Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:06

Taxılın istehsal xərcləri bir ildə 60 faiz qalxıb


Azərbaycan fermerləri hesab edir ki, taxıl əkmək üçün hökumət onlara yardım etməlidir
Azərbaycan fermerləri hesab edir ki, taxıl əkmək üçün hökumət onlara yardım etməlidir

Bir neçə gündür ki, Kənd Təsərrüfatı Nazirliyi fermerləri taxıl əkməyə həvəsləndirmək üçün vaxtilə taxılçılıq sahəsinin geniş yayıldığı regionlarda təbliğata başlayıb. Nazirlikdən hesab edirlər ki, ölkədə taxıl istehsalına maraq azalıb. Payız əkininin başa çatmasına az vaxt qalsa da, bir çox fermerlər ya torpaqları boş saxlayıb, ya da yem bitkiləri əkirlər. Şəmkir rayonunda yaşayan fermer İbrahim İbrahimov deyir ki, o, vaxtilə 70 hektara qədər taxıl əkərdi, ancaq məhsuldan gəlir əldə edə bilmədiyi üçün daha taxılçılıqla məşğul olmur: «Taxıl 9 aya başa gəlir. Bazara çıxaranda isə az qala mayasına satırıq».


İbrahim İbrahimovun fikrincə, yerli taxıl məhsulunun qiymətinin ucuzlaşmasına bir səbəb də «quş qripi» olub: «Quş qripi» olduğundan camaat quşçuluqla az məşğul olur, dənə tələbat da azalıb. Bir də dəyirmanlar taxılı bizdən ucuz qiymətə alırlar. Anbarımız da yoxdur ki, yığaq saxlayaq».


Şumun, malalanmanın, suyun qiyməti 40 faiz artıb, kombayn bir hektardan əvvəl 20 manata yığırdı, indi həmin qiymət 40-50 faiz qalxıb


Başqa bir fermer-Süliddin Mahmudov isə deyir ki, Azərbaycana başqa ölkələrdən də taxıl gətirildiyindən bazarda yerli məhsula ucuz qiymət təklif edilir: «Taxılçılıq rentabelli sahə olmadığından fermerlərin bu sahəyə marağı azalıb».


Gəncə Biznes Qrupun eksperti Nizami Səfərəliyevin sözlərinə görə, dizel yanacağının qiymətinin artmasıyla taxılın istehsal xərcləri də bir ildə 60 faiz qalxıb: «Şumun, malalanmanın, suyun qiyməti 40 faiz artıb, kombayn bir hektardan əvvəl 20 manata yığırdı, indi həmin qiymət 40-50 faiz qalxıb». Nizami Səfərəliyev deyir ki, ölkənin taxıla olan tələbatı əsasən Rusiyadan və Qazaxıstandan gətirilən məhsulun hesabına ödənilir. Xaricdən idxal olunan taxılın bir kilosu da yerli bazarda 600 manata təklif olunur. Ancaq taxıl strateji məhsul sayıldığı və Azərbaycanda taxılçılığa əlverişli şərait olduğu üçün taxıl istehsalının aşağı düşməsinin qarışısı alınmalıdır. Gəncə Regional Aqrar Elm Mərkəzinin rəhbəri Ziyad Abbasov da hesab edir ki, hökumətin təcili müdaxiləsi olmasa, ölkədə taxılçılıq sahəsi sıradan çıxa bilər. Ziyad Abbasov deyir ki, ötən il hətta Samux və Goranboyda taxıl əkən fermerlər məhsulu sata bilmədiklərindən mal-qaraya verəsi olublar. Cənab Abbasov bəzi yerlərdə fermerlərin suvarma problemiylə də üzləşdiklərini bildirir. O, deyir ki, bu problemlər azmış kimi, ötən il yığım mövsümündə fermerlər taxıl sahələrinə daraşan gəmiricilərlə mübarizədə özlərini köməksiz gördülər.


Fermerlər isə çıxış yolunu taxılın qiymətinin qaldırılmasında, güzəştli kreditin və yanacağın verilməsində görürlər. Onlar hesab edirlər ki, hökumət strateji məhsul hesab edilən taxıl əkən fermerlərə yardım göstərməlidir.


Bir neçə gün öncə Gəncədə fermerlərlə görüşüb onları taxıl əkməyə çağıran və hökumətdən kömək olacağını vəd edən Kənd Təsərrüfatı Nazirliyinin şöbə rəisi Əhliman Tağıyev deyir ki, fermerlər yubanmadan şuma başlamalıdırlar. Nazirliyin digər şöbə rəisi Sabir Vəliyev isə taxıl istehsalının aşağı düşməsini istehsal xərcləriylə yox, quraqlıqla əlaqələndirir. O, yerli məhsulun ucuz olması fikriylə də razılaşmır. Deyir ki, hazırda taxılın kilosuna 1000 manat vermək istəyənlər var. Ancaq cənab Vəliyev onu da bildirir ki, Nazirlər Kabineti taxıl əkən fermerlərə müxtəlif güzəştlər nəzərdə tutur. Hazırda taxıl əkmək istəyən fermer pulsuz gübrə və toxum ala biləcək. Yanacaqla güzəştli verilməsi ilə bağlı isə hökumət müzakirə aparır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG