Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Hafiz Hacıyev: «Göy rəngli dollara heç vaxt tamah salmamışıq»


Hafiz Hacıyev
Hafiz Hacıyev

-

Gözlə

No media source currently available

0:00 0:06:44 0:00
Direct-ə keçid

Müasir Müsavat Partiyası da Milli Şura ilə eyni gün və saatda mitinq keçirmək istəyir.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq istəyini müsbət cavablandırıb. Oktyabrın 12-də – eyni gün və saatda Müasir Müsavat Partiyası da mitinq keçirmək niyyətindədir və BŞİH-ə müraciət ünvanlayıb. AzadlıqRadiosu partiyanın sədri Hafiz Hacıyevdən müsahibə alıb.

– Milli Şuranın müraciətinə müsbət cavab verilib. Siz necə, mitinqi həmin vaxt keçirməkdə israrlısınız?

– Milli Şuradan bir gün öncə – oktyabrın 1-də müraciət edərək 5 min nəfərlik mitinq keçirmək istədiyimizi bildirmişik. Çox paradoksal haldır ki, daha öncə müraciət edən partiyaya icazə vermirlər, Milli Şuraya icazə verirlər. Dünən (oktyabrın 8-də - red.) BŞİH-lə danışdıq, onlar, hələlik, tərəddüd içindədirlər.

Bizsə təkid edirik. Eyni vaxtda bizə də icazə veriləcəksə, ortada qardaş qırğını çıxa bilər. Təkcə bizə icazə verilməli idi, götürüb bunlara veriblər. Bu, qanunsuzluq və bizə qarşı ögey münasibətdir. Ola bilər, həmin gün biz də icazəsiz mitinq keçirək. Belə olarsa, tökülən qana görə bütün məsuliyyət icazə verməyən orqanın üzərində qalacaq.

– Milli Şura mitinq keçirməklə siyasi məhbuslara diqqət yönəltmək istədiyini bildirib. Sizin məqsədiniz nədir?

– Biz mitinqdə Avropa Şurasının ermənipərəst deputatının Azərbaycan haqqında çıxardığı qərara etiraz etmək istəyirik.

İkincisi, bəzi dövlətlərin Azərbaycanda təxribatlar törətmək yönündə ata biləcəkləri addımların qarşısının alınmasını tələb edəcəyik. Azərbaycanda Maydan hərəkatı yaratmaq üçün özlərinə bənzər qüvvələri maliyyələşdirib qarışıqlıq salmaq istəyirlər.

Bunlar bizi narahat edir... Əli Kərimli efirdən eyhamla bizim partiyanı hakimiyyətin əlaltısı adlandırdı. Biz hakimiyyətə işləsəydik, mitinqə icazəni onlara yox, bizə verərdilər. Hər şey ortadadır.

– Yeri gəlmişkən, sosial şəbəkələrdə fikirlər də səslənir ki, hakimiyyət Milli Şuranın mitinqini əngəlləməyə çalışır. Eyni gündə sizin də mitinq keçirmək qərarınız, həmin fikirlərə haqq qazandırmır, sizcə?

– Nəyə görə belə düşünürlər? Bunlar deyirlər ki, bizdən başqa ortaya çıxanların hamısı hakimiyyətə işləyir. Bu, qətiyyən belə deyil. Bunlar 20 ildir millətə «biz gəlirik» deyə-deyə, Azərbaycan müxalifətini gözdən salıblar. Əsl müxalifət bizik. Biz qarışıqlıq salmaq istəsək, salacağıq. Bu, son qərarımızdan asılı olacaq. Bizim böyük gücümüz, arxamız var. Lazım olsa, bazar günü biz də stadionun bir tərəfində, onlarla böyür-böyürə mitinq keçirəcəyik.

Onsuz da stadionu doldura bilməyəcəklər. Qoy desinlər ki, hakimiyyətin adamlarıyıq. Bizə bu sözləri deyənlərin özləri hakimiyyətin parlamentində təmsil olunanlardır. Bizsə, acqarına, millətimizlə birgə mübarizə aparırıq. Cəmiyyət Hafiz Hacıyevin də kim olduğunu tanıyır, Milli Şurada oturanların da. Biz xarici ölkələrin göy rəngli dollarına heç vaxt tamah salmamışıq. Kim Azərbaycanın dövlətçiliyinə qarşı çıxacaqsa, biz də onlara qarşı çıxacağıq.

– Bu halda sizə təxribatçı deyənlərə əsas vermirsiniz?

– Hələlik, bu qərarı verməmişik. Qərar versək, ortada qan tökülə bilər. Bizim rayon təşkilatının üzvləri deyirlər ki, dövlətçilik əleyhinə çıxış olarsa, çıxaq, tribunada onları döyək, mikrofonu əllərindən alaq. Ola bilər ki, üzvlərimizdən biri əlinə qumbara alıb, özünü öldürər, onları da partladar.

– Dövlətçiliyin əleyhinə çıxanlardan danışırsınız. Sizcə, silah,qumbara daşımaq dövlətçiliyin əleyhinə davranış sayılmaz?

– Dövlətçiliyin əleyhinə deyil. Onlar çıxıb orada ağızlarına gələni danışacaqlarsa, təxribat yaranacaqdır. Partiya üzvləridir, mən bunların hamısının ciblərini yoxlayan deyiləm ki? Mən heç nəyə görə məsuliyyət daşımıram.

XS
SM
MD
LG