Avqustun 21-dən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi «quş qripi» ilə bağlı respublika ərazisində birgə monitorinqə başlayıb. Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov «Azadlıq» radiosuna bildirib ki, bu həftənin sonuna qədər davam edəcək monitorinq əsasən köçəri quşların daha çox məskunlaşdığı milli parkların ərazilərində aparılacaq. Quşlardan götürülən qan nümunələrinin analizi ilə bağlı nəticələr qısa vaxt ərzində elan olunacaq.
Avqustun 4-dən Rusiyanın beş vilayətində «quş qripi» virusunun aşkarlanmasından sonra Azərbaycan-Rusiya sərhədində baytarlıq nəzarəti gücləndirilib. İsmayıl Həsənov deyir ki, Rusiyadan Azərbaycana quş əti gətirilməsə də ayrı-ayrı adamlar tərəfindən az miqdarda belə məhsulların gətirilməsi istisna edilmir. Bu baxımdan da hazırda tətbiq edilən güclü baytarlıq nəzarətinin məqsədi odur ki, belə halların qarşısı vaxtında alınsın. Azərbaycanın Türkiyə, Gürcüstan və İranla sərhədlərindəki keçid məntəqələrində də baytarlıq xidməti gücləndirilmiş iş rejimində işləyir.
Mütəxəssislər təxminən noyabr ayında Azərbaycana virusa yoluxmuş quşların köçünün gözlənildiyini bildirilər. Dövlət Baytarlıq Xidmətinin rəhbəri əmindir ki, ötən illə müqayisədə xüsusi avadanlıqlarla daha yaxşı təmin olunduqlarından ötənilki təhlükə bu il təkrarlanmayacaq.
Azad istehlakçılar Birliyi isə «quş qripi» ilə sərhədlərdə aparılan mübarizəni yüksək qiymətləndirsə də ölkə daxilində profilaktik tədbirlərin və əhalinin maarifləndirmə işinin yetərli olmadığını bəyan edir. Birliyin sədri Eyyub Hüseynova görə, indi də quş əti, yumurta və diri ev quşları baytarlıq nəzarətindən kənar satılması hallarına tez-tez rast gəlinir.
Dövlət orqanlarının başladığı monitorinq avqustun 25-nə kimi davam edəcək.