Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:40

NİDA: «Hakimiyyət «kağız parçasına» öz eşitmək istədiklərini yazdırıb vəziyyətdən çıxmağa çalışır»


NİDA
NİDA

-

«Hakimiyyət uzun müddətdir gəncləri, jurnalistləri, siyasi fəalları, hüquq müdafiəçilərini, bloqqerləri ictimai-siyasi fəaliyyətlərinə görə həbs edir. Sonra da özlərinin cinayət əməllərinə, günahsız insanların həbs olunmasına haqq qazandırmaq, daxili və xarici təzyiqlərdən diqqəti yayındırmaq məqsədilə avtoritar rejimlərə xas formada həbsdəkilərə «kağız parçasına» öz eşitmək istədiklərini yazdıraraq vəziyyətdən çıxmağa çalışırlar».

NİDA Vətəndaş Hərəkatının həbsdəki NİDA-çıların prezidentə müraciəti ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, müraciətin hansı şəraitdə yazıldığından məlumatsız olduqlarından ətraflı fikirlər yürüdə bilmirlər:

«Hakimiyyət bilməlidir ki, bu əməllərlə azadlıq və demokratiya uğrunda mübarizə aparan insanları yolundan çəkindirə, onların mübarizə əzmini sındıra bilməyəcək. Biz şərlənərək həbs olunmuş dostlarımızın tezliklə azadlığa çıxmasını gözləyirik. İnanırıq ki, birlikdə mübarizəmizi davam etdirəcəyik və demokratik dəyişikliklərə nail olacağıq».

Bəyanatda NİDA-çıların 19 aydır həbsdə olduğu və bu müddətdə müxtəlif yollarla onlara dəfələrlə «müraciət» yazdırmağa cəhdlər edildiyi bildirilir.

NİDA-ÇILAR PREZİDENTƏ MÜRACİƏT EDİB

NİDA Vətəndaş Hərəkatının 6 üzvü ölkə başçısına müraciət edib. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sentyabrın 30-da məlumat yayıb. Müraciəti Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizovİlkin Rüstəmzadə imzalayıb.

Məktubda deyilir:

“Biz həbsdəki “Nida”çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik. Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı. Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz."

“BİR SIRA DƏYƏRLƏNDİRMƏLƏR APARMIŞIQ”

“Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.

Hörmətli cənab Prezident!

Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz”.

Hələlik AzadlıqRadiosu NİDA-çıların ailə üzvlərindən və ya vəkillərindən əlavə şərh ala bilməyib.

NİDA-nın 8 üzvünə 6 ildən 8 ilədək həbs cəzası verilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

İyulun 8-də "Nida" Vətəndaş Hərəkatının daha bir üzvü, Şahin Novruzlunun əfv olunması ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Bu barədə də Penitensiar xidmət məlumat yayıb.

Gənc fəalın vəkili Əsabəli Mustafayev də məlumatı təsdiqləyib.

May ayının sonlarında NİDA üzvü Bəxtiyar Quliyev müraciət yayaraq NİDA üzvlüyündən çıxdığını bəyan etmişdi.

VƏKİL MÜRACİƏTDƏN XƏBƏRSİZDİR

NİDA-çı gənclərin vəkillərindən biri Xalid Bağırov belə bir müraciətdən xəbərsiz olduğunu, ancaq bu müraciətin formasının onda təəccüb doğurmadığını bildirir.

Vəkil gənclərin dövlət başçısına müraciətində “əfv olunmaq” sözünün işlədilməməsinə də xüsusi diqqət çəkir:

“Məncə, normal müraciətdir. Hamı bilir ki, bu prezidentin iradəsindən asılı məsələdir. Məsələnin harda həll olunduğunu bilirlər. Ona da müraciət ediblər. Azadlıq istəyiblər. Nə istəyiblər ki?”

Xalid Bağırov ümid etmək istəyir ki, İlham Əliyev bu müraciəti müsbət qarşılayacaq və gəncləri azadlığa buraxacaq.

Vəkil gənclərə prezidentə müraciətlə bağlı mütəmadi təzyiqlər olduğunu da gizlətmir, amma deyir ki, son günlər NİDA-çılarla az-az görüşdüyündən belə təzyiqlərin olub-olmamasından xəbərsizdir.

OBAMANIN, ANNE BRAUSERİN ÇIXIŞLARININ, AVROPA PARLAMENTİ QƏTNAMƏSİNİN BİR TƏSİRİ OLMALI İDİ

NİDA üzvlərindən Zaur Qurbanov və Rəşadət Axundovun yaxınları bu məsələyə münasibət bildirmək istəmədilər.

İlkin Rüstəmzadənin anası Atlas Hüseynova isə bunları söylədi:

"Müraciətdən xəbərim yoxdur. Amma pis də baxmıram. 8 il cəzanı adam öldürənə, terrorçuya, yolkəsənə vermirlər. Bunlar neyləyib ki, 8 il veriblər? Dəhşət idi. Yəqin Obamanın, Anne Brauserin çıxışlarının, Avropa Parlamentinin qətnaməsinin bir təsiri olmalı idi".

XS
SM
MD
LG