Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:27

700 bal toplayan abituriyentlər danışırlar


Foto: Arxiv
Foto: Arxiv

-

İyulun 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında 7 nəfər 700 bal toplayıb.

Modern.az həmin abituriyentlərlə danışıb.

I qrupa imtahan verən Fatimeyi Zəhra Nəbizadə «Dəyanət» türk liseyini bitirdiyini, həmçinin 3 il «Araz kursları»nda oxuduğunu bildirib:

«Sınaqlarda 700 bal toplaya bilmirdim. Amma 3 ildir qarşıma məqsəd qoymuşdum ki, 700 bal toplayacağam. İmtahan çətin olmadı. Hansı universiteti seçəcəyimə hələ qərar verməmişəm. Amma ixtisasım mexanika müəllimliyi olacaq. Xaricdə oxumağı düşünürəm, valideynlərimdən cavab gözləyirəm».

I qrupa imtahan verən Eltun İbrahimov Bakıda müəllim yanına fərdi hazırlığa getdiyini bildirir:

«Bir ildir hazırlaşırdım. Sınaqlarda 700 bal toplamamışam, amma bu nəticəni gözləyirdim».

700 bal toplamış abituriyent Nurlan Quluzadənin dediyinə görə, o, əvvəlcə 7 nömrəli məktəbdə, sonra «Zəkalar» liseyində oxuyub:

«Bu il də sınaqlarda 674-684 bal yığdım. Hansı ixtisası seçəcəyimlə bağlı hələ dəqiq fikrim yoxdur. Ümumiyyətlə, xaricdə təhsil almağı düşünürəm».

Ən yüksək nəticə göstərənlərdən biri Ağsu rayonundan olan Nicat Qasımovdur. Rayondakı 1 saylı məktəbi bitirən abituriyent həm də ayrı-ayrı fənlər üzrə repetitor yanına gedib:

«Amma ən çox məktəbdə hazırlaşmışam. TQDK-nın sınaq imtahanlarında 670-680 bal toplayırdım. «Araz kursları»nın sınaqlarında da yüksək bal yığırdım. Amma sınaqlarda 700 bal yığdığım olmayıb. Azərbaycanda müalicə işi fakültəsində təhsil almaq istəyirəm. Eyni zamanda xaricdə təhsilimi davam etdirmək istəyirəm».

I QRUPDAN 5 NƏFƏR, IV QRUPDAN 2 NƏFƏR

700 bal toplayanlardan biri də IV qrupa imtahan verən Ağdam rayon sakini İlkin Məmmədzadədir. O, Ağdamda orta məktəbi bitirib, abituriyent kimi 3 il də hazırlaşıb:

«Özümə güvənirdim, çox çalışırdım. İxtisas seçiminə gəldikdə, Tibb Universitetinin müalicə fakültəsini seçəcəyəm».

I qrupda 700 bal toplayan Dədə Qorqud Özəl Türk Liseyinin məzunu Məmməd Hacılı iki il hazırlığa gedib:

«Sınaqlarda 680-700 bal toplayırdım. Belə bir nəticəni gözləyirdim. İxtisas seçimində Bakı Ali Neft Məktəbi və yaxud da Qafqaz Universitetini yazmağı düşünürəm».

I qrupa imtahan verən Könül Qurbanlı iki il «Araz kurslar»ında hazırlıq keçib:

«Sonuncu sınaq imtahanında 690 bal topladım. Qəbul imtahanı mənim üçün asan oldu. İxtisas seçimində Azərbaycan Diplomatik Akademiyasını və yaxud Bakı Ali Neft Məktəbini qeyd edəcəyəm».

I və IV ixtisas qruplarına bu il 28 min 962 abituriyent sənəd verib.

700 bal toplayanlardan 5 nəfəri 1-ci, 2 nəfəri isə 4-cü ixtisas qrupu üzrə imtahan verənlərdir.

İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

XS
SM
MD
LG