Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Hitlerin çıxış etdiyi tribunanı partladan dülgər


Georg Elser
Georg Elser

-

22 iyun- Nasist Almaniyasının SSRİ-yə hücum etdiyi gündür

Ağır işgəncələrdən sonra Elser hər şeyi boynuna alır.
"Mən hesab edirdim ki, Almaniya 3 nəfərin hakimiyyətdən uzaqlaşdırılması ilə dəyişə bilər: Hitler, Goering və Goebbels..."
Hitler tribunadan düşəndən bir neçə dəqiqə sonra dəhşətli partlayış baş verəcəkdi...

KOMMUNİST DÜLGƏR

Johann Georg Elser kasıb ailədə doğulmuşdu. Atası həmişə evə içkili gələr, anasını döyərdi. Elser müstəqil həyat yaşamaq üçün dülgərliyi öyrənməyə başlayır.

Bundan sonra Almaniyanın müxtəlif şəhərlərində mebel, saat fabriklərində işləyir. Kommunistlərə də fəhlə işləyərkən qoşulur - Qırmızı Cəbhə Döyüşçüləri Assosiasiyasına.

Tez-tez işsiz qalan, br neçə qadınla münasibəti olsa da, ailə həyatı alınmayan Elser 30-cu illərin sonunda partlayıcı istehsal edən zavoda işə düzəlir. Hitleri öldürmək ideyası da onun ağlına burda gəlir.

Bu o vaxt idi ki, Hitler kommunistləri əsir düşərgələrinə, həbsxanalara doldururdu. Elser nasist liderinə hələ hakimiyyətə yenicə gələn vaxtlarından nifrət edirdi.

Amma eyni zamanda Elser ateist deyildi, protestant idi. Sonralar Gestapodakı istintaq zamanı deyəcəkdi ki, kilsəyə getmək, İsa Məsihə dualar etmək onu sakitləşdirir:

“Mən ruhun cismani ölümdən sonra da mövcudluğunu sürdürdüyünə inanırdım. Həm də inanırdım ki, cənnətə getmək üçün bu haqqı qazanmaq lazımdır. Mən öz hərəkətimlə daha çox qanların axıdılmasının qarşısını almaq istəyirdim”.

Adolf Hitler
Adolf Hitler

1939-cu ilin noyabrında Berlindəki beş günlük istintaq zamanı o belə deyəcəkdi:

“Məni yalnız o düşündürürdü ki, fəhlələrin maddi vəziyyətini necə yaxşılaşdırım və necə edim ki Almaniya müharibəyə sürüklənməsin.

Məni bu əmələ heç kəs sövq etməyib. Hətta Moskva radiosundan da mən heç zaman rejimi devirmək çağırışı eşitməmişəm.

Mən hesab edirdim ki, Almaniya 3 nəfərin hakimiyyətdən uzaqlaşdırılması ilə dəyişə bilər: Hitler, Goering və Goebbels. . . Mən nasizmi məhv etmək istəmirdim...”

KƏŞFİYYAT

Elser Hitleri aradan götürmək planını Münxendə həyata keçirməyə qərar verir. O zaman Münxen nasizmin əsas yuvası sayılırdı. Hər il burada Pivə qiyamının ildönümü qeyd edilirdi (1923-cü ildə Hitlerin hakimiyyəti ələ keçirməyə uğursuz cəhdinin ildönümü). Hitler də gəlib oradakı mərasimdə çıxış edirdi. 1938-ci ilin noyabrından başlayaraq Elser həmin şəhərə səfər etməyə, mərasimin keçirildiyi məkanları nəzərdən keçirməyə, öyrənməyə başlayır. (Ardı aşağıda)

Bürgerbräukeller zalı, 1923-cü ildə nasistlərin toplantısı
Bürgerbräukeller zalı, 1923-cü ildə nasistlərin toplantısı

Sonradan o müstəntiqlərə etiraf edəcəkdi ki, “partlayıcı üçün ən münasib yerin tribunanın arxasındakı sütun olduğunu özüm üçün qətiləşdirdim. Mən zavoddan partlayıcı oğurlamaqda davam edirdim. Barıt dolu kisələri yataq otağında çarpayımın altına yığırdım”. Elser sütunun ölçülərini, formasını daha yaxşı öyrənmək üçün Münxenə səfərlərini davam etdirir, özü ilə fotoaparat da aparır. Bu arada zavodın işləri pis gedir, o, işini itirir. Amma artıq sui-qəsd üçün lazım olan partlayıcı bəs qədər idi. Maaş əvəzinə verilən saatlarısa o, bomba mexanizmi düzəltmək üçün istifadə edir.

Avqustun 5-də Elser Münxenə köçüb orada ev kirələyir. Mərasimin keçiriləcəyi Bürgerbräukeller zalına dəfələrlə (30-35 dəfə) girə bilir. Gecələr orda qalıb sütünu oymağa başlayır, gedəndə isə üstünü ustalıqla örtür. Binanin təhlükəsizlik xidməti zəif idi. Amma sentyabrda - Almaniya Polşa ilə müharibəyə başlayandan sonra nisbətən gücləndirilir.

Noyabrın 1-dən 2-nə keçən gecə Elser bombanı sütuna yerləşdirə bilir. Sonradan gestapoçulara bu uğurunu necə qeyd etdiyini deyəcəkdi: “Arxa qapıdan çıxıb meydana yollandım, orda iki fincan qəhvə içdim”.

DÜLGƏRİN XƏBƏRSİZ OLDUQLARI

Elser bilmirdi ki, Hitler əvvəl-əvvəl Bürgerbräukeller-də çıxış etmək fikrindən vaz keçmişdi. O bütün fikrini Fransaya hücum planı üzərində cəmləmək istəyirdi. Amma sonradan fikrini dəyişir. Çünki duman onun təyyarə ilə Berlinə qayıtmasına mane olur və nasist lideri mərasimə qatılmağa qərar verir. Amma çıxışını qısa edib dərhal da qatarla Berlinə dönmək istəyir. Buna görə ənənəvi olaraq etdiyi 2 saatlıq çıxışı qısaldıb 1 saata salmağı planlaşdırır.

Hitler 3000 nəfərlik auditoriya qarşısında çıxışını 9:07-də bitirir və partlayışa cəmi 7 dəqiqə qalmış yaxın ətrafı ilə zalı tərk edir. 9 20-də baş verən partlayış nəinki tribunanı dağıdır, tavanı da uçurur. Həmin anda tədbir qurtarsa da, zalda hələ 120 nəfər qalırdı. 7 nəfər ölür, daha 63 nəfər yaralanır. Ağır vəziyyətdə olan 16 nəfərdən daha biri xəstəxanada ölür. (Ardı aşağıda)

Bürgerbräukeller zalı partlayışdan sonra
Bürgerbräukeller zalı partlayışdan sonra

Adolf Hitler ona edilən sui-qəsddə ölənlərin dəfni mərasimində iştirak edir.
Adolf Hitler ona edilən sui-qəsddə ölənlərin dəfni mərasimində iştirak edir.

Hitler partlayış xəbərini yolda – Nürnberqdə dayanarkən eşidir. Joseph Goebbels bu xəbəri ona çatdıranda Hitıer belə demişdi: “Adamın gərək bəxti ola”. Bir qədər sonra onun əhvalı dəyişir, ciddiləşir: “İndi tam sakitəm. Bürgerbräukeller-i həmişəkindən tez tərk etməyim məndən ötrü bir sübutdur ki, Tanrı da mənim məqsədimə yetməyimi istəyir”.

ELSERİN HƏBSİ

Elser həmin günün axşamı İsveçrə sərhədinin 25 metrliyində tutulur. Onun cibindən kəlbətin, bomba hazırlanmasına aid sxem, Bürgerbräukeller-in interyerinin şəkilləri və s. çıxır.

Münxendə partlayış törədilməsi haqda xəbər bir neçə saatdan sonra sərhədçilərə də gəlib çatır. Elser Münxen Gestaposuna təhvil verilir.

Dachau düşərgəsində məhbusların saxlandığı yer
Dachau düşərgəsində məhbusların saxlandığı yer

Ağır işgəncələrdən bir neçə gün sonra – noyabrın 15-də Elser hər şeyi boynuna alır. İstintaq onun təkbaşına hərəkət etməsinə əmin olsa da, Hitlerin təbliğat maşını Elserin Britaniya kəşfiyyatının sifarişi ilə hərəkət etdiyini bəyan edir.

Elser məhkəməsiz olaraq 6 il təkadamlıq kamerada saxlanır. 1941-ci ilə qədər Münxen Gestaposunda, daha sonra isə Sachsenhausen düşərgəsində. Onu Müharibənin bitməsinə 1 ay qalmış – 1945-ci il aprelin 5-də edam edirlər. Aparıldığı Daxau düşərgəsində.

Müharibəni uduzduğunu görən Hitler ona sui-qəsd etmiş bütün məhbusları öldürtməklə təskinlik tapır.

Elseri güllələyib meyitini sobada yandırırlar...

Müharibədən sonra o, qəhrəman kimi anılmağa başlayır.

Elserin xatirəsinə poçt markası, Almaniya
Elserin xatirəsinə poçt markası, Almaniya

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG