Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:42

"Lap bütün yazıçıları həbs etsələr də, cəmiyyətin tükü tərpənməyəcək"


Cəlil Cavanşir
Cəlil Cavanşir

-

"NİDA-çı gəncləri tuturlarsa, İsmayıllı hadisələrində iştirak edənləri tuturlarsa, Qarabağ qazisi Tofiq Yaqublunu və onun qızını, lap bu yaxınlarda Cəmil Həsənlinin qızını tuturlarsa, vicdanlı adam buna hansısa mətnində münasibət bildirməlidir".

Yazar Cəlil Cavanşirlə söhbət

- Cəlil, indi nə işlərlə məşğulsan?

- Lent.az saytı üçün müsahibələr edirəm, yazılar yazıram. Eyni zamanda Haynrix Böllün “Katerina Blumun tapdanmış şərəfi” adlı romanını çevirirəm. Bu əsər 74-cü ildə yazılsa da, bugünkü Azərbaycan reallığı ilə tam səsləşən bir əsərdir. Romanda medianın gənc bir qızın başına gətirdiyi bəlalardan bəhs edilir.

- Bu günlərdə iki populyar ədəbiyyat saytı bağlandı, həmin saytlar xeyli yazar üçün dolanışıq yeri idi. Səncə, ədəbi saytlarla belə davranılmasının kökündə nə dayanır? Bunun səbəbi yazıçıların öz ictimai funksiyaları və nüfuzlarını itirmələridirmi?

- Belə bir qınaq var ki, yazıçılar niyə sevgidən, darıxmaqdan, qadından, yaxud başqa yazarların əsərləri haqqında yazırlar, amma ictimai mövzuların üzərindən susqunluqla keçirlər. Ədəbiyyatın işi təkcə ölkədəki siyasi məhbusları müdafiə etmək deyil.

Əlbəttə, ədəbiyyatın mayasında etiraz olmalıdır, ancaq cəmiyyəti düzəltmək funksiyasını necə ədəbiyyatın çiyinlərinə yükləmək olar? Cəmiyyətin problemlərini həll etmək üçün sosioloqlar, hüquq müdafiəçiləri, siyasətçilər var. Yazıçı mütləq cəmiyyətdəki hadisələrə münasibət bildirməyə borclu deyil, yazıçının apolitik olmaq haqqı da var.

- Sən özün apolitiksən?

- Mən necə apolitik ola bilərəm ki, siyasi mübarizənin önündə gedən, təzyiqlərlə üzləşən bir təşkilata üzv olmuşam.

Cəlil Cavanşirin "Qadın corabları" romanını
Cəlil Cavanşirin "Qadın corabları" romanını

- Söhbət “NİDA”dan gedirsə, bir dəfə sosial şəbəkədə bloqçular səni “NİDA”ya kitablarının təqdimatını etmək üçün üzv olmaqda, sonradan tədricən “NİDA”dan uzaqlaşmaqda ittiham etmişdilər...

- Bu ittihamlara o vaxt da güldüm keçdim, yenə də gülürəm. Məni tanıyanlar da bilir ki, mənim “nidaçı”larla hər zaman isti münasibətim olub, bacardığım qədər aksiyalarda, tədbirlərdə iştirak etmişəm. Həbs olunmamışamsa, bu mənim günahım deyil. Mən radikal mübarizəni dəstəkləməsəm də , heç vaxt bu hakimiyyətin də tərəfdarı olmamışam. Aktiv siyasi fəaliyyətim olmasa da, mövqeyim bəllidir.

Mən “NİDA”ya üzv olana qədər artıq bir kitabımı yüksək səviyyədə təqdim etmişdim. “NİDA”nın keçirdiyi təqdimatda da, heç bir şəxsi marağım yox idi və bunu öncədən təşkilatçılara demişdim. Bilənlər bilir ki, o təqdimatda təqdim olunan kitabdan mən bir manat da pul qazanmamışam.

Kitabı “Qanun” nəşriyyatı öz hesabına çap etmişdi və təqdimatda satışını da özü təşkil etmişdi. “NİDA”nın keçirdiyi təqdimatdan sonra mən 4 kitab təqdimatı keçirmişəm. Tədbirlərdə çəkilən videolara və fotolara baxıb müqayisə apara bilərsiniz. Ümumiyyətlə, müxalif gənclər arasında kifayət qədər dəyərli oxucularım var. Bu da ola bilsin hansısa mövqeyi sürüşkən olan insanları narahat edir.

