Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Bəxtiyar Hidayətin 20-liyə düşməyən hekayəsi


Bəxtiyar Hidayət
Bəxtiyar Hidayət
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Bəxtiyar Hidayət


NAYOMNİKLƏR BARƏDƏ SÖHBƏT



Mahmud kişi ha çalışdı ki bu ilin borcu gələn ilə qalmasın, xeyri olmadı. Onun nəzərində əgər bu ilin bircə qəpik borcu da gələn ilə qalırdısa demək gələn ili bütünlüklə borc içində keçirəsi olacaqdı.

Özünün dediyinə görə çox sınamışdı belə şeyləri . İndi bu il də gözləmədiyi halda yeni il qabağı düşdü bu zibilə.

“Allah ermənilərə lənət eləsin. Köpəyuşağı. Qızılhacılı qəbristanlığını bizim hərbçilərdən necə də yayınıb dağıtdılar. Özgə vaxt da deyirlər ordumuz ağzınnan göydə quş tutur. Bəs hanı? Indi ölü yiyələri dövlətdən kömək istəyir, dövlət də qəbir daşı sexlərindən. Zalım uşağı heç olmasa materialınsa pulunu vermədi. Düşdük biz də borca. Neynəyək, ayrı harda iş tapasıyıq? Gör ee, camaat erməninin səbəbinə də pul qazanır. Ölünün səbəbinə də pul qazanır. Erməni qəbristanlığı dağıdır. İcra da bizə vaxt qoyur ki hər sex bir həftəyə on qara mərmər daş hazırlamalıdı. Görüm sənin heç meyidin tapılmasın ki üstünə baş daşı qoyula. Dövlətin büdcəsimi yoxdu? Niyə yoxdu- indi büdcədən gör nə qədər pul siləcəklər qəbristanlığı abad eləmək adı ilə. Allah sizi yox eləsin ay ermənilər. Kafir köpəkuşağı.”

Mahmud kişi bu düşüncələrdən ayrılıb son ümidə əl atmaq qərarına gəldi. Onların kəndindən ermənilərin Lələkəndinə gedən qaz turbası karına gələ bilərdi. Sovetin vaxtında çəkilən bu qaz turbalarını İcra başçısı çıxartdırıb satdırmışdı. Əla hamam qızdırıcısı olurdu bu turbalardan. Əsl rus malı idi bu turbalar. Eşşəkölən adlı yerdə sel yolu yuyub aparmış və bu turba üzə çıxmışdı. Amma bu yer lap erməninin ovcunun içində idi.

Amma Mahmud kişi də Mahmud kişiydi haa. Imkan verməməliydi bu ilin borcu qalsın gələn ilə. Hələ kiminlə bu il davası vardısa onu da gələn ilə qoymazdı Mahmud kişi. Ötən il uşaqlarını (ini hər ikisi Rusiyyətdə idi) başına yığıb demişdi- mən razı ola bilmərəm ki bu ilin davası gələn ilə qalsın. Gedək Kəlləqaruşağı ilə haqq-hesabı çəkək.

- Ay ata , bu bayram günündə bizi xataya salma. Xalx bayram keçirir.

- Ay mənnən olub mənə oxşamayanlar. Kəlləqar oğlu Məhətin çəpərin dibindəki cöyüzünün yarpaqları bizim həyəti zibillyir, siz də dözürsünüz? Mərət qalmışını kəsdirsin . Elə bu axşam kəsdirməlidi vəssalam.
Onda uşaqlar birtəhər onu fikrindən daşındırmışdılar.
Indi uşaqlar da yoxdu ki onu bu fikrindən daşındıraydı. Arvad da kimdi ki ona bir söz deyəydi.

***

Əgər turbanı kəsə bilsə gərək xizək düzəldib turbanı da xizəyə bağlayıb qoşaydı eşşəyə. Buna görə də eşşəyi yaxşı-yaxşı xamıtladı. Dəmirkəsənə beş –altı ağız da götürdü. Bilirdi ki bu çətin işi axşama həmən çatdırar. Indi günün ömrümü vardı ki? Icra başçısına da o ki var söydü. Bəs nə, hər şeyə o səbəb olmuşdu. Rayon mərkəzindəki erməni qəbristanlığını buldozerin qabağına verdirmişdi. Daha sonra da burda torpağı od qiymətinə satmışdı. Ermənilər də bunu acığına gəlib Qızılhacılı qəbristanlığını dağıtmışdı. Indi də İcra başçısı qəbir daşı sexlərini yükləmişdi ki, hərəniz 10 mərmər daş düzəldəcəksiniz. Mahmud kişi də qəbir daşı sexində işləyirdi və 2 aylıq maaşı beləcə əldən getmişdi.

Eşşəyin toqqasını bərkitdiyi kimi özünün də toqqasının altını bərkitməliydi. Orda əsgərlərə rast gələcəyi ehtimalına söykənib iki-üç adamlıq yemək tədarük elədi. Bir tut arağı da götürdü. Kəndin çıxacağındakı budkadan da kolbasa götürəcəkdi.
Beləliklə yola düzəldi Mahmud kişi.

Yaxşı ki əsgərlərdən onu görən olmadı. Hələ meşə işçiləri də gözə dəymirdi. Yalnız postun yaxınlığından keçəndə itlər bir-iki ağız tənbəl-tənbəl hürdülər. Fikirləşdi ki xalqımız itlərə minnətdar olmalıdı. Biz torpaqları əsgərlərə etibar etdiyimiz kimi onlar da itlərə etibar eləyib yatışıralar.

Eşşəyi uçuğun kənarında bir vələsə bağlayıb uçuğa düşdü Mahmud kişi. Və burdan turbanı necə çıxaracağını fikirləşməmiş başqa bir məsələ çıxdı ortaya. Turbanın bir tərəfi kəsilmişdi. Əcəba bu kimin işi ola bilərdi. Hərbçilər etmişsə, bəs niyə elə bircə sapoq izi var bu uçuqda. Dayan, dayan-iz ki erməni tərəfdən gəlir. Yoox bu turbanı erməni tərəfə aparmaq lap təhlükəlidi. Indi üç metr turbadan ötrü hansı erməni özünü ölümə verər. Hələ rahatca əsir də götürmək olar onu. Bu yəqın Çaxmaqlıdan kiminsə işidi. Əşi, cəhənnəmə olsun. Keçən ili iki toğlumu aparıb köpəkuşağı. Yəqin görüb ki turbanı kəssə də çıxara biməyəcək. Işi dayandırıb əkilib buralardan. Qoy bir az gözləyim. Nəfəsimi dərim , başlayım işə. Andır eşşək bircə anqırmayaydı. Noolaydı bu turbanı kəsən elə Çaxmaqlı baytar Oktay olaydı. It oğluna yalvarmaqdan öldüm ki, gəl üzülmüş eşşəyi axtala. Ha bu gün, ha sabah.

Mahmud kişi bir siqaret yandırıb torpağa dirsəkləndi. Iki-üç tüstü vurmuşdu ki:
-Barev axber -səsinə bayıldı.

Özünə gələndə köhnə tanışını tanıdı. Bu Lələkəndli kor Qəmsər idi.

-Ara, Mahmudcan, sən ki belə qorxaq deyildin. Lap öldün ki.

-Sizinkilərə əsir düşmək elə ölümdən də pisdi, a Qəmsər. Ölməyə nə var ki.

-Ara hamsını eləyən o daşnak kopolulardı. Ara vallah mən özüm də qorxdum. Ela bildim sizinkilərin tələsinə düşmüşəm. Ela nə sizin vayennilər nə də bizim vayennilər vayenni döyül Mahmudcan. Üç gündü gəlb-gedirəm xabarları yoxdu. Bizimkilər ela lap pöis gündədilər. Kimin imkanı yoxdu uşağını basıplar buraya.

-Elə bizimkilər də o gündədi.

-Allah Qarbaçovun başına bir kubik salsın.

-Salsın a Qəmsər, salsın.

-Sən də turbaya görəmi gəlipsən?

-Həə ...

Mahmud kişi bir istədi cığallıq eləsin ki turba bizim ərazidədi. Ona görə də turba mənimdi.

Amma Kor Qəmsərin yalvarışları onu rəhmə gətirdi:

-Ara, Mahmud, umudum bu turbayadı. Satıb biletpulunun üstünü düzəldib gedəsiyəm bu xarabadan.

-Yaxşı turba olsun sənin. Bir danış görüm Cema necədi, Anuş necədi.

***

Bir xeyli söhbət elədilər. Sən demə Cema indi deputatmış. Mahmud kişi dedi:
-Zənnim məni aldatmaz. Depdatların Vilnus görüşünə baxanda dedim aya bu bizim Cemadı. Sənin ki kəndçındi. İndi bildiyimə görə sizdə də zemlyak söhbəti gedir.

-Ara, qarabağ erməniləridi belə şeyləri salanlar. Bizdə hardadı zemlyak söhbəti

Mahmud kişi süfrə açdı. Kor Qəmsərin söhbətindən belə məlum oldu ki onlarda da aclıqdı. Kəndlər boşalıb. Daşnaklar onlara göz verib-işıq vermir. Mahmud kişi də bir xeyli öz hökumətinin əleyhinə döşədi. Cemanın da sağlığını qeyd etməklə arağı tez-tələsik öldürdülər. Mahmud kişi getməyə hazırlaşdı:

-Yaxşı, mən getdim. Sənə də yaxşı yol.

-Ara bir dayan görüm. Sənnən bir şey soruşacam.

-Tez elə görüm. Görən eləyən olar. Zibilə döşərik.

-O sizinkilərin Lələkəndə basqını yadındadı?

-Həə. Qardaşım oğlu da orda olub.

-Ara yalan danışma. Sizdə elə qoçax oğlanlar varsa bizə Qarabağmı verərdiniz? Onlar əfqan-zad oluplar. Bir polka cavap verdilər o uşaqlar. Kömək gəlsəydi İcevanı da tutardılar. Nastayaşi nayomniklər idi o uşaqlar.

-Sən nə danışırsan. Bəzisi elə bizim Qazax uşaqları idilər. Bəzisi də qıraq rayonlardan. Deyirəım qardaşım oğlu da orda olub.

-Kərəminmi, Əhmədinmi?

-Kərəmin.

-Hansı oğlu?

-Böyüyü.

-Nadirmi?

-Həə.

-Deyirəm axı oxşatmışdım

-Sən neynirdin oralarda?

-Onda bizim idarəyə yığmışdılar meyidləri. Hamsı özünü qranatnan partlatdöğına görə meyidlərin sir-sifəti tanınmırdı. Biz elə bildik sizin nayomniklərdi. Məssəb haqqı o 27 adam kimi 27-si də köməyə gəlsə bizi göyə götürmüşdülər çoxdan.
-Bə elə bil onları doğramışdilar mişarnan.

-Nə mişar? “Drujbaynan” doğramışdı meyidləri daşnakların böyüyü İlyas kopolu. Onun oğlunu da öldürmüşdülər sizinkilər. Hələ onda İlyası elə oğlunun ölümü qurtardı zibildən. Yoxsa çəkiliş gəlmişdi ki dünyaya göstərsinlər Azərbaycan afqaneçləri nayomnik kimi gətirib öz vayennisinə. O metidləri İlyas doğramasa afqaneçlər kimi dünyaya göstərəsiydi bizimkilər. Ilyasın oğlu ölməsə anasını ağladardılar.
Mahmud kişi kövrəlmiş:

-Bə Nadiri necə oxşatmışdın?

-O deyəsən bizim güllədən ölmüşdü. Sir-sifəti salamat idi. Dedim ara bu Nadirdi, ya yox.. Yaxşı , sizin ki elə oğullarınız var, Qarabağı niyə bizə verirsiniz?

-Bizdə elə oğullar çoxdu ee, lap çox. Bizdə bir başbilən dədə yoxdu, dədə. Sizin də dədəniz çoxdu. Ona görə udursunuz bizi.

-Ara yaman dedin haa.

Elə bu vaxt anqırışma səsi aləmi götürdü. Səsdən belə məlum oldu ki eşşəklərin hə ikisi ipi qırıb sərhəddə imsiləşir, soncuqlaşırlar.
Mahmud:

-Sənin eşşəyin qancıqdımı?

-Həə.

-Onda mənim mərətim əl çəkən döy. Bircə vayennilər işə qarışmaya.
-Məssəb haqqı heç eşşək mənim özümün də deyil. Qonşudan almışam.
Özümünkünü satmışam.

-Onsuz da biz üzə çıxası deyilik. Eşşəklər də ha tərəfə keçər keçər.
Amma bu vaxt dalbadal iki mina açıldı. Hər iki eşşək minaya düşmüşdü.

Mahmud kişi də , Kor Qəmsər də az qaldılar ki ağlayalar. Indi aradan elə çıxmaq lazım idi ki nə diş biləydi nə dodaq.
Hər ikisi sürünə-sürünə öz tərəflərinə getdilər. Möhkəm atışma başladı.

Bayaqdan bu ərazini marıtlayan ac canavar üçün əsl bayram idi. Hər iki tərəfin itlərinin də, əsgərlərinin də başı qarışmışdı. Amma o da bir qismət yeməyi ölümlə üz-üzə yeməli idi. Elə bu iki xalq da güllə altında yiyirdilər bir qismət çörəklərini.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG