Avqustun 22-də Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev işğal olunmuş rayonların icra başçıları və mədəniyyət şöbələrinin iştirakı ilə müşavirə keçirib. Nazir bildirib ki, işğal olunmuş rayonların maddi mədəniyyət nümunələrini və tarixini özündə əks etdirən muzey yaradılacaq. «İşğal olunmuş rayonların tarixi, bugünkü vəziyyəti və işğal zamanı itirilmiş tarixi irsimizi özündə əks etdirən məlumatları cəmləşdirmək lazımdır. Bunun üçün «İstiqlal» muzeyinə müvafiq tapşırıq verilib. İnanıram ki, onlar bu işə məsuliyyətlə yanaşacaqlar». Nazir bildirib ki, işğal olunmuş rayonlar barədə muzey üçün gələcəkdə ayrıca bina tikiləcək.
Müşavirədə çıxış edən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, işğal olunmuş rayonların ərazilərində 1640 mədəniyyət obyekti olub, bu gün onların 542-si fəaliyyətdədir. 227 tarixi abidədən isə cəmi 15-i qalıb. Bunlarda Ağdam və Fizuli rayonları ərazisində yerləşir. 88 məsciddən cəmi biri fəaliyyət göstərir. İşğal olunmuş rayonlarda çalışan 4200 mədəniyyət işçisi qeydiyyatdadır, onların hazırda 600 nəfəri işləyir.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev onu da bildirdi ki, işğal altında olan rayonların mədəniyyət sahəsində işləyən adamların həm professionallıq səviyyəsinin artırılması, həm də maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət proqramı layihəsi hazırlanacaq.