Cəlil Cavanşir (solda) yazar dostları Murad Köhnəqala (ortada) və Şərif Ağayarla
Cəlil Cavanşir (solda) yazar dostları Murad Köhnəqala (ortada) və Şərif Ağayarla

Mənim mövqeyim bəllidir. Məni təftiş etməkdənsə, qara yaxmaqdansa hər kəs öz üzərinə düşən işi etsə daha yaxşı olar.

- Gəncədən Bakıya gəlib, ədəbi mühitlə tanış olduğun zamandan bu günədək səndə nələr dəyişdi?

- Gəncədə olanda düşünürdüm ki, Azərbaycan ədəbiyyatının ən böyük problemləri Azərbaycan Yazıçılar Birliyindən qaynaqlanır. Bakıya gələndən sonra fikirlərim qətiləşdi. Dəfələrlə müxtəlif adamlar vasitəsilə mənə AYB-yə üzv olub təqaüd almaq təklif edilsə də bu təkliflə razılaşmadım. Elə ilk gündən qərara gəlmişəm ki, Azərbaycanda müstəqil və tərəfsiz olmaq naminə heç bir yaradıcı birliyə üzv olmadan da yazıçı kimi fəaliyyət göstərmək mümkündür.

Bunun sübutu odur ki, romanımı yazmışam, çap olunub, satışından bilirəm ki, oxucularım da var. Hansısa birliyin üzvü olmaqdansa, dəstəbazlıqla məşğul olmaqdansa, yaradıcılığımla məşğul oluram.

Kənddən çıxdığım gündən bu günədək daxili aləmimin olduğu kimi qalmasına çalışmışam. Bakıda gördüm ki, bu gün yeyib-içib sabah sənin arxanca danışılması çox mümkündür. Dərk elədim ki, bu şəhərdə kəsilən çörəyə arxa çevirmək çox asandır. Mənim doğulduğum, böyüdüyüm yerlərdə belə adamlara heç kim yaxşı baxmazdı.

Ümumiyyətlə, çox qapalı adamam, kənar təsirlərdən qaçan adamam, mənim öz həqiqətlərim var, çalışıram öz prisniplərimi pozmayım.

- Kulis.az və kult.az kimi saytların bağlanmasının ədəbiyyata nə kimi təsirini gözləyirsən?

- Hansı formada fəaliyyət göstərməyindən, tənqid olunmağından asılı olmayaraq hesab edirəm kulis.az da, hətta kult.az da Azərbaycanda ədəbiyyat üçün kiçik bir nəfəslik idi. Ölkədə uzun illərdir çıxan “Ədəbiyyat” qəzeti var, “Azərbaycan” jurnalı var və bir də 4 ilə yaxındır kulis.az var. Gəlin görək hansının fəaliyyəti ədəbiyyata daha çox töhfə verib. Bu gün kulis.az-ı daha çox ona görə tənqid edirlər ki, erotik başlıqlar verilir. Ancaq mənə elə gəlir kim nəyi axtarırsa onu da tapır.

- Son dövrlər gün ərzində yenilənən on yazıdan 5-6-sı belə başlıqlı olurdu...

- Belə danışmaq çox böyük insafsızlıqdır. Şəxsən mənim son dövrlər Borxesdən, Hildeshaymerdən, Erix Friddən, Borxesdən, Milan Kunderadan, Stefan Sveyqdən tərcümələrim, dini mövzuda araşdırma yazılarım, qadın filosoflar haqqında silsilə yazılarım kulis.az-da yayınlanıb. Bu saytda roman müzakirələri keçirilib, vacib debatlar təşkil olunub, ədəbi polemikalar təşkil olunub.

- Bu saytlarda senzura olduğunu qəbul edirsən?

- Senzura deməzdim, baş redaktorun müəlliflərə münasibəti var. Redaktor bir müəllifi lazım bilib çap edər, başqasını çap etməyə bilər. Redaktorun seçiminə senzura adı vermək olmaz.

- Məsəlçün, elə bu günlərdə Sona Yaqubova bir müzakirədə bildirdi ki, “Qəsr” romanı haqda yazdığı yazıda ümumiyyətlə iqtidarın tənqidi olduğu üçün yazı kulis.az-da verilməyib, halbuki, burda Azərbaycan iqtidarından deyil, ümumiyyətlə iqtidar məfhumundan gedirdi.

- Mən inanmıram ki, yazı “iqtidar”dan bəhs etdiyi üçün verilməyib. Çünki, Sona Yaqubovanın bundan öncə küçə uşaqları haqqında çəkdiyi film, bir çox yazıları kulis.az-da yayınlanmışdı. Problem olsaydı, o yazıları da verməzdilər.

Hər-hansı yazının saytda verilməməsinin səbəbini baş redaktorla müəllif arasında hansısa fikir ayrılığında axtarmaq lazımdır. Kiminsə yazısı çap olunmursa, buna senzura demək olmaz. Dünyanın hər yerində eyni maraq dairəsi olan yazarlar saytlar, dərgilər ətrafında birləşirlər.

Demirəm ki, saytın bağlanması cəmiyyət üçün böyük bir faciə olacaq. Bizim cəmiyyət ədəbiyyata qarşı o qədər etinasız, laqeyddir ki, hətta bu gün AYB-ni, AYO-nu ləğv edib, bütün yazıçıları həbsə atsalar belə, cəmiyyətin tükü tərpənməyəcək. Ədəbiyyat adamları bu cəmiyyət üçün ögey adamlardır.

- Burda ədəbiyyat adamlarının özlərinin günahı yoxdurmu? Axı cəmiyyət tez-tez ələbaxan, yaltaqlanan, pul və vəzifə xatirinə həqiqəti görməzdən gələn, susan yazarları görür.

- Hətta ən zəif romanlar müəllifi, ən qəbul etmədiyimiz şeirlər müəllifi də bu cəmiyyət üçün bir fədakarlıq edir. Gəlin bölgünü belə aparaq, yaltaqlıq edən, ləyaqətini alçaldan, kiminsə yanında boynunu bükən adamların ədəbiyyata dəxli yoxdur. Buna əmin ol ki, söz murdarlıq götürmür, o adamlar bu gün-sabah itib gedəcəklər. Nəzərə alaq ki, Nizaminin dövründə, Füzulinin dövründə və yaxud da Dantenin dövründə minlərlə şeir yazan olub, bu gün bizə ancaq onların içində ən seçilmiş adamlar gəlib çıxır. İnan ki, yaxın 20 ildə indi yazan adamların çoxu meydandan silinəcək.

- Bu gün hansı yazarın tarixdə qalacağını hansı formulla deyə bilərik? Məsəlçün, Dostoyevski əvvəlcə inqilabçı düşüncə sahibi olub, katorqadan qayıtdıqdan sonra isə çarın hər fərmanı haqda tərifli bir məqalə yazırdı.

Cəlil Cavanşir (şarj)
Cəlil Cavanşir (şarj)

- Dostoyevski haqda bu faktı ancaq onun həyatını dərindən araşdıran adamlar bilir. Kimlərin qalacağının işartılarını əvvəlcədən baxanda görmək olur. Kim ki ədəbiyyata həqiqi sevgiylə yanaşır, ədəbiyyat üçün yaşayırsa, onlar ədəbiyyat tarixində iz qoyur, elə Dostoyevski də belə idi. Kim ki, hökümətdən ev almaq, şöhrət, pul qazanmaq, vəzifəyə gəlmək üçün yazırsa, onların tarix qarşısında şansları çox azdır.

Həmçinin adamın yazdıqlarını, çap olunan bədii mətnlərini oxuyanda da bilmək olur. Yazdıqlarında vicdanlı yanaşma varsa, ölkədə baş verənləri hansısa formada yazdıqlarında əks etdirirsə onda deməli, bu yazar gələcək nəsillər üçün maraqlı olacaq.

Məsəlçün, 8-10 nəfər NİDA-çı gənci tuturlar, İsmayıllı hadisələrində iştirak edənləri tuturlar, Qarabağ qazisi Tofiq Yaqublunu və onun qızını, lap bu yaxınlarda Cəmil Həsənlinin qızını tuturlarsa, vicdanlı adam buna hansısa mətnində münasibət bildirməlidir. Siyasi köşə yazarı bunu öz köşəsində isti-isti tənqid edə bilər. Amma yazıçı bunu hansısa romanında, hekayəsində, şeirində, essesində həll etməlidir. Yazıçı yaşadığı dövrün hadisələrinə reaksiyasız qalmamalıdır.

