Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:09

“Manata hələ təhlükə yoxdur”


Azərbaycan manatı
Azərbaycan manatı

-

Dünya bazarında neftin ucuzlaşması bəzi ölkələrdə milli valyutaları dəyərdən salır. İqtisadçı alim Qubad İbadoğlu “Media forum”a deyib ki, Azərbaycan manatının taleyi bu baxımdan bəzi dairələrdə narahatlıq yaradır:

“Bunun başlıca səbəblərindən biri manatın məzənnəsinin təsbit edilmiş məzənnə rejimində idarə olunmasıdır. Yəni məzənnəni sabit saxlamaq üçün Mərkəzi Bank valyuta bazarında tələb və təklifi aktiv alış-satış əməliyyatları vasitəsilə tarazlayır, daimi olaraq valyuta bazarına müdaxilə edir. Statistik məlumatlara görə, Mərkəzi Bank 2010-cu ildə 1 milyard 385 milyon, 2011-ci ildə 4 milyard 153 milyon, 2012-ci ildə 1 milyard 584 milyon, 2013-cü ildə 2 milyard 457 milyon, 2014-cü ilin 9 ayında isə 1milyard 204 milyon dollar məbləğində alış həyata keçirib.

Hazırda və yaxın gələcəkdə nə baş verə bilər? Fikrimizcə, manatın məzənnəsinin ucuzlaşması riski ölkənin ixracatdan valyuta gəlirlərinin azaldığı, tədiyyə balansının kəsiri şəraitində fəallaşa bilər. Son statistik məlumatlara görə, xam neftin dünya bazarında ucuzlaşması müşahidə olunsa da, ölkənin tədiyyə balansında profisit qeydə alınıb. Bu isə o deməkdir ki, hazırda valyuta bazarında təklif tələbi üstələyir. Mərkəzi Bank isə məzənnənin möhkəmlənməsinin qarşısını almaq üçün bazarda xarici valyuta alır. Odur ki, yaxın gələcəkdə təzyiqlər artsa da, manatın məzənnəsi ilə bağlı təhlükə gözlənilmir. Amma yenə də çox şey Mərkəzi Bankın yeni iqtisadi və maliyyə rejimində valyuta bazarını tənzimləmək üçün hansı alətlərdən istifadə etməsindən asılıdır”.

PUL DƏYİŞMƏ MƏNTƏQƏLƏRİNDƏ AJİOTAJ

“Bizim Yol” qəzeti yazır ki, iki gündür bir sıra valyuta dəyişmə məntəqələrində ajiotaj yaranıb. Sosial mediada satışda dolların yığışdırılması haqda məlumatların yer alması vəziyyətin gərginliyindən xəbər verir. Sözügedən məntəqələrdə dollar qıtlığının yaranması haqda söz-söhbətlər isə onun dəyərinin bahalaşdırılmasına səbəb olub. Dünən bir sıra valyuta dəyişmə məntəqələrində 1 dolların satışı 79 qəpiyə təklif edilib. Alıcılara bunun səbəbini ABŞ valyutasının çatışmazlığı ilə izah ediblər. Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnənin dəyişmədiyini bəyan edir. Banklar isə dollar qıtlığının yaranması haqda iddianın yersiz olduğunu göstərirlər. Belə olan halda, manatın ucuzlaşması ətrafında spekulyasiyada kimin maraqlı olması sual doğurur. Ekspertlərin ehtimallarına görə, qıtlığın yaranmasının əsas səbəblərindən biri Rusiya maliyyə bazarında baş verən hadisələrlə əlaqədar Azərbaycanda dollar alışının yüksəlməsidir.

İqtisadçı-ekspert Samir Əliyev "Bizim Yol"a bildirdi ki, hələ ki, manatın dollara nisbətən kursunun yumşaldılmasına heç bir əsas yoxdur:

"Mərkəzi Bank müxtəlif vasitələrlə bunun qarşısını alır. Bunun üçün resursları da kifayət qədərdir. Ayrı-ayrı valyuta dəyişmə məntəqələrində dolların bahalaşması Rusiyada baş verən hadisələrin psixoloji təsiridir. Adi vətəndaşlar düşünür ki, rubl ucuzlaşırsa, manatı da eyni aqibət gözləyə bilər. Neft ixrac edən ölkələrdə, məsələn, Rusiya və Qazaxıstanda milli valyutaların ucuzlaşması müşahidə edilir. Ona görə də bir ajiotaj yaranıb ki, neft ölkələrində bu baş verirsə, deməli, Azərbaycanda da ola bilər. Mərkəzi Bank bunun qarşısını maksimum dərəcədə almağa çalışacaq. Bu ilin sonuna kimi manatın bahalaşması müşahidə edilməyəcək. Gələn ilin ortalarına qədər elə də ciddi bir problem gözlənilmir".

Lakin ekspert gələn ilin ikinci yarısından etibarən manatın dollara nisbətdə ucuzlaşmasının müşahidə ediləcəyini istisna etmir:

"Hər bir halda bu, neftin qiymətinin hansı həddə qədər düşməsindən asılı olacaq. İndi neftin 1 barelinin 60 dollar səviyyəsində olması Azərbaycan üçün əlverişli deyil. Hətta 40 dollara qədər ucuzlaşacağı ilə bağlı proqnozlar səslənir. Neftin dəyəri bu və ya bundan aşağı həddə olarsa, manata qarşı təzyiqlər artacaq. Eyni zamanda büdcənin icrasında da problemlər yarana bilər. "Qara qızıl"ın qiymətindəki enmələr Neft Fondunda da kəsir yaradacaq.

NİDA-ÇI GƏNCDƏN MƏHKƏMƏDƏ ŞOK AÇIQLAMA

“Azadlıq” qəzeti NİDA-çı fəalların apelyasiya məhkəməsindən yazır. NİDA üzvü İlkin Rüstəmzadə hökumət nümayəndələri və bir sıra QHT rəhbərlərindən ibarət İşçi Qrup haqda yazısından sonra təcridxanada məruz qaldığı təzyiqlərdən danışdı. Dedi ki, xeyli vaxtdır Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında ona qarşı, hətta erməni əsirliyində olan soydaşlarımızdan da qəddar davranırlar:

“Mən hazırda Apelyasiya Məhkəməsinin icraatında olan məhkum olduğuma görə özümlə bağlı müəyyən məsələləri də məhkəmənin nəzərinə çatdırmaq istəyirəm. İctimaiyyətə də məlum oldu ki, məni İşçi Qrupla bağlı yazıma görə 1 həftəlik karserə saldılar. Noyabrın 25-dən ailə üzvlərimlə görüşlərimə və telefon danışığına qadağa qoyulub. Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram. Ermənistandan onlara heç olmasa, ailə üzvlərilə ünsiyyət imkanı yaradılır. Mən Bakının mərkəzindən cəmi 10 kilometr kənarda olan Kürdəxanı təcridxanasından ailəmdən xəbər tuta bilmirəm. Azərbaycan vətəndaşına qarşı bu cür davranış heç bir çərçivəyə sığmır”.

EKSPERT MƏNZİL FIRILDAQÇILARINDAN QURTULMAQ ÜÇÜN TƏKLİF VERDİ

“Yeni Müsavat”: Yeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılması kimi problemlərdən mətbuat tez-tez yazır. İqtisadçı ekspert Vüqar Bayramov bu cür problemlərin yaşanmaması üçün təkliflər irəli sürüb:

“Mənzil fırıldağının qarşısının alınması üçün bir il əvvəl təkliflər hazırlayıb bu işə məsul olan qurumlara göndərdik. O təkliflər qəbul olunmayınca ”mənzil fırıldağının" miqyası da genişlənməkdə davam edəcək. İnşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pulla kifayətlənməyərək, vətəndaşları aldadır, bir mənzili ikinci dəfə “satır”, insanların illərlə yığdığı pulları mənimsəyirlər. Aydındır ki, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması pul ödəyənlər üçün ciddi heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilib, nə də onların pullarını geri qaytaracaq kimsə var".

V.Bayramovun təklifləri isə bunlardır: “Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır; İkinci təklif bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılmasıdır; Üçüncü təklif mənzillərin satılması zamanı nağd ödənişlərin qadağan edilməsidir. Dördüncü təklif məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olmasının birmənalı şəkildə qadağan edilməsidir.

XS
SM
MD
LG