Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Oyuncaq silah


Narıngül
Narıngül

-

Xəbəri bir-birinə ötürürlər. “Seymuru vurublar. Güllə ilə vurublar, öz maşınında”. “Kim vurub?”, “Niyə?” Heç kim dillənmir...

Narıngül

OYUNCAQ SİLAH

(Hekayə)

Əlimdəki karton parçasını yerə atıram. Ləzzətlə gərnəşirəm, ürəyimə rahatlıq yayılır: “Bitdi”. Özlüyümdə forslanıram.

- İş istəyirdin, bu da sənə iş! Lalə ətli dodaqlarını marçıldadaraq nəm salfetlə mizin kənarlarını silir – canın qurtardı!

Qaşqabağımı tökürəm:

-Yaxşı, sən də! Görək hələ bir gedə bilirəmmi?

– Bunu stolun üzərinə də qoymaq olar, – Samir yerdəki karton parçasına işarə edir.

Bir bayağı mahnının sözlərini özüm bildiyim şəkildə oxuyuram. Qəsdən Samiri qıcıqlandırıram.- O daha burda işləməyəcək -Lalə mizin üzərinə çayları düzür.
Tərs-tərs baxıram Laləyə. Bunlar məni hirsləndirməsələr sakit olan deyillər.

İş məsələsini hamının beyninə yeritmişəm. Beləyəm də…Bir şeydən yapışdım buraxmıram. Universiteti bitirəndən bəri bu məsələ gündəmdədir. Bunlardan heç nə gizlədə bilmirəm. İndi çətin yayınam söhbətdən, hamının gözü məndədir.

Səhər anam həyətin o başından səsləndi ki, yuxunu görmüşəm. Əlim duadadır. Anamın mövhümata bağlanmağından xoşlanmıram. İmkan düşdükcə sancıram onu. Amma bu dəfə dinmirəm. Ürəyimdə: “Allah ağzından eşitsin” deyirəm.
Xadimə Gülbahar şəstlə içəri girir. Şkafı açıb qurdalanır. Zalım qızı elə bil professordur..Gülbaharın yanları getdikcə enlənir. Qalın parçadan tikilmiş paltarının enli ətəyi paraşütə bənzəyir.

- Sən də gedirsən, şükür, işlərin düzəlib. Başını şkafın içindən çıxarıb mənə baxır, yenidən içəri soxur. Az qalıram qışqırım ki, nə olub, nə böyük işdir ki… Mənimlə birlikdə oxuyanlar artıq bu işi təcrübə işi kimi kənarda qoyublar, haralarda çalışırlar. Amma dinmirəm. Tündaxasiyyət görünmək istəmirəm. “Ürəyin uşaq kimi təmizdir, sadəsən, amma xasiyyətin bir şey deyil!”- Lalə deyir- incimə sən allah!

-Baxır məqamına, elə yer var şirindil oluram, elə yer var, əksinə, – əlüstü cavabını verirəm.

Səsimdəki əsəbi notlar aydınca hiss olunur. Nəyi istəyirəm qaçır məndən. Alınsaydı çoxdan ordaydım. Yenə də ürəyim qubarlanır. İş məsələsini yenicə yadımdan çıxarıb rahatlanmışdım. Daha doğrusu, əlimi üzmüşdüm. Seymur zəng elədi ki, gəl, sən də özümüzünküsən, tələbə yoldaşımızsan. Gəl, səni də yerləşdirək. “Çoxdan yerləşdirməliydiniz,” demək istəyirəm. “Mən niyə kənarda qalmalıydım ki… Sizdən pis oxumamışam”. Amma deyəmmirəm. Ömrümdə deyə bilmərəm.Paho! Yenə başladım gileylənməyə. Adam deyiləm də! Demişdim axı daha gileylənmək qurtardı!

Seymur xarici filmlərin aktyorlarına bənzəyir. Sarışın sifəti, iri gözləri var. Yaxınlığında olsam, düz gözlərimin içinə baxar, ürəyimi oxuyar.

Telefonda şirin – şirin danışır, təkifi məni əməlli-başlı həyəcanlandırır. Ürəyim titrəyir. Ancaq özümü o yerə qoymuram. Sevinmək mənə düşmür. Sınamışam neçə dəfə. Onu görə özümü sakit aparmağa çalışıram. Qərara alıram ki, başqa şeylər barəsində düşünüm.

Dinarə basırıq küçədə yer yarılıb yerdən peyda olmuş kimi adamların arasından sivişib qarşıma çıxır. Əlindəki çantası diqqətimi çəkir, yoxsa diqqət kəsilməzdim.