Haqsızlıq qarşısında susmaq, böyük faciədir. Hələ qələm adamı haqsızlığa susursa, laqeyidlik edirsə, bu daha böyük faciədir.

- İndiyə qədər neft pullarının hesabına yazarlar ancaq saytlarda işləyir, AYB-dən təqaüd alırdı, saytlarda köşə yazmaq, redaktorluq etmək yazıçıları tənbəlləşdirmişdi. Düşünmürsənmi ki, neft pullarının azalması yazıçıları yenidən 2000-ci illərdəki kimi aktivləşdirəcək, məsələn, ölkədə yeni bir roman bumu yaranacaq?

- Düşünmürəm ki, neftin qiymətinin düşməyi, dolların qiymətinin qalxması, saytların bağlanması, intellektual işsizlər ordusunun yaranması dövlətə, yaxud xalqa sərf edə. Həmçinin kiminsə işsiz qalıb yazıçı olacağına inanmıram. Kim yaxşı əsər yazmaq istəyirdisə, əvvəl də yaza bilərdi, indi də yaza bilər. Yaradıcı proses maddiyyata bağlı proses deyil.

Cəlil Cavanşir oğlu ilə
Cəlil Cavanşir oğlu ilə

Məsəlçün, mən beş ilə beş kitab yazmışam, ona yaxın da kitabı dilimizə tərcümə etmişəm. Bütün bunları saytlarda, nəşriyyatlarda işləyə-işləyə, zövq alaraq etmişəm. İşsizliyin kimisə dahi edəcəyini gözləmirəm.

Ancaq mən düşünürəm ki, yazarların ayrı-ayrı saytlarda, qəzetlərdə, qurumlarda işləməsi onlar arasında bir parçalanma, soyuqluq yaratdı. İndi biz bir yerdə oturub ədəbiyyatın durumunu müzakirə edə bilmirik. Məsələn mən ədəbiyyatımızın problemlərini Rasim Qaraca ilə, Pərviz Cəbrayılla, Qan Turalı ilə, Qismətlə lap elə Anarla, müzakirə etməliyəm. Çünki ədəbiyyatın problemini və həlli yollarını bu adamlar müzakirə etməlidir.

- Sən bu parçalanmada hansısa siyasətin təsirini duyursan?

- Xeyr, buna siyasət demirəm, bu bizim problemimizdir, 60-70-ci illərdə Amerikada “Beat nəsli”ni kim bir yerə toplamışdı? Özləri toplanmışdı. Düşünürəm ki, bir-birimizin əleyhinə yazmamalıyıq, danışmamalıyıq. Bir-birimizin hansısa səhvini götürüb, onu mütləq şişirtməməliyik. Ən çarəsiz durumlarda birlikdə çıxış yolu axtarmalıyıq. Sağlam tənqid, qərəzsiz tənqid olmalıdır.

- Əvvəl yazılarında adətən darıxmaqdan, içməkdən, uğursuz sevgilərdən söhbət gedirdi. Adama elə gəlir ki, sən daim darıxırsan. Hətta son kitabının adı da “P.S darıxıram”dır. İndi isə daha nikbin görünürsən.

- Şeir ovqatla bağlıdır. Bu o demək deyil ki, mən daim darıxıram. İndiyə kimi həyatımdakı nizamsızlıq qismən övladımdan uzaqda olmağımla bağlı idi. İndi şəxsi həyatım düzəndədir.

Yaş keçdikcə anlayıram ki, insanın ayaqda qalması üçün mütləq bir istinad nöqtəsi olmalıdır. İnsan içində mütləq inandığı, etibar etdiyi və güc aldığı bir istinad nöqtəsi tapmalıdır. Artıq o istinad nöqtəsini tapdığımı düşünürəm.

- Ruhi tarazlığını geri qaytarandan sonra yazmaq çətinləşibmi?

- Düzünü deyim şeir yazmaq çətinləşib. O xaotik, problematik həyat situasiyaları mənə daha çox yazdırırdı. Məsəlçün, sevmək, ayrılmaq, xəyanət, tərk edilmək mənə daha gərgin, qaynar bir həyat verirdi. Rahat və tez qəbul edilmək, sevilmək məni soyuqqanlı edib.

Son dövrlər beş-altı soyuqqanlı şeir yazmışam. Yəqin ki, nə vaxtsa onları çap etdirəcəm.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG