Siemens bir vaxtlar burda idi, amma indi yoxdur. Özü indi olmasa da xeyli izləri və əhvalatları qalıb. Abbas Atilay Gədəbəydə Siemens-lə bağlı bu izləri tapıb çəkib.
Siemenslərdən qalma «Qanlı körpü»
1
Siemens qardaşlarının izi ən parlaq olan bölgələrdən biri, bəlkə də birincisi Gədəbəydir. XIX əsrin ortalarında - 1855-1856-cı illərdə Gədəbəydə mis filizi yataqları kəşf edildikdən sonra yerli sahibkarlar tərəfindən zavod tikilir. 1865-ci ildə həmin zavod alman sahibkar Fon Siemens tərəfindən alınaraq istifadə edilir. Siemens-in o gündən gözəl Gədəbəy dağlarına izi düşür.
2
Həmin ərəfədə yolların əlverişsizliyindən Siemens şirkəti ilk dəfə Cənubi Qafqazda uzunluğu 28km olan və Gədəbəy – Qalakənd arasında fəaliyyət göstərən dəmir yolu çəkdirir. Dörd lokomotiv və 33 vaqonun hərəkət edəcəyi dəmir yolu üçün əlavə olaraq daş körpülər salınır. Körpülərin sayı relyefə uyğun olaraq artırılır. Qısa zamanda kiçik bir ərazidə körpü sayı yeddiyə çatır.
3
Hazırda irili-xırdalı, təqribən 6-7 körpünün bəziləri sap-sağlam ayaq üstdə dayanır. Bəziləri isə artıq çökmək ərəfəsindədir. Bu körpülər arasında xüsusi seçiləni, el arasında «Qanlı Körpü» adlananıdır. Yeddi tağlı körpünün adının «qanlı» olması, deyilənə görə, bir bədbəxt hadisədən götürülüb. Belə ki, mədəndən fəhlələrlə dolu qatar qayıdarkən bu körpünün üstündən aşıb və fəhlələrin hamısı vəfat edib. «Qanlı Körpü» bu hadisəyə xatırlamadır.
4
Körpü üzərində gəzərkən həmin dövrdən qalma əridilmiş metal qırıntılarına rast gəlmək olur. 150 ilə yaxın yaşı olan bu tarixi abidələrin varlığından sadəcə yaxın kənd sakinlərinin xəbəri var. Onlar da adətən bu ərazidə mal-qaralarını, qoyun-quzularını otardıqları üçün.