,
ay kürə şəklindədir,
kürə şəklindədir ürəyimiz,
sevincimiz kürə şəklindədir -
sənin ölümündən sonra
yığıldı,
büküldü,
kürə şəklinə düşdü dərdimiz də.

2. Ölümün səndən qabaq

Gəldi Mərdəkana
Ölümün səndən qabaq çıxdı evdən,
ölümün səndən qabaq mindi maşına,
ölümün səndən qabaq yola düşdü,
ölümün səndən qabaq gəldi Mərdəkana.

Olacağın binanın yerini,
qalacağın otağın nömrəsini,
baxacağın pəncərənin səmtini
ölümün səndən qabaq bilirdi.

Ölümün səndən qabaq bilirdi
hansı cığırı seçəcəksən,
hansı ağacın altından keçəcəksən…

Sən bilmirdin,
ölümün bunların hamısını bilirdi,
hansı sözü yazacaqsan - bilirdi,
hansı sözü pozacaqsan - bilirdi.

Ölümün səndən qabaq gəldi Mərdəkana,
ölümündən sonrpa sən gəldin,
səndən sonra
ölümün gəldi yenə…

3. Ürək sən deyəni eşitmədi

Durma dedin,
İşlə dedin,
hara getmək olar
bu gedişlə dedin,
ürək sən deyəni eşitmədi.

Ürək sən deyəni eşitmədi
elə bildi yaxşı elədi, -
ürək sən deyəni eşitmədi,
əl ürək deyəni eşitmədi,
barmaq əl deyəni eşitmədi,
təkcə kağız dinmədi.

4. Son söz

Gedirəm, dostlar,
Gedirəm, Anar,
Gedirəm, gözümün işığı,
evimin böyüyü,
evimin uşağı.

Balığı yaradan
suyu da yaradıb -
balığı suya bağışlayın.

Arını yaradan
çiçəyi də yaradıb -
arını çiçəyə bağışlayın.

İnsanı yaradan
torpağı da yaradıb -
insanı torpağa bağışlayın,
sonrası ilə işiniz olmasın…


DƏDƏBOYU

Ay dədə,

boyuna qurban olum mən,
o uca boyuna, şumal boyuna.
Günlərin bir günü Əlinin oğlu
Vəlinin toyunda girdik oyuna.

Gördün ki, nəfəsim qarala bilər,
gördün ki, ürəyim atlana bilər.
Kişi qırığıyam, uşaq da olsam,
Meydanda dizlərim qatlana bilər.

Dedin, dədə boyu verirəm sənə,
dedin, ağrın alım, sən yavaş oyna.
Dədəboyundasan, dədəboyunda,
Bizdən o tərəfə aralaş, oyna.

Çəkildim qırağa, dedim, nə yaxşı,
qıraqda öz əlim, öz başım oldu.
Gətirib şabaş da vermədilər heç,
sənin dədəboyun şabaşım oldu.

Oynadım,
sındırdım kefin istəyən,
Sən gəlib böyrümü basana qədər,
Filmanın qavalı, Həşimin toyu
Nuhunun zurnası susana qədər…

Ay dədə, hardasan,
indi hardasan?
Eşidənim hanı, görənim hanı?
Bir dədəboyuna ehtiyacım var,
Hanı, dədəboyu verənim, hanı?

Ay dədə,
boyuna qurban olum mən,
o günlər su kimi sovuldu, getdi.
Yağışdı - yağmadı,
otdu - bitmədi,
çiçəyi burnunda ovuldu getdi…


VƏTƏN

Pişik istədiyindən
yeyir balasını,
mən də səni yeyirəm
istədiyimdən
təndirindən çıxan çörəyi yeyirəm,
ağacın gətirən barı yeyirəm,
pətəyindən süzülən balı yeyirəm,
yemişəm,
yeyəcəyəm,
axırda səndən
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm, -
canımla,
ətimlə,
qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.

Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb balasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm!..


GECƏ SAAT ÜÇÜN - DÖRDÜN SÖHBƏTİ

Baxıram: Hamı yatıb,
Meşədə - ağaclarımız yatıb,
Çöməlib ağacların dibində
turaclarımız yatıb.

Dillərini qoyub qarınlarına
qapıda - itlərimiz yatıb.

Evdə -
kitablarımızın arasında

Saitlərimiz, samitlərimiz yatıb.
Coğrafiya müəlliminin
çubuğunu yuxu aparıb
Arazın üstündə,
Ədalətin barmaqları
bu saat yuxu görür
sazın üstündə.
Ürəyimizə baş qoyub
səssiz-səmirsiz
ümidlərimiz,
arzularımız yatıb.
Arxaçda fısıldaya-fısıldaya
qoyunlarımız,
quzularımız yatıb…
baxıram: yuxu aparıb
pişiyin səsini
yükün arasında
Uşaqlara nə var,
Uşaqlar tumançaq uyuyub
anaların laylasında.


VAXT

Bir də baxırsan ki, göyün üzündə
ayın yarısı var, yarısı yoxdu…
… Kəndimizə getdim, qocalar gördüm,
kişisi yaşayır, qapısı yoxdu, -
bu vaxtdan nə desən gözləmək olar.

Uşaqlar gördüm ki, indi hamısı
olub ev yiyəsi, eşik yiyəsi.
İkəmmi,
üçəmmi, deyə bilmərəm,
doğub Həsigilin qaşqa düyəsi, -
bu vaxtdan nə desən gözləmək olar.

Həsinin özü də gördüm ki, elə
Gəlib üç-dörd uşaq atası olub.
Ətə-qana dolub bizim Süleyman,
ortası bir palıd ortası olub, -
bu vaxtdan nə desən gözləmək olar.

Bu vaxtdan nə desən gözləmək olar,
dünyanın çarxını döndərə bilər,
İstəsə cənnətin mələklərini
yığıb cəhənnəmə göndərə bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG