Keçid linkləri

2024, 10 Aprel, çərşənbə, Bakı vaxtı 10:30

Azərbaycan xəbərləri

Elmar Məmmədyarov: «Bu 6 ay gərgin keçib»

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

-

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi rəsmi şəkildə Belçikaya təhvil verib. Noyabrın 13-də Strasburqda keçirilən tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək Azərbaycanın 6 aylıq sədrliyinin yekunlarına dair hesabat təqdim edib.

Cənab Məmmədyarov deyib ki, Azərbaycan sədrliyi dövründə Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərib:

«Bu altı ay qitəmizin tarixində çox gərgin keçib. Bunu nəzərdə saxlayaraq, Avropa Şurasının gündəliyindəki aktual məsələləri və üzv dövlətlərin qarşılaşdığı davamlı çağırışları nəzərə almaq Azərbaycanın sədrliyinin prioritetləri olub».

Nazir korrupsiyaya qarşı mübarizənin sədrliyin prioritet vəzifələrindən birini təşkil etdiyini deyib. O, Bakıda korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş konfransı xatırladıb. Cənab Məmmədyarov daha sonra sədrlik dövründə ölkədə keçirilmiş digər konfranslardan – idman, insan hüquqları, mədəniyyətlərarası dialoq tədbirləri, forumlardan bəhs edib.

Elmar Məmmədyarovun sözlərinə görə, sədrliyi ərzində Azərbaycan gənclər və təhsil məsələlərinə də diqqət ayırıb. Avropa Şurasının bu sahədəki səylərinə dəstək vermək məqsədilə Azərbaycan bəzi hallarda Avropa Şurasının coğrafiyasından kənara çıxan bir sıra beynəlxalq tədbirlər təşkil edib.

Nazirin fikrincə, Azərbaycan Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın möhkəmləndirilməsi səylərini də gücləndirib. «Bu xüsusda, Azərbaycan hal-hazırda Birləşmiş Millətlər Təşkilatı ilə Avropa Şurası arasında əməkdaşlıq haqqında qətnamə layihəsi üzrə BMT-də konsensus əldə etmək üçün qeyri-rəsmi danışıqlar aparır».

Bütün xəbərləri izləyin

Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmaqda olduğu deyilir

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Toplum” İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib.

Qardaşının sözlərinə görə, Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib:

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib”.

Nəsimi Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb:

“Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək”.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, ona cavab gəlməyib.

Bu açıqlamaya,hələlik, Ədliyyə Nazirliyi və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları bundan əvvəl də “Ələsgər Məmmədlinin səhhətinin həbsdə qalmasına münasib olmadığı” barədə açıqlamalar yayıblar.

Müdafiə tərəfi hətta Ələsgər Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar da ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

Ramin Məmmədov komitə sədri oldu, parlamentdə boş yerlər 10-a çatdı

Ramin Məmmədov
Ramin Məmmədov

Ramin Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Bu barədə aprelin 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Ona qədər bu vəzifədə Mübariz Qurbanlı olub. Amma bu il keçirilən (7 fevral) prezident seçkisindən sonra M.Qurbanlı hökumətin yeni tərkibində yer almamış, həmin post boş qalmışdı.

R.Məmmədov 2001-ci ildən Mədəniyyət Nazirliyində, 2002-ci ildən isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis kimi, daha sonra da bu komitədə sədrin köməkçisi, şöbə müdiri işləyib.

2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Hazırda R.Məmmədov Milli Məclisin deputatıdır. Qanunvericiliyə əsasən, o, vəzifəyə təyin olunandan sonra deputatlıq fəaliyyətini davam etdirə bilməz. Bununla da Milli Məclisdə boş yerlərin sayı artıq 10-a çatacaq.

Azərbaycanda son parlament seçkiləri 2020-ci ildə keçirilib. Onda Mərkəzi Seçki Komissiyası dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Qalan beş yer isə həbs və başqa səbəblərdən boş qalıb.

Tofiq Yaqublunun həbs müddəti artırılıb

Tofiq Yaqublu
Tofiq Yaqublu

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin müddəti aprelin 6-da daha iki ay uzadılıb.

Bu barədə vəkil Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, Nərimanov rayon Məhkəməsində istintaq orqanın bununla bağlı vəsatətinə baxılıb və vəsatət təmin olunub.

N.Kərimli qeyd edib ki, istintaq bunu işlə bağlı ekspertiza rəyinin gəlib çıxmaması ilə əsaslandırıb. Müdafiə tərəfi hesab edir ki, ittihamın heç bir sübutu yoxdur və istintaq müddətinin uzadılmasına zərurət yox idi.

Vəkil əlavə edib ki, prosesdə T.Yaqublu cinayət işinə aidiyyəti olmadığını, siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

Tofiq Yaqublunun ev dustaqlığına buraxılmamasından şikayəti təmin edilmədi

​Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılmaması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Bundan əvvəl Bakının Nərimanov rayon Məhkəməsi aprelin 2-də müxalif siyasətçinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti rədd etmişdi.

T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Azərbaycan əsgərinin təlimdə öldüyü deyilir

Foto arxiv
Foto arxiv

Azərbaycanda hərbi qulluqçunun təlimdə öldüyü bildirilir.

Bu barədə Hərbi Prokurorlugun bugün, aprelin 5-də yayılan məlumatında bəhs edilir.

Açıqlamaya görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Saleh Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, həmin məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və onların Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə, meyitə baxış keçiriblər:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Qubadlı hərbi prokurorluğunda cinayət işi başlandığı bildirilir.

Amma hadisənin vaxtı və başqa detallar ilə bağlı məlumat verilmir.

Rəsmi açıqlamaya, hələlik, təlimdə öldüyü bildirilən əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın bəzi hüquq müdafiəçiləri orduda monitorinqlər aparılmasının mümkün olmadığını bildirilər.

Rəsmilər isə bunula razılaşmır, üstəlik, son illər orduda cinayətlərin sayının azaldığını deyirlər.

Azərbaycan yenə atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın silahlı qüvvələri aprelin 5-də Tavuş rayonunun Çinari və Geqarkunik vilayətinin Verin Şorca məntəqələri yaxınlığında Ermənistan silahlı qüvvələrinin mövqelərini kiçik çaplı silahlardan atəşə tutub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhədin şimal-şərq hissəsində Azərbaycanın mövqelərini atəşə tutmasına dair Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bunu “növbəti dezinformasiya” adlandırıb.

***

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, aprelin 5-də saat 17:25 radələrində Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bu həftənin əvvəlində Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 1-i Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək və Şahbuz rayonları istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi (EMN) həmin məlumatı təkzib etmişdi.

"... Azərbaycan Silahlı Qüvvələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar", - Ermənistan qarşı tərəfi günahlandırmışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa etdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Azərbaycanın 15 faizi quraqlıq riski altındadır

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

"Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır".

AZƏRTAC-ın məlumatına görə, bu barədə aprelin 5-də "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb: "Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son yeddi ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metr azalıb ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib".

Ölkədə həm içməli, həm də suvarma suyunun qıtlığı ilə bağlı şikayətlər eşidilir. Artıq paytaxt Bakının özündə belə bir çox ərazilərə su limitlərlə verilir. Son illər ölkədə pambıq plantasiyalarının artmasından sonra suvarma sularının qıtlığı ilə bağlı daha çox şikayətlər səslənir.

Xəzər dənizinin səviyyəsinin düşməsini isə ekspertlər son illər, əsasən, Volqa çayının axınının həcminin azalması ilə izah edirlər.

76 yaşlı AXCP üzvünün saxlandığı deyilir

Polis
Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun bu gün, aprelin 4-də saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

AXCP-dən qeyd olunub ki, Ə.İsmayılov ötən ay narkotik ittihamı ilə Daşkəsəndə həbs olunan Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova isə bildirib ki, Ə.İsmayılovu günorta saat 12 radələrində polis saxlayıb: "Bu gün, aprelin 4-də traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi də müdafiə edir. Ona görə tutublar".

Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Martın 18-də saxlanan S.Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satma) maddəsi ilə ittiham edilir. Onun haqqında ilkin 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittiham ilə razılaşmır, həbsini siyasi fəaliyyəti ilə izah edir.

Müxalifətdə olan AXCP-nin hazırda 10-a yaxın fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Azərbaycan Konqoda neft emalı zavodunu yeniləyəcək, özününkünü bitirməmiş

Azərbaycan-Konqo sənədləri imzalanıb
Azərbaycan-Konqo sənədləri imzalanıb

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə Konqo prezidenti Deni Sassu-Nqesson arasında təkbətək və geniş tərkibdə görüşlər olub. Daha sonra onların iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, tərəflər əməkdaşlıq, o cümlədən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nı imzalayıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki neft emalı zavodu var – Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodu və Türkiyədə "Star" Neft Emalı Zavodu. Amma indi onlarda Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur. Halbuki rəsmilər artıq illərdir ölkədə yüksək keyfiyyətli yanacağın istehsal olunacağı barədə açıqlamalar verir.

Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunacağı açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri tam bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

+++

Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.

Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən 20-ci əsrin ortalarınadək Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.

Son vaxtlar Azərbaycan və Fransa arasında münasibətlərdə gərginlik müşahidə edilir.

Fransa rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Parisi bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.

Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrum edilib

Ayxan İsrafilov
Ayxan İsrafilov

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin narkotikdə ittiham olunan üzvü Ayxan İsrafilovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiə tərəfi polis bölməsindəki videomüşahidə kameralarının görüntülərinə baxılması, habelə İsrafilovun üzərində narkotik vasitə olduğu haqqında məlumat verən mənbənin dindirilməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Lakin bu və digər vəsatətlər təmin olunmayıb.

Prokuror İsrafilovun 5 il müddətinə həbs edilməsini təklif edib.

Vəkil Fariz Namazlı son sözündə qeyd edib ki, İsrafilovun işi üzrə istintaq qanun pozuntusu ilə aparılıb, buna görə də o, məhkəmədə ona bəraət verilməsini istəyib.

İsrafilov özü həmkarlar ittifaqı çərçivəsində fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

A.İsrafilov 2023-cü ilin avqustunda həbs olunub.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.

Avqustun 4-də isə "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Cənubi Qafqazda olub

Abram Peyli
Abram Peyli

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.

O, Bakı, Tbilisi və Yerevanda yüksək vəzifəli məmurlarla görüşlər keçirib və danışıqlar aparıb.

A.Peyli aprelin 1-də səfərin yekunlarına dair X platformasındakı hesabında belə yazıb: "Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm".

O, Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Səfərlə bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı açıqlama olmayıb.

A.Peylin bu açıqlamasına İranın Azərbaycandakı səfirliyinin də, hələlik, münasibəti bəlli deyil.

Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdiyinə və insan hüquqları ilə bağlı pozuntulara görə son illər Qərb ölkələrinin müxtəlif sahələr üzrə yeni sanksiyalarına məruz qalıb.

İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya arasında 2015-ci ildə bu ölkənin nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. ABŞ prezidenti Donald Tramp administrasiyası 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa edib. O bildirib ki, İran sazişə əməl etmir.

İran buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb

Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitdi

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) yeni prezidenti seçilib.

2008-ci ildən AFFA-ya SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev rəhbərlik edirdi.

R.Abdullayev 2022-ci ilin fevralında prezident İlham Əliyevin sərəncamı ilə SOCAR prezidenti vəzifəsindən azad edilib. O, iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib. R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.

2022-ci ilin iyulunda SOCAR prezidenti vəzifəsinə R.Nəcəf təyin olunub. Bundan əvvəl o, SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Son hesabatda Azərbaycanın futbol üzrə milli komandası FIFA reytinqində 113-cü yerdə qərarlaşıb.

Əziz Orucovun apellyasiya şikayəti təmin edilmədi

Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti bu gün, aprelin 1-də təmin edilməyib.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Səbail rayon Məhkəməsinin həmin qərarı martın 19-da qəbul edilmişdi. Onda həm Ə.Orucovun, həm də bu televiziyanın əməkdaşı Şamo Eminovun ilkin həbs müddəti uzadılmışdı.

L.Orucova Ə.Orucov ilə bağlı Səbail və Bakı Apellyasiya məhkəmələrinin qərarlarını əsassız sayır: "Noyabrdan bir dənə də olsun istintaq hərəkəti aparılmayıb".

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Orucov ötən il noyabrın 27-də saxlanıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Sonra həbs müddəti uzadılıb. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist Ş.Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittiham ilə razılaşmırlar və onu peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

ABŞ səfiri həbsdə olan jurnalistlərin vəkilləri ilə görüşüb

Mark Libbi
Mark Libbi

Martın 29 da Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Bu barədə ABŞ səfirliyi xəbər verib:

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırır”.

Bu məlumata, Azərbaycan hökumətinin təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib.

Jurnalistlər ittiham ilə razılaşmır, saxlanmalarını peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər ölkədə jurnalistlərin sırf peşə fəaliyyətinə görə, həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayır.

Bəzi yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda Azərbaycan həbsxanalarında bir neçə yüz siyasi məhbus var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Rəsmilərə görə, həmin siyahıda yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Bu gün, martın 29-da Xətai rayon Məhkəməsi "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, vəsatət Ə.Məmmədlinin səhhəti ilə bağlı verilmişdi: "Qalxanabənzər vəzdəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında Ələsgər bəyin qan təzyiqi 160-a qalxıb. Ələsgər bəy müalicə olunmasını xahiş edir".

Vəkil məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV"nin əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittiham ilə razılaşmır, onu siyasi sifarişli hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayır.

Qubad Ibadoğlunun gözlərinin sürətlə zəiflədiyi deyilir

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun görmə qabiliyyətini sürətlə itirməkdə olduğu bildirilir.

Siyasətçinin qardaşı Qalib Toğrul deyib ki, o, artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə dörd-beş metrdən eynəksiz oxuya bilmir.

Q.İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir: "Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır".

Q.Toğrul vurğulayıb ki, bu məsələdə gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ola bilər.

O, həmçinin Q.İbadoğlunun ağrılarla bağlı şikayətləndiyi böyrəyində, qaraciyərində, ürək-damar sistemində gedən proseslərdən xəbərsiz qaldıqlarını deyir: "Çünki sistemli, dərinləşdirilmiş müayinə və analizlər aparılmır".

Q.İbadoğlunun yaxınlarının bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Q.İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

Sanksiyada olan şirkət Azərbaycanda

"AvtoVAZ" Qrupuna daxil olan "LADA İjevsk" avtomobil zavodu
"AvtoVAZ" Qrupuna daxil olan "LADA İjevsk" avtomobil zavodu

Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin yığılmasına başlayıb. Bu barədə Rusiya şirkətinin mətbuat xidməti xəbər verir.

Məlumata görə, Azərbaycanda bu ildə min 500, yaxın illərdə isə 4-5 minə qədər avtomobil istehsal etmək planlaşdırılır.

2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəsinə cavab olaraq Amerika Birləşmiş Ştatları (ABŞ) "AvtoVAZ" şirkətinə də sanksiya tətbiq edib. Vaşinqton xəbərdarlıq edib ki, bu şirkətlə əməkdaşlıq edən üçüncü ölkələri də hədəfə ala bilər.

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanısa və ona humanitar yardımlar göndərsə də, Qərbin ona təcavüzünə görə Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur.

İki il əvvəl, fevralın 22-də Moskvada iki ölkə rəhbərliyi "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıb.

Nazim Bəydəmirlinin həbs müddəti yenə artırıldı

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin həbs-qətimkan tədbirinin müddəti daha 1 ay uzadılıb.

Bu barədə onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Onun sözlərinə görə, martın 29-da Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb: "Məhkəmə təqdimatı təmin edib".

O qeyd edib ki, N.Bəydəmirlinin səhhətində problemlər qalmaqdadır: "Təzyiqi normaya düşmür, deməsinə görə, oturaq halda gözü qaralır, huşunu itirmək dərəcəsinə çatır. Amma mənə yoldaşımın diaqnozunu demirlər. Bizim Nazimin öz həkimi tərəfindən müayinə və müalicəsi ilə bağlı müraciətlərimiz cavabsız qalıb".

Vəkil Aqil Layıc isə bildirib ki, N.Bəydəmirli ilə bağlı istintaq hərəkətləri aparılmır, ona görə də həbs-qətimkan tədbirin uzadılmasına heç bir ehtiyac yox idi.

Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir.

Hələlik, bu açıqlamalara cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

12 mart

Ailəsi Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyini deyir

Həbsdə olan işadamı, keçmiş deputat Nazim Bəydəmirlinin səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə məlumat verən onun həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, N.Bəydəmirlinin qan təzyiqi yüksəkdir: "Dünən, martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var".

F.Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir və onun bununla bağlı müraciətlərinə məhəl qoyulmur. Həmçinin, onun vurğulamasına görə, N.Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb. Xanımının əlavə etməsinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib: "Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib. Tövsiyə edib ki, qan analizi versin, nəticəyə uyğun təcili müalicəyə başlanmalıdır. Lakin həmin həkim mənə Nazimin diaqnozunu demədi və bunu Penitensiar Xidmətin həkimlərindən soruşmağı tövsiyə etdi. Onlardan da soruşdum, doğru düzgün cavab ala bilmədim".

O, həyat yoldaşının səhhətinə, həyatına görə narahat olduğunu vurğulayıb.

Polis nəzarətində olan Söyüdlüdən səslər: 'Evimizdə dustağa çevrilmişik'
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

N.Bəydəmirli ötən il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb. Müdafiə tərəfinin bildirməsinə görə, N.Bəydəmirli hesab edir ki, o, ekologiya məhbusudur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür. Sentyabrın 1-də Bəydəmirliyə qarşı CM-in 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb. O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

Xatırlatma

Ötən il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri "Gədəbəy" qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər. Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb. Bununla belə, ötən il sentyabrın 26-da mədənin mərhələlərlə fəaliyyətə başlaması məqbul sayılıb.

Yaşı 15 ildən keçən avtomobil taksi xidməti göstərməyəcək

Bakıda taksi
Bakıda taksi

Dövlət qeydiyyat şəhadətnaməsində buraxılışından 15 ildən artıq keçən avtomobil taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz.

Nazirlər Kabinetinin martın 28-də təsdiqlədiyi yeni tələblərə görə, sərnişin daşımalarında istifadə olunan şəhərlərarası avtonəqliyyat vasitələri ağ, şəhərdaxili qırmızı olmalıdır. Taksi minik avtomobilləri isə ağ və ya qırmızı rənglərdə olacaqlar.

Taksilərin rəngləri ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən ölkəyə gətirilən və ya ölkədə istehsal olunan avtonəqliyyat vasitələrinə şamil ediləcək.

Digər tələblərə əsasən, taksilər ABS əyləc sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Bundan əlavə, onlarda bütün salonu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay saxlaya bilən videokameralar quraşdırılmalıdır.

Taksi avtomobilləri ən azı AVRO-5 ekoloji standartına uyğun olmalıdır.

Tələblər 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

Toğrul Vəliyev
Toğrul Vəliyev

İqtisadçı: 'Taksi xidmətlərinin qiyməti artacaq'

İqtisadçı Toğrul Vəliyev bildirib ki, taksilərlə bağlı əvvəllər də buna oxşar tələblər var idi: "İndi sadəcə kosmetik əlavələr edildi. Məsələn, rənglə bağlı əvvəlki tələblərdə deyilirdi ki, o, sarı olmalıdır. Amma bu qaydalar o vaxt da işləmirdi, indi də necə işləyəcəyi bəlli deyil".

Ekspert qeyd edib ki, qaydaların riayət olunmasına nəzarət mexanizmi də bəlli deyil: "Bunu hansı qurum və hansı formada həyata keçirəcək? Hər maşını saxlayıb taksi olub-olmadığını soruşacaqlar? Bu, aydın deyil. Ona görə də düşünürəm ki, bu tələblər o qədər də işlək olmayacaq".

T.Vəliyevin sözlərinə görə, ciddi nəzarət olacağı təqdirdə taksi xidmətlərin qiyməti artacaq: "Çünki taksilərin sayı azalacaq. Eyni zamanda, hər taksi üçün post-terminal tələbi var ki, bu o qədər də ucuz deyil. Ona görə də qiymətlərə təsir olacaq".

Ayrı-ayrı iqtisadçıların fikrincə, bütün bu dəyişikliklər bu sahədən çıxan yeni işsizlər yaradacaq.

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Xatırlatma

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq 2023-cü ildən həyata keçirilir.

"Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bəzi ekspertlər hesab edirlər ki, bütün bu dəyişikliklər taksi fəaliyyətində tək texniki keyfiyyətə yox, qiymətlərin yüksəlməsinə də səbəb olacaq.

Jurnalist Şamo Eminovun həbsdə vəziyyətinin pisləşdiyi deyilir

Şamo Eminov
Şamo Eminov

"Kanal-13" internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun istintaq təcridxanasında vəziyyətinin pisləşdiyi bildirilir.

Jurnalistin xanımı Dürdanə Eminova dünən, martın 27-də təcridxanada onunla görüşdən sonra bu barədə açıqlama verib.

"Şamonun gözləri qızarmışdı, əlləri əsirdi…", - D.Eminova deyib.

Xanımın sözlərinə görə, bundan əlavə, jurnalistin qaraciyər və mədəsində ciddi problemlər var. Onun vurğulamasına görə, bir neçə gün əvvəl jurnalistin ağzından qan gəlib.

Xanımı Ş.Eminovun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Bundan öncə isə D.Eminova ərinin əsassız həbs olunduğunu bildirərək ombudsmana müraciət etmişdi.

D.Eminovanın bu açıqlamasına, hələlik, rəsmi qurumlar və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanıb. Məhkəmə onu "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı" (206.3.2) ittihamı ilə istintaq müddətində həbs edib

Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucov da eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.

Ümumilikdə son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Jurnalistlər ittihamlarla razılaşmır, həbslərini peşə fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə jurnalistlərin həbsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Mərkəzi Bank uçot dərəcəsini növbəti dəfə endirdi

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. O, uçot faiz dərəcəsini 7,75-dən 7,25 faizə endirib. Faiz dəhlizinin aşağı həddi 6.25-dən 5.75-ə, yuxarı həddi isə 8.75-dən 8.25-ə endirilib.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib", - AMB bu gün, martın 28-də bildirib

AMB-nin bundan əvvəlki üç qərarında da uçot dərəcəsini endirib.

Uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, səlahiyyətli qurum uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək - azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir.

Dövlət Statistika Komitəsinin bu ilin fevral ayı üzrə yaydığı məlumata görə, Azərbaycanda illik inflyasiya 1 faizdən də az olub.

Niyaməddin Əhmədovun aclıq aksiyasını dayandırdığı deyilir

Əli Kərimli və Niyaməddin Əhmədov 19 oktyabrf aksiyası zamanı
Əli Kərimli və Niyaməddin Əhmədov 19 oktyabrf aksiyası zamanı

Martın 15-dən 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Niyaməddin Əhmədovun artıq qida qəbul etdiyi açıqlanıb.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, bu gün, martın 27-də 12 saylı Cəzaçəkmə Müəssisəsində N.Əhmədov atası Arif Əhmədov ilə görüşüb: "Niyaməddin Əhmədov partiya yoldaşlarının və ailə üzvlərinin xahişini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. Həmçinin cəzaçəkmə müəssisəsində onun aclıq aksiyasına səbəb olmuş bəzi problemlər həll olunub".

26 mart

AXCP-nin həbsdə olan üzvü Niyaməddin Əhmədovun artıq iki həftədir 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Martın 26-da N.Əhmədova baş çəkən vəkil Fəxrəddin Mehdiyev deyir ki, onun vəziyyəti ağırdır, qan təzyiqi aşağı düşüb, güclü başgicəllənmə və ümumi zəiflik var: "Buna baxmayaraq, ona tibbi yardım göstərilmədiyini dedi".

Bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

21 mart

Niyaməddin Əhmədovun aclıq aksiyasi keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyilib ki, N.Əhmədov martın 15-də aksiyaya başlayıb və artıq 7 gündür ki, aclıq edir: "Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə kamerasına) salınmışdı".

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı gün onun saçını zorla qırxıblar.

Partiyadan vurğulandığına görə, N.Əhmədov da məhz bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub.

Penitensiar Xidmətin mətbuat xidmətindən "Turan"a bildirilib ki, məhkum N.Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur: "Sonuncu dəfə 10 mart tarixində atası ilə görüşməsinə şərait yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir. Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir".

Xatırlatma

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) - ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

'Azərbaycan mediasında Ermənistana təhdidlər qəbuledilməzdir' - Klaar

Toyvo Klaar
Toyvo Klaar

Azərbaycan mediasında Ermənistana təhdidlər qəbuledilməzdir, - Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsi Toyvo Klaar X-də yazır.

"Azərbaycanın media kanallarında Ermənistana təhdidlər qəbuledilməzdir. Sərhədin delimitasiyası üzrə həqiqi danışıqlara ehtiyac var, bütün ərazi mübahisələri sülh yolu və razılaşdırılmış prosesin bir hissəsi kimi həll edilməlidir", - Klaar bildirib.

Aİ nümayəndəsi hansı təhdidlərdən bəhs etdiyinin detallarına varmayıb.

Bakı Yerevandan Tavuş rayonu ilə Qazax rayonu sərhədindəki dörd kəndin dərhal geri qaytarılmasını tələb edir.

Ermənistan baş naziri Nikol Paşinyanın sözlərinə görə, Azərbaycanın iddia etdiyi dörd kənd - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı, Almatı bəyannaməsinə əsasən, de-yure onların ərazisində deyil.

Bakı Klaarın bəyanatını tənqid edib və onu qərəzdə günahlandırıb.

"… Yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur", - Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə X-dəki hesabında yazıb.

A.Hacızadə qeyd edib ki, sözügedən kəndlər ərazi mübahisəsi məsələsi deyil.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Martın 23-də politoloq Nəsimi Məmmədli Bakı İstintaq Təcridxanasında saxlanan qardaşı, ToplumTV-nin təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədli ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna danışan N.Məmmədli Ə.Məmmədli həbs olunandan bəri ilk dəfədir onunla görüşdüyünü bildirib.

N.Məmmədlinin sözlərinə görə, qardaşı ilə 12 dəqiqə danışa bilib: "Qardaşımla şüşə arxasından danışmağa icazə verdilər".

O, Ə.Məmmədlinin təcridxanada həkim müayinəsindən keçirildiyini deyib: "Ombusman Aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona deməsinə görə, özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb".

N.Məmmədli qeyd edib ki, qardaşının deməsinə görə, onun həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də, hələ bu müayinəni aparmağın mümkün olmadığı bildirilir: "Ələsgər bəyin ümumi səhhəti normal görünsə də, nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur".

N.Məmmədli vurğulayır ki, qardaşı heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir: "Ona qarşı irəli sürülən ittihamı tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir. Barəsində böhtan, yalan yazan media orqanlarını təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə dəvət etdi".

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

ToplumTV-nin təsisçisi Ə.Məmmədli martın 8-də Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib. Ondan başqa bu internet televiziyasının əməkdaşı Müşfiq Cabbar da eyni ittihamla həbs edilib. ToplumTV-nin daha iki əməkdaşı - Fərid İsmayılovElmir Abbasov da qaçaqmalçılıqda ittiham edilsələr də, polis nəzarətində olmaqla buraxılıblar.

Ümumilikdə ötən ilin sonlarından başlayaraq Azərbaycanda 20-ə yaxın jurnalist və fəal həbs edilib. Onların çoxuna elə qaçaqmalçılıq ittihamı verilib. Həmin şəxslər də ittihamı qəbul etmir və onu siyasi sayırlar. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Azərbaycanda terror aktları planlaşdıran şəxsin tutulduğu deyilir

DTX
DTX

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün, martın 25-də bildirib ki, ölkədə terror aktları planlaşdıran şəxslər ifşa olunub.

Nazirliyin bununla bağlı rəsmi açıqlamasında Azərbaycan vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşamış bir şəxsin adı çəkilir. İddiaya görə, o, respublikanın müxtəlif rayonlarında yaşayan bəzi şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

"Həmçinin B.Ə.-nin əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilmişdir", - məlumatda vurğulanır.

Həmin şəxsin tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Hələlik, bu rəsmi açıqlamaya sözügedən şəxs (rəsmi açıqlamada ad və soyadı tam təqdim edilib), onun yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda bundan əvvəl də yerli məmurlara sui-qəsd ittihamı ilə bağlı məlumatlar yayılıb.

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olduğu, onların xəsarət aldıqları açıqlanıb. Həmin sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayıb, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilib. Səfərov isə bu iddianı təkzib edib, sabiq icra başçısını özbaşınalıqlara, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirib. Səfərova ömürlük həbs cəzası verilib.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü başa çatıb

Azərbaycan və Ermənistan spikerləri Sahibə Qafarova və Alen Simonyan
Azərbaycan və Ermənistan spikerləri Sahibə Qafarova və Alen Simonyan

Martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında keçirilən ikitərəfli görüş başa çatıb.

Milli Məclisin məlumatına görə, görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Əlavə edildiyinə görə, tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüşün konstruktiv mühitdə baş tutduğu bildirilir.

***

Bugün, martın 22-də Cenevrədə Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın ikitərəfli görüşü keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində gerçəkləşir.

Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə keçirilən görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin bu prosesə hansı formada dəstək göstərə biləcəyi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi gözlənilir.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı Şurasının, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar gedir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Üstəlik, separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Onlar qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır əməllərdə ittiham edilirlər.

Amma tutulduqdan sonra onlardan, hələlik, bu ittihamlara ayrılıqda münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG