Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:51

Ekspertlər Bakının Tbilisini müdafiə edəcəyini deyirlər


Gürcülər qaz kanistrlarını doldurmaq üçün növbəyə dururlar, 26 yanvar 2006
Gürcülər qaz kanistrlarını doldurmaq üçün növbəyə dururlar, 26 yanvar 2006

Son günlər Gürcüstanla Rusiyanın münasibətlərinin yenidən kəskinləşməsi Azərbaycanda da diqqətlə izlənilir. Həm siyasi, həm də iqtisadçı ekspertlər düşünürlər ki, Moskva ilə Tbilisinin onsuz da soyuq olan münasibətlərinin bir az da kəskinləşməsi Gürcüstan üçün bəzi problemlər yaradacaq. Ortaya çıxa biləcək problemlər sırasında əsasən enerji böhranının yarana biləcəyi vurğulanır. Üstəlik də qarşıdan qış gəldiyi bir zamanda.


Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Gürcüstan Azərbaycanın Qərbə yeganə çıxışı olduğu üçün onun məğlubiyyəti faktiki olaraq Azərbaycanın da müstəqilliyini itirməsi demək olardı. O, düşünür ki, ən azı bu məqama görə, Bakı bəyanat səviyyəsində heç bir mövqe nümayiş etdirməsə də, əməldə Tbilisini müdafiə edəcək: «Yəni Rusiya kəssə, biz Gürcüstana qaz verəcəyik. Hətta daxili ehtiyaclarımızı ödəməmək hesabına olsa da, biz Gürcüstanın diz çökməsinə razı ola bilmərik».


«Yəni Rusiya kəssə, biz Gürcüstana qaz verəcəyik. Hətta daxili ehtiyaclarımızı ödəməmək hesabına olsa da, biz Gürcüstanın diz çökməsinə razı ola bilmərik»

Politoloq Rüstəm Məmmədov isə hesab edir ki, vəziyyətin daha da pisləşməməsi üçün Azərbaycan dövləti yəqin ki, artıq müəyyən işlər görür. Rusiya ilə Gürcüstan arasında gərginliyin fonunda Tbilisinin üzləşə biləcəyi enerji probleminin həllində Azərbaycanın köməyinə gəldikdə, Sənaye və Energetika naziri Natiq Əliyevin məsələyə münasibəti qısa oldu: «Hələlik Gürcüstandan heç bir müraciət olmadığı üçün bu barədə danışmağa dəyməz».


«Azərenerji» Səhmdar Cəmiyyəti Mətbuat Xidmətinin rəhbəri Aqşin Kazımov isə deyir ki, hər dəfə Gürcüstanda enerji problemi yarananda Azərbaycan hökumətinə müraciət edirlər. Hökumət isə «Azərenerji»yə problemin həllinə dair müvafiq tapşırıqlar verib: «Hökumət belə bir tapşırıq versə, «Azərenerji»nin Gürcüstana kömək etmək imkanı var. Heç vaxt biz qonşu dövlətə köməkdən imtina etməmişik».


Cənab Kazımovun sözlərinə görə, Gürcüstanın indiyə qədər aldığı elektrik enerjisindən Azərbaycana borcu da var: «Həmin borc hazırda ödənilir və ilin sonuna qədər proses başa çatmalıdır».


2006-cı il fevralın əvvəllərində də Rusiyadan Gürcüstana elektrik enerjisi ötürülən xətlərdə qəza nəticəsində problem yaranmışdı. O vaxt prezident Mixail Saakaşvili bunu Moskvanın Gürcüstana təzyiqi kimi qiymətləndirmişdi. Həmin vaxt bərpa işləri başa çatana qədər – təxminən 10 günə yaxın Azərbaycan qonşu dövlətə qaz və elektrik enerjisi vermişdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG