Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

Düşənbəyə birtərəfli bilet: Miqrant fəhlələr Rusiyadan kütləvi gedir


Düşənbə-Moskva qatarı
Düşənbə-Moskva qatarı

-

«The Moscow Times» qəzetində Gabrielle Tétrault-Farber Rusiyanı tərk edən miqrantlardan yazır.

40 yaşlı Ibragim Ishankulov Düşənbəyə gedən qatarı gözləyir. O, Orta Asiyadan olan xeyli sayda fəhlədən biridir və Tacikistana birtərəfli bilet alıb. Rublun dramatik düşməsi, üstəgəl miqrantlar üçün qaydaların sərtləşməsi çoxlarının Rusiyada üzləşdiyi qeyri-qonaqpərvər şəraiti daha dözülməz edib.

«Burada işləməyimiz üçün bütün bu sənədlər və sığorta lazımdır. İlkin administrasiya xərci təxminən 292 dollardır. Aya 262 dollar qazanıram, necə qalıb işləyim burda?» - Ishankulov deyir.

Rusiya Miqrantlar Federasiyasının rəhbəri Mohammad Amin dekabrda deyib ki, ölkə miqrantlarının ¼-i getməyi planlaşdırır.

2014-cü ilin ikinci yarısında Rusiyanı 178 mindən çox tacik tərk edib. Həmin dövrdə Rusiyadan çıxan özbəklərin sayı 365 minə yaxındır. Ötən ay Rusiyada 100 min tacik, 2.2 milyon özbəkin qaldığı bildirilirdi.

Müəllif yazır ki, Rusiyaya gələnlərin sayı da kəskin azalıb. Yanvarın birinci həftəsində ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə 70 faiz az miqrant gəlib.

PUTIN «SOYUQ MÜHARİBƏ» TARİXİNİ YENİDƏN YAZIR

««Avropa Rusiya ilə necə davranmalıdır» debatının getdiyini bir vaxtda böyük bir ildönümü də qeyd olunur: bu həftə anti-Hitler koalisiyasının Yalta konfransından 70 il keçir. Adətən deyirlər ki, böyük üçlük Avropanı Yaltada parçaladı». - Bunu «The Guardian» qəzetində Natalie Nougayrède yazır.

Winston Churchill, Franklin Roosevelt və Josef Stalin Krımda - 1945
Winston Churchill, Franklin Roosevelt və Josef Stalin Krımda - 1945

«Bu gün Ukrayna müharibəsi Avropada «nüfuz zonaları»nı geri qaytarıb. İronik olsa da, Avropa və Rusiya arasında hazırda gedən geosiyasi mübarizə məhz vaxtilə Yalta konfransının keçirildiyi ölkənin ərazisində baş verir», - müəllif yazır.

«Ötən ilin noyabrında Putin Rusiya barədə deyib ki, «biz özümüzə qarşı «dəmir pərdə»nin fəlakətini anlayırıq. Bu yolla getməyəcəyik, heç kəs ətrafımızda «dəmir pərdə» qura bilməyəcək». Bu təzə söhbət mənə «Əlvida, Lenin!» filmini xatırlatdı. «Berlin divarı»nın uçurdulması zamanı iflic olmuş Şərqi Almaniyadan olan kommunist qadının uşaqları ananın ağrısını azaltmaq üçün yalandan bir televiziya xəbəri düzəldirlər - orada Qərbə qaçan şərqi almaniyalılar ADR-də sığınacaq axtaran qərbi almaniyalılar kimi təsvir olunur.

Putin də Rusiyanı təcavüzkar kimi deyil, qurban kimi təqdim edir. Avropada nüfuz zonası yaratmaq istəyir və «soyuq Müharibə»dən sonra Qərbin Rusiya ilə pis davrandığını deyir.

Tarixçi Mary Elise Sarotte yazıb ki, NATO genişlənməyəcəyinə heç vaxt söz verməyib. Gorbachev Almaniyanın birləşməsinə dair George Bush və Helmut Kohl-un hazırladığı şərtləri ona görə qəbul etdi ki, çökməkdə olan sovet iqtisadiyyatına maddi yardım lazım idi. Sonradan NATO, sadəcə, böyüdü və gələcək üçün vahid Avropa-Rusiya çərçivəsi hazırlanmadı».

Müəllifin fikrincə, Almaniya və Fransa 2-ci Dünya müharibəsindən sonra barışa bildi, çünki tarixə ümumi dəyərləndirməni bölüşürdülər. Ancaq Rusiya və Avropanın keçmişə dair ümumi anlaşmanı paylaşması üçün onların arasında davamlılıq olmalıdır. Ancaq ən əsası da rusiyalılar özlərinə vurduqları yaralarla barışmalıdırlar. Putin-in Moskvanın mərkəzində QULAQ qurbanlarına abidəni hələ də rəsmi ziyarət etməməsi maraqlı faktdır:

«Bu yaxınlarda Rusiya Dumasının sözçüsü deyib ki, 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın birləşməsi səsə qoyulmalı və pislənməlidir. Putin-in dünyasında – köhnə sovet zarafatında deyildiyi kimi – gələcək müəyyəndir, keçmiş isə gözlənilməzdir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG