Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Naxçıvan cəbhəçisi ölümlə hədələndiyini deyir...


Zeynal Bağırzadə
Zeynal Bağırzadə
-
AXCP Naxçıvan şöbəsinin fəalı Zeynal Bağırzadə naməlum şəxslərin onu hədələdiyini deyir.

Bu haqda AzadlıqRadiosuna cəbhəçi fəalın özü məlumat verib. Zeynal Bağırzadənin sözlərinə görə, hədələnməsinə səbəb bir qrup fermerlə birlikdə yaşadığı Nehrəm kəndindəki su qıtlığına etiraz etməsi olub:

«Aprelin 30-da Babək rayonundan kəndə gəlirdim. Kəndin girəcəyində 3 nəfər tanımadığım adam qarşımı kəsib, məni hədələməyə başladı. Dedilər ki, həbsdə yatdın ağıllanmadın, yenə başlamısınız camaatı ayağa qaldırmağa? Məni hədələdilər ki, əgər bir də belə olsa, öldürərik səni. Bir gün sonra kəndin icra nümayəndəsi məni çağırdı, dedi ki, hədələnməyin təsadüfi hadisədir, bizimlə əlaqəsi yoxdur. Bildirdi ki, hədələnməyimlə bağlı heç kimə heç nə deməyim».

«CAMAATI ÜZƏRİMİZƏ QALDIRMAQ İSTƏYİRLƏR»

Zeynal Bağırzadə deyir ki, hədələnməsindən bir neçə gün öncə əkin sahələrindəki su qıtlığına görə icra nümayəndəliyində və digər aidiyyəti orqanlarda olublar:

«Müxalifətçi ailəsi olduğumuza görə bizim əkin sahəsi olan istiqamətə su vermirlər. Bizim cəmi 15 hektar əkinimiz var. Ancaq bizə görə 300 hektar əkin susuz qalıb. Bu yolla camaatı üzərimizə qaldırmaq istəyirlər. Zəmilərə indiyə kimi bir xortum da su girməyib. Bizim yerimiz qumsaldır deyə, tez-tez su verməliyik. Bizim tələbimiz əsasən icra nümayəndəsindəndir. Hesab edirəm ki, mənə olan təzyiqdə icra nümayəndəsinin də əli var. Su verməməkdə məqsədləri bizə təzyiq etməkdir. Yoxsa maraqları nədir ki, hamıya su versinlər, bizdən başqa? Camaata göz dağı verirlər ki, bax, müxalifətçilərin aqibəti belə olur. Onlara su da vermirik».

«YALAN DEYİR»

Babək rayon Nehrəm kənd icra nümayəndəsi Təvəkkül Ələkbərov isə onun haqqında səslənən ittihamları rədd etdi:

«Yalan deyir. Belə bir şey olmayıb».

Babək rayon Polis Şöbəsindən isə bildirdilər ki, Zeynal Bağırzadə hədələnməsi ilə bağlı onlara müraciət etsə, araşdırıb lazımi tədbirləri görəcəklər.

2012-ci ildə Naxçıvan şəhər məhkəməsi Zeynal Bağırzadə haqqında 7 il 6 ay həbs qərarı çıxarmışdı. Sonradan Apelyasiya Məhkəməsi onun cəzasını şərti cəza ilə əvəzləmişdi.

O, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, saxta sənədlərdən istifadə etmə və dələduzluq yolu ilə külli miqdarda ziyan vurmada ittiham olunurdu. Zeynal Bağırzadə və təmsil olunduğu partiya bu ittihamı siyasi sifarişli sayırdı.
XS
SM
MD
LG