Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:19

Liderlər terrorla mübarizənin bitmədiyini bildirirlər


Corc Buş: «Kənarda düşmən var və o yenidən bizə belə bir zərər vurmaq istərdi»
Corc Buş: «Kənarda düşmən var və o yenidən bizə belə bir zərər vurmaq istərdi»

Nyu-Yorkda qaçırılmış təyyarələrin vurduğu qoşa göydələnlərin yerində ucaldılmış abidənin önünə baş çəkən prezident Corc Buş deyib: «Bizi ovunduran bu fantastik yerin içindəki dəhşətli səhnələr mənə xatırlatdı ki, kənarda düşmən var və o yenidən bizə belə bir zərər vurmaq istərdi».


Birləşmiş Ştatların ötən beş ildə terrorla mübarizədə gördüyü işi vitse-prezident Dik Çeyni NBC televiziyasına müsahibəsində belə dəyərləndirib: «Düşünürəm ki, dövləti terrorçulardan qorumaq üçün yetərincə yaxşı iş görmüşük və bu müddət ərzində Birləşmiş Ştatlara başqa bir hücum olmayıb».


Müxalifətdə olan Demokratik Partiyasının liderləri isə yetərincə iş görülmədiyini deyərək «Əl-Qaida» lideri Usama bin Ladenin hələ tutulmamasını misal çəkirlər. Bundan başqa onlar 11 sentyabr terroru ilə Bağdadın birbaşa əlaqəsi barədə dəlil olmadan İraqda müharibə aparılmasını tənqid edirlər. Senatdakı demokrat azlığın lideri Hərri Reyd bazar günü jurnalistlərə deyib ki, vitse-prezident Çeyninin xarici siyasətə təsiri Amerikanın təhlükəsizliyinə zərər vurub.


«Əl-Qaida» liderinin müavini Ayman əz-Zəvahirinin təsviri olan videolentdə o, qarşıda yeni hadisələrin olacağını bildirib. CNN televiziyasının qismən yayımladığı bu videolent müsəlmanları Birləşmiş Ştatlar əleyhinə birləşməyə çağırır. Dünya ölkələrinin siyasi liderləri terrorla mübarizənin gərəkliliyini bildirirlər. Avropa Komissiyasının prezidenti Xose Manuel Barroso sentyabrın 11-də Helsinkidə Asiya və Avropa liderlərinin sammitində deyib ki, dünyanın təhlükəsizliyi üçün daha çox iş görülməlidir: «Biz hələlik çox iş görməliyik, təkcə təhlükəsizlik baxımından yox, həmçinin siyasi baxımdan. Yəni biz aydın göstərməliyik ki, dindən siyasi, dağıdıcı məqsədlərlə istifadə yolverilməzdir. Biz çoxtərəfli yolla bütün səylərimizi bizim cəmiyyətə və dəyərlərə qarşı yönəlmiş bu təhlükənin öhdəsindən gəlmək üçün birləşdirməliyik».


Avstraliyada isə baş nazir Con Hovard Birləşmiş Ştatların terrorla müharibəsini davam etdirməyə çağırıb: «Biz Birləşmiş Ştatların dostu və müttəfiqi kimi, həmçinin dünya vətəndaşı kimi terrorla döyüşün davam etdirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik».


Bazar günü isə İranın keçmiş prezidenti Məhəmməd Xatəmi Birləşmiş Ştatlardakı Harvard Universitetində çıxış edərək 11 sentyabr qurbanlarının xatirəsini yad edib.


«Bu barbar və vəhşi əməli pisləyən ilk xarici liderlərdən biri olmuşam. Bir insan kimi, bir müsəlman kimi və bir iranlı kimi sizin qarşınızda duraraq bir daha ölənlərin ailələrinə və bütün böyük Amerikaya başsağlığı verirəm. Arzulayaq ki, dünya zorakılıq və qəzəbə tuş gəlməsin». ABŞ hökuməti İranı terrora dəstək verən ölkə sayır.


XS
SM
MD
LG