Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:21

SSRİ ABŞ-ın kəşfiyyat təyyarəsini necə vurdu [Soyuq savaş qalmaqalları]


U-2 təyyarəsi
U-2 təyyarəsi

-

2-ci Dünya Müharibəsindəki qələbəsindən sonra sovet ordusu dünyada ən qüdrəti ordu sayılırdı.

Kimin ağlına gələrdi ki, ABŞ-ın kəşfiyyat təyyarələri o vaxtlar sovet səmasını su yoluna döndəribmiş.

1960-cı il mayın 1-də Sverdlovsk yaxınlığında ABŞ-ın “Lockheed U-2” kəşfiyyat təyyarəsinin vurulması Soyuq müharibənin ən böyük qalmaqallarından birinə çevrilir.

O dövrdə Pentagon-da belə bir fikir var idi ki, Sovet raketləri və qırıcı təyyarələri U-2-nin uçduğu hündürlüyə qalxa bilmir.

BAŞ TUTMAYAN ANLAŞMA

1955-ci ildə Amerika prezidenti Dwight Eisenhower Sovet İttifaqı Nazirlər Şurasının rəhbəri Bulganinlə ABŞ və SSRİ üzərində müşahidə uçuşlarına icazə verilməsi haqda razılığa gəlməyə çalışır. Məqsəd tərəflərin bir-birinə qəfil hücumunu önləmək idi. Amma sovet lideri Nikita Khrushchev buna razılıq vermir. Həmin vaxta qədər ABŞ SSRİ səmasının müşahidəsini gizli şəkildə, kəşfiyyatçı təyyarələr vasitəsilə həyata keçirirdi.

S-75 Dvina (Sovet İttifaqında 1957-ci ildə yaradılmış yer-hava tipli raket)
S-75 Dvina (Sovet İttifaqında 1957-ci ildə yaradılmış yer-hava tipli raket)

Bundan ötrü xüsusi eskadrilya yaradılmışdı. Kəşfiyyat təyyarələri SSRİ hava məkanına Türkiyə, İran, Əfqanıstan ərazisindən girir, hərbi obyektlərin, hava hücumundan müdafiə sistemlərinin şəklini çəkirdi.

Əslində, Eisenhower lap əvvəldən belə uçuşların əleyhinə idi, çünki düşünürdü ki, məsələnin üstü açılsa, bu, təcavüz aktı kimi qiymətləndirilə və SSRİ ilə hərbi konfliktə aparıb çıxara bilər.

Bununla belə o, 1956-cı ildə 5 kəşfiyyat uçuşuna icazə verir.

1956-cı il iyulun 4-də ilk “U-2” təyyarəsi Almaniya Federativ Respublikasındakı Amerika bazasından havaya qalxır, Leninqrad, Moskva, Baltik dənizi üzərindən uçub geri qayıdır. Sovet radarları təyyarəni görə bilmir, təbii ki ona atəş də açılmır.

Təyyarədəki güclü fototexnika yüksək keyfiyyətli şəkillər çəkməyə imkan verirdi. Belə uçuşlar 2-4 saat davam edir və 19-21 km. hündürlükdə gerçəkləşirdi.

Bu, sovet hava hücumundan müdafiə sistemlərinin mövqeləri, iş alqoritmi, radiolokasiya stansiyalarının yeri, aerodromlar haqda külli miqdarda kəşfiyyat məlumatı toplamağa imkan verirdi.

GÖRDÜLƏR...

ABŞ təyyarələrinin SSRİ hava məkanına girməsinin üstü tezliklə açılır. Sovet hava hücumundan müdafiə sistemlərinin sayəsində. Sovet rəhbərliyi ABŞ-dan uşuşları dərhal dayandırmağı tələb edir.

U-2-nin "Böyük dəbilqə" missiyası
U-2-nin "Böyük dəbilqə" missiyası

Amma 1957-ci ilin yanvarında uçuşlar bərpa edilir. Təyyarələr Sovet hava məkanının dərinliklərinə girməyə başlayırlar. Sibirdə, Qazaxıstanda yeni-yeni hava hücumundan müdafiə bazaları aşkar edirlər.

1957-ci ilin iyulunda Eisenhower Pakistan rəhbərliyindən U-2-lər üçün baza istəyir. Peshavar bunun üçün ideal yer idi. Orta Asiya respublikalarına yaxın idi.

Francis Gary Powers
Francis Gary Powers

1960-cı il aprelin 9-da Pakistandan qalxan təyyarə Semipalatinsk nüvə poliqonunda bir sıra gizli obyektlərin, Tu-95 strateji bombardmançıların aviabazasının və s. yerlərin fotosunu çəkir. Sovet radarları təyyarəni görsə də, bürokratik xaos onu hədəfə almağa imkan vermir.

Amma bundan sonra Sovet ordusu kəşfiyyatçı təyyarələrin gəlişinə hazırlaşmağa başlayır.

PAKİSTANDAN NORVEÇƏ

1960-ci ilin aprelində ABŞ kəşfiyyatı “Grand Slam” (Böyük dəbilqə” əməliyyatına hazırlaşır. Bu dəfə U-2 Pakistandan qalxmalı SSRİ üzərindən uçub Noveçdəki hərbi bazaya enməli idi.

Bu, böyük risk tələb edirdi.

Francis Gary Powers-in idarə etdiyi təyyarə Orta Asiyada bir sıra hərbi obyektlərin şəklini çəkəndən sonra SSRİ hava məkanının içərilərinə doğru hərəkət edir, növbəti hədəf Sverdlovsk yaxınlığındakı “Mayak” plutonium (nüvə silahı üçün) zavodunun fotosunun çəkilməsi idi. Sovet radarları U-2-ni görsələr də, bu, sovet təyyarərləri üçün əlçatmaz yüksəklik idi.

​Powers-in təyyarəsi güclü raket atəşinə tutulur. Raketlərdən yalnız biri hədəfə dəyir. Bu, “S-75 Dvina” idi. Təyyarə sürətlə yerə düşməyə başlayır və 5 km. hündürlükdə Powers paraşütlə yerə tullanır.

Kosulino yaxınlığında onu yerli sakinlər tuturlar. U-2-nin atəşə tutulması zamanı raketlərdən biri səhvən sovet qırıcısına dəyir, onun pilotu Sergei Safronov ölümündən sonra “Qırmızı bayraq” odeni ilə təltif edilir.

Üzərinə "NASA" yazılmış U-2 fotosu
Üzərinə "NASA" yazılmış U-2 fotosu

ABŞ-IN REAKSİYASI

ABŞ rəhbərliyi təyyarə SSRİ hava məkanında yoxa çıxandan sonra onun kəşfiyyatçı olmasını inkar etməyə başlayır, U-2-nin NASA (Amerika Kosmik Agentliyinin) təyyarəsi olduğunu iddia edir. Bildirir ki, təyyarə havanı tədqiq edirmiş, Türkiyə-SSRİ sərhədi üzərində atmosferin yuxarı qatından hava nümunələri götürürmüş.

Francis Gary Powers sovet həbsxanasında
Francis Gary Powers sovet həbsxanasında

Oksigen təminatında problem yaranana pilot təyyarəni idarə edə bilməyib və azaraq SSRİ hava məkanına girib. Hətta üzərində NASA simvolu olan U-2 təyyarəsinin şəkli də yayılır.

Amma sovet hökuməti ələ keçirdiyi pilot və təyyarənin qalıqlarını nümayiş etdirəndən sonra ABŞ hər şeyi etiraf edir. Bu insident SSRİ və ABŞ arasında münasibətləri daha da gərginləşdirir.

Powers casusluqda təqsirli bilinir və 10 illik həbs cəzasına məhkum edilir. O hər şeyi bonuna alır.

U-2-nin qalıqları Sovet lideri Nikita Khrushchev-a göstərilir.
U-2-nin qalıqları Sovet lideri Nikita Khrushchev-a göstərilir.

Məhkəmədə deyir ki, “onu düşmən kimi yox, əvvəllər məhkum edilməyən, günahını boynuna alan, dərin peşmançılıq hissi keçirən, rus adamlarına hörmət edən bir şəxs kimi mühakimə etsinlər”.

Powers-in məhkəməsində dövlət ittihamçısı kimi SSRİ-nin baş prokuroru Roman Rudenko çıxış edir.

SSRİ bu prosesdən ABŞ-a qarşı təbliğat kimi istifadə edir.

​Amma 2 ildən sonra Powers-i sovet kəşfiyyatçısı Rudolf Abelə dəyişirlər.

Powers ABŞ-a təhvil veriləndən sonra xidməti təlimatları pozmaqda günahlandırılır.

Amma Senatın silahlı qüvvələr üzrə alkomitəsinin istintaqı ittihamın onun üzərindən götürülməsi ilə nəticələnir.

Powers sınaq pilotu kimi fəaliyyətini davam etdirir.

Bu insidentdən cəmi 2 il sonra SSRİ və ABŞ arasında gərginliyi son həddə çatdıracaq, dünyanı nüvə müharibəsi astanasına gətirib çıxaracaq Karib böhranı baş verəcəkdi.

Sovetlər gizli şəkildə ABŞ-ın “qulağının dibindəki” Kubaya raket yerləşdirməyə cəhd edəcəkdilər.

XS
SM
MD
LG