Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:33

«Təmirdən sonra Şirvanşahlar Sarayı şadlıq evinə oxşayır»


İlin sonuna qədər Şirvanşahlar Sarayı ilə yanaşı Möminə Xatun məqbərəsi və Qudi Xatun türbəsi də bərpa olunacaq
İlin sonuna qədər Şirvanşahlar Sarayı ilə yanaşı Möminə Xatun məqbərəsi və Qudi Xatun türbəsi də bərpa olunacaq

Şəkidəki Xan Sarayının qapıları əsaslı bərpadan sonra ziyarətçilərin üzünə açıqdır. Bu tarixi abidə 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan «Azərbaycanın mədəni irsinin qorunması» layihəsi çərçivəsində bərpa olunub. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bu ilin sonuna qədər layihə çərçivəsində Bakıdakı Şirvanşahlar Saray Kompleksinin ikinci mərtəbəsi və divanxanası, Naxçıvandakı Möminə Xatun məqbərəsi və Qudi Xatun türbəsi də bərpa olunacaq.


Ancaq abidələrin bərpa prosesindən sonrakı vəziyyəti ziyarətçiləri və tarixçiləri həmişə razı salmır. Elə Şəki Xan Sarayına gələn qonaqların bir çoxu bərpanın çox yüksək səviyyəsindən təəccübləniblər. Onların fikrincə, sarayın divarlarındakı rəsmlərin parlaqlığı və canlılığı rəsmlərin tarixiliyini azaldır. Kompleksin bələdçisinin verdiyi məlumata görə, saraydakı tarixi naxışların 10 faizi restravrasiya olunub. Bələdçi onu da deyir ki, sarayın tikintisində mismardan istifadə edilməsə də, sonrakı bərpa işlərində bunsuz keçinmək mümkün olmayıb.


Mədəniyyət Nazirliyinin Mədəni İrs şöbəsinin müdiri Rizvan Bayramov isə bildirir ki, Şəki Xan Sarayında tarixiliyə hər hansı müdaxilə olunmayıb: «Tavanın taxtaları çürümüşdü, yeniləri ilə əvəz olundu, kirəmit təmir olunub, fasad, şəbəkələrin çürümüş hissələri dəyişdirilib bərpa olunub».


Şəki Xan Sarayında təmir işləri başa çatıb, 5 avqust 2006
Uzun müddət MDB ölkələrində tarixi abidələrin bərpası ilə məşğul olmuş bərpaçı rəssam Mirteymur isə Bakıda Şirvanşahlar Sarayı Kompleksində hazırda aparılan bərpa işlərindən narazıdır: «Burda bərpa adıyla çox vaxt abidələri «yevroremont» edirlər. Uzağa getməyək, təmirdən sonra Şirvanşahlar Sarayını şadlıq evinə oxşayır. Ya da götürək Gileyli məscidini. XIII əsr abidəsini təzə texnologiyalarla bərpa ediblər, az qalmışdı ki, malalasınlar. Baş memara, Bakı meriyasına müraciət etdim, yalnız bundan sonra malaları təmizlədilər. Ancaq o qədər abidələr var ki, bərpa adıyla ziyan vurulur».


Mədəniyyət Nazirliyinin şöbə rəisi Rizvan Bayramov yeni bərpa işlərində daha çox tarixiliyin qorunmasına çalışdıqlarını deyir: «Tənqid insaflı olmalıdır. Şirvanşahlar özü daşdan tikilib, daşlar görünməlidir. 30-60-cı illərdəki yazılar da qalıb. Abidə tam saxlanıb. Bəli ikinci mərtəbədə yenidənqurma işləri aparılır, bunu hamımız etiraf edirik».


Bakıdakı XV əsr abidəsi olan Şirvanşahlar Sarayının bir hissəsi bərpa olunsa da qonaqlar saraya buraxılır. Saraydan çıxanların narahatlıqları isə yenə qədimliyin qorunmamasıyla bağlıdır.


Mədəniyyət Nazirliyində 6000 dən artıq tarixi abidə qeydə alınıb. Nazirliyin şöbə rəisi Rizvan Bayramov deyir ki, abidələrin böyük hissəsi yaxşı vəziyyətdədir, bərpaya ehtiyacı olanlara isə yenidən baxılacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG