Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 14:48

Ağzını tikən qazaxlı iş adamı bu dəfə rayon mərkəzində aksiya keçirib


Elşad Məmmədov qohumları ilə birgə etiraz aksiyası keçirir
Elşad Məmmədov qohumları ilə birgə etiraz aksiyası keçirir
-
İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazaxlı iş adamı Elşad Məmmədov mayın 19-da yaxınları ilə birgə rayondakı parkda aksiya keçirib. Bu barədə AzadlıqRadiosuna sahibkar özü məlumat verib.

“Mənim üzləşdiyim problemə heç kim reaksiya vermir, məhkəmələr işi süründürür. Ona görə də bu gün qohumlarımla birgə parkda aksiya keçirdik, icra başçısı ilə görüşmək isdədiyimizi bildirdik. Amma polislər icra başçısının yerində olmadığını və görüşün saat 16:00-da baş tutacağını deyib, bizi ərazidən uzaqlaşdırmağa çalışdılar. Buna baxmayaraq icra hakimiyyətinə getdik və məlum oldu ki, başçı yerindədir. O bizi qəbul etdi. Üzləşdiyim problemi prezidentə çatdıracağını dedi. Biz də inandıq və ərazini tərk etdik. Bir həftə də gözləyəcəm görək nə olur. Artıq dözə bilmirəm. Bakıda dəfələrlə hədələndiyimdən Qazaxa köçüb kirayədə yaşayıram. Kirayə pulunu verə bilmədiyim üçün evin sahibi də mənə bir həftə vaxt verib. Ordan da çıxsam uşaqlarımla küçələrdə yaşamalı olacam. Mən bunu istəmirəm, artıq bezmişəm, yaşaya bilmirəm”.

Sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək, etiraz aksiyasına başlayıb. Bundan əvvəl o, prezidentə video ilə müraciət edərək, ondan kömək istəyib.

Elşad Məmmədovun dediyinə görə, o iki il yarım bundan əvvəl İbrahim İbrahimovun sahibi olduğu “Avesta” Konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.

“NƏ EVİMİ VERİRLƏR, NƏ PULUMU”

Elşad Məmmədov
Elşad Məmmədov
“Ev alqı-satqısı hamısı sənədlərlə həll olunub. Evi birbaşa şirkətin özündən almışam. İndi məni ittiham edirlər ki, güya “Avesta” şirkəti üçün hansısa iş görürmüşəm və o işi yarımçıq saxlamışam və ona görə də evləri əlimdən alıblar. Bunlar hamısı yalandır. Aldığım mənzillə bağlı bütün sənədlər qanunauyğun olub. Ödədiyim pulla bağlı məndə kassa-mədaxil qəbzləri var. Mənin aldığım evi xəbərim olmadan dələduzluq yolu ilə Vüqar Şikarova satıblar. Mən İbrahim İbrahimli ilə görüşüb evimin məndən xəbərsiz satılmasına aydınlıq gətirdim. Mənim bu tələbim onun xoşuna gəlmədi və dedi ki, ümumiyyətlə o biri evin də mənim adıma olan sənədlərini ləğv etdirir. O vaxtdan 2 il 4 ay keçib nə evimi geri ala bilirəm, nə də ödədiyim pulu”.

Elşad Məmmədov bütün məhkəmə instansiyalarını keçib. Mayın 16-da məsələ Ali Məhkəmənin plenumuna çıxarılıb və məsələyə növbəti plenumda baxılacağı barədə qərar çıxarılıb.

“Avesta” Konserninin prezidenti İbrahim İbrahimov ötən il Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə və Nərimanov rayon Prokurorluğuna bir neçə işçisi və Elşad Məmmədov barəsində cinayət işi başlanması üçün müraciət edib. Bildirib ki, “Avesta” Konserni tərəfindən tikilməkdə olan “Xəzər adaları” kompleksinin ərazisində inşa edilən “Skat” restoranında bəzi inşaat işlərinin görülməsi üçün bir şəxslə müqavilə bağlayıb.

Müqavilənin şərtinə əsasən, həmin şəxs “Xəzər adaları” kompleksinin ərazisində inşa edilən “Skat” restoranının vitraj və pəncərə sisteminin qurulması işini görməli olub. Şirkət isə gördüyü işin əvəzinə ona Nəsimi rayonu ərazisində inşa etdiyi yaşayış binasından iki mənzil verməyi öz öhdəsinə götürüb. Həmin şəxs şirkətin işlərini görməyib. Mənzilləri isə Elşad Məmmədovun və Vüqar Fiqanov adlı şəxsin adlarına rəsmiləşdirib.

“BEZMİŞƏM, YAŞAYA BİLMİRƏM”

Sahibkar bu deyilənlərin doğru olmadığını bildirir. Deyir ki, o, evi hansısa fərddən deyil, şirkətin özündən alıb.

“O tikinti şirkəti ilə uzun müddətdən bəri işləyən Orxan Sadıqov mənə dedi ki, iki mənzil var. Biz mənzillərə baxandan sonra metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən “Avesta” şirkətinə getmişik. Şöbə müdiri Züli İsgəndərovla danışmışıq. Sənədlər hazırlanıb. Alqı-satqı məsələsi gələndə onlar mənə yalnız maliyyə arayışı təqdim etdilər. Razılaşmadım, onlardan ödədiyim pulun kassa-mədaxil qəbzini istədim. Vermədilər, mən də imtina etdim. Sonra qəbz verməyə razılaşdılar. Yəni o mənzilləri mənə Orxan Sadıqov göstərsə də, mənzili tikinti şirkətindən almışam. İndi “Avesta” şirkətinin rəhbərini, gücləri çatmırsa şöbə müdrini cəzalandırsınlar. Nə məsələdir hamı bunlardan qorxur. Aidiyyatı qurumlara 1000-dən çox telerqam vurmuşam, rəsmi müraciətlər göndərmişəm. Heç kim baxmır. Bezmişəm, yaşaya bilmirəm...”

“XƏBƏRİMİZ VAR, AMMA...”

“Avesta” şirkətinin satış şöbəsindən AzadlıqRadiosuna məsələdən xəbərdar olduqlarının deyiblər.

“Bizm o məsələdən xəbərimiz var. O, şəxs bir neçə dəfə belə aksiyalar keçirib. Amma bir söz deyə bilmərik”.
XS
SM
MD
LG