İri çantadır, üzərində “Amerika” sözü yazılıb. Boyu balaca olduğundan özündən əvvəl çantası görünür. Dönüb baxıram. O da üzünü mənə tərəf çevirir. Ikimiz də eyni anda təəccüblənirik. Yaxınlaşıb görüşürük.

Uşaqaları soruşur.

- Heç birini görmürəm. Seymur dünən zəng edib, məni yanına işə dəvət edir.

- Çox sevindim. Seymurdan yoxdur!. Hamınız bir yerdə olarsınız. Çoxdan olmalıydı.

Artıq hamının “sevindim” deməyi məni sıxır. Paho! Elə bil yerdə qalmışam e…Seymurun laqeydliyindən incimişəm həmişə. Tələbəlik vaxtı o biri uşaqlardan daha çox mənə yaxın idi. Diplom işinə də köməklik eləmişdim. Amma iş məsələsində mənə ögeylik elədi. Yenə də qubarlanıram. Gözlərim dolur. Amma özümü şax tuturam.

Yolboyu öz-özümə düşünürəm. Gərək indidən bu məsələni hamıya deməyəydim. Düşər-düşməzi olur.

-2-

Küçədə fırlanıb axşamın düşməyini gözləyirəm. Poladla görüşüm var. Beş aydır görüşürük, amma hələ bilmirəm bu adamın fikrini. Əslində, heç özüm də qətiyyətli deyiləm. Gün-gündən uzaqlaşırıq bir-birimizdən.

Həmişəki kimi küncdəki masada əyləşirik. Polad yemək sifariş verir. Bir-iki tikə yeyirəm. “Adamın iştahını qaçırırsan”- deyir. Gülümsünürəm. Nə isə söhbətimiz alınmır. İlk dəfə bu masada əyləşəndə çiynimi qucaqlayıb pıçıldamışdı: “Bura bizim sevgi güşəmizdir.Sənin cazibən bəsimdir, yemək istəmirəm”.

Ürəyim sevgi və həyəcandan titrəyirdi. Iki kəlmə danışa da bilmirdim. İndi tamam soyumuşam. Kafenin alaqaranlığı və monoton musiqi sıxır məni. Bir adamın yanında darıxdımsa heç nə… Bilirəm ki, o adamdan gec-tez qırılacam. Aramızdakı sevgi get-gedə dostluğa çevrilir. Mənə elə gəlir ki, o da darıxır.

Poladla əl-ələ tutub küçə aşağı yeriyirik. “Elə bil hissiyyatın yoxdur” – deyir. Barmaqlarımı sıxır. Çox yorğunam. Küçənin o başından ötürüb geri qayıdır.

Səhər anamın səsinə oyanıram.

- Dur, işə gecikərsən. Gözlərimi güclə açıram.Yadıma düşür ki, bu gün başqa işə gedəcəm. Saatın fərqi yoxdur . Burda hələ iş vaxtını bilmirəm. Anam köhnə işimin vaxtını nəzərdə tutur. Fırlanır ki, yemək yeməmiş aradan çıxmayım. Görək Seymur məni hansı vəzifəyə götürəcək? Maaşının fərqi yoxdur. Hər halda bu işimdəki puldan xeyli yüksək olmalıdır. Həm də “prestijni”dir. Çoxdan gözləyirdim.

-3-

Seymurun katıbəsinin yanından şəstlə keçirəm. Zəhləm gedir sifətindən. Üzü ağappaqdır, gözünün ətrafında müxtəlif rəngli boyalar var. Utanmasam diqqətlə baxıb üzündəki rəngləri sayaram. Bəzəkli gəlinciyə bənzəyir. Elə bilirəm həmişə mənə yuxarıdan aşağı baxır. Bəlkə də elə iş məsələsinə görə. Bir-iki dəfə Seymurun yanına işə görə gəlmişdim. O da hər dəfə başından eləyib “yaxşı , baxarıq” demişdi.

Bu katibə də külək kimidir. Hansı tərəf güclüdür, o tərərfə meyl edəndir. Əvvəl salamımı güclə alırdı. İndi məni görüb gülümsünür. Yəqin eşidib məsələni. Ayağa qalxıb çay təklif edir. “Istəmirəm” deyirəm. Özümü naza çəkirəm. “Belə yalmanarsan”, ürəyimdə deyirəm.

- Hələ gəlməyib – mənə məlumat verir. Tez-tez Seymurun otağına girib-çıxır, əlindəki kağızları yerləşdirir. Katibənin ayağında hündür kabloklu ayaqqabı var. Dolu, ağ baldırları armud şəklindədir. Yarıaçıq qapıdan Seymurun divardan asılmış portreti görünür. Burda özündən xeyli yaşlı görünür. İşçilər bir- bir gəlirlər, mənimlə salamlaşıb keçirlər. Görünür xəbər tutublar burda çalışacağımdan. Hamısından bir məhrəmlik hiss edirəm.
Dəhlizi o baş –bu başa gəzirəm.Seymur gəlmək bilmir…

- Rəislər belədir də… Şirkətin yaşlı işçisi qeyd edir, – kefləri nə vaxt istəyir, gəlirlər. Cibindən çıxardığı açarı mənə uzadır:

- Hələlik keç otaqda əyləş. Bu, deyəsən gecikir.

- Eybi yox, gələr. Gülümsünürəm. Qoy indidən bilsinlər ki, Seymurla yaxınam.

- Qan görmüşdüm, yuxuda, – katibə deyir, – qan ayağımın altıyla axıb gedirdi. Qıpqırmızı qan… Yuxum çin çıxacaq. Mən inanıram da yuxulara...

Otağın pəncərəsini özümə tərəf çəkirəm. Külək pəncərənin arasındakı tozu sifətimə çırpır. Dodaqlarımdakı narın qumu hiss edirəm. Pəncərəni bağlayıram. Pəncərədən aşağıya baxanda adam vahimələnir. İki gün əvvəl eşitdiyim, özünü hündür mərtəbədən atmış qadını xatırlayıram, nədənsə.

“Hanı, qan qovuşmaqdır deyirdilər. Bəs nə oldu, bu nə xəbərdir?” Dəhlizdən qarmaqarışıq səslər gəlir. Xəbəri bir-birinə ötürürlər. “Seymuru vurublar. Güllə ilə vurublar, öz maşınında”. “Kim vurub?”, “Niyə?” Heç kim dillənmir.

-Bəlkə də ona atmayıblar heç, deyirlər yanında vəzifəli adam olub. Ortada dayanmış yaşlı işçi çiyinlərini çəkir, xəcalətli kimi baxır adamların üzünə. Sanki məsələdə o günahkardır “Bəlkə səhvən güllə ona dəyib. Hər halda bunu öldürüblər”.

-Üzündə maska olub atəş açanın – müavinin sürücüsü deyir.

Dinarə zəng edir. Təlaşla xəbəri çatdırır.

- Evlərinə gedək, bizim küçədədir evləri. Hadisə yerində polislər, jurnalistlər çoxdur, irəli keçmək olmur, hər yer qandır.

-Yuxuda qan görmüşdüm. Hər tərəf qan… Seymurun katibəsi yenə həyəcanlı səslə yuxusunu danışır kiməsə.

Dəhlizdən aşağı enirəm. Ayağımı sürüyə-sürüyə adamların arxasınca düşürəm.

Seymurun bədənini qanın içində təsəvvür edirəm. Qan ağarmış sifətinə çilənib. Xırda-xırda qırmızı dənəciklərdir, üz-gözünə səpələnib.

-Açarı verərdiniz… Yaşlı işçidir, çiynimin üstündən irəli boylanır. Ağzındakı metal dişinə hələ indi fikir verirəm. Ağzının boşluğunda hər iki tərəfdən görünür. Key-key işçisinin üzünə baxıram.

-Bilirsiz, bir azdan qarışıqlıq ola bilər. İtməsin, cavabdehəm. Yəqin ki, daha burda çalışmazsınız... Çantamı qurdalayıb açarı tapıram.

Qapının qarşısında müavinin sürücüsü əli ilə hadisəni təsvir edir. Həvəslə danışır, sanki detektiv filmin ssenarisini izah edir. Bax belə vurublar, burda dayanıblar, üzü bu tərəfə. “Makarov”tipli…

-4-

Avtobusun arxa oturacağındakı uşaq nənəsinin qucağından sürüşüb mənə tərəf atılır. Əlindəki oyuncaq tapançanı üzümə tuşlayır. Əllər yuxarı! Nənəsi uşağı dilə tutur: “Xalanı olmaz, xalanı vurma!” Uşaq elə hey mənə tərəf dartınır, oyuncaq silahını düz üzümə tuşlayır, tətiyi çəkir.Avtobusun pəncərəsindən boylanıram. Şüşə çirkli olduğundan ətrafı görə bilmirəm. “Gəl, əlinin çirkini silim”. Nənə əlindəki nəm salfetlə uşağın əllərini silməyə çalışır. Üzümü pəncərəyə çevirirəm. Ürəyimdən əllərimi uzadıb pəncərənin çirkli, dumanlı şüşəsini silmək keçir.

XS
SM
MD
